Lavrovun Bakıya səfəri təəccüb doğurdu - Şərh

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun regiona səfərlərinin yekunu, qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü fonunda Dağlıq Qarabağ məsələsi ətrafındakı hazırkı hərəkətlənmə və bunun perspektivləri ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Rusiya XİN diplomatının Bakıya, daha sonrasında isə İrəvana səfəri və orada səsləndirdiyi bəyanatlar nəyə işarə edir: Rusiya Dağlıq Qarabağ probleminin həllində doğrudanmı maraqlıdır?

- Ümumiyyətlə, real danışıqlar mövcud deyil. Yəni verilən açıqlamaları bundan öncəki səfərlərdə də eşitmişik, sadəcə, sözlərin konfiqurasiyası dəyişir, ortada olmayan məfhumlar ifadə olunur. İndi də Lavrovun regiona səfəri göstərdi ki, danışıqlar prosesi yoxdur, sadəcə, hansısa “siyasi fəallıq” nümayiş olunur. Bu “siyasi fəallıq” isə imitasiya xarakteri daşıyır. Fikir verin, əslində konfliktin çözülməsindən söhbət gedirsə, onda orada heç bir irəliləyişin olması da mümkün deyil. Çünki onların təbirincə, bu, danışıqların imitasiyasına ziddir. Bir müddət öncə mətbuatda Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin olduğu və onların böyük hissəsinin Rusiya Xarici İşlər Nazirliyində cəmləşdiyi açıq dilə gətirildi. Təəccüblü hal ondan ibarətdir ki, bu tənqidlərdən sonra Lavrov Azərbaycana gələrək əleyhimizə müxtəlif bəyanatlar verdi. İkinci təəccüb doğuran fakt odur ki, bu insan açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini şübhə altına qoydu. Onun səfəri ərəfəsində ərazi bütövlüyü prinsipini dəstəkləyən bir bəyanat belə verməməsi bunu deməyə əsas verir. Ümumiyyətlə, Lavrovun Bakıya səfəri və səsləndirdiyi bəyanatlar çox təəssüf doğurur.

- Tofiq müəllim, Lavrov İrəvanda prezidentlərin Cenevrə görüşünün nəticələri ilə bağlı pozitiv çıxışını xatırlatsa da, problemin həllinin çətin olduğunu və danışıqların tez bir zamanda başa çatmasının mümkün olmadığını bildirdi. Ümumiyyətlə, rusiyalı diplomatın bu səfərlərindən hansısa yekun nəticəyə gəlmək mümkündürmü?

- Prezidentlərin görüşlərinin hansısa nəticə verməsi üçün ilk növbədə real danışqlar prosesi olmalıdır. Danışıqlar prosesində tərəflər hansı çərçivədə nəticəyə gəlmək istədiklərini bəyan etməlidirlər. Azərbaycan və Ermənistan tərəfindən isə belə bəyanatlar mövcuddur. İndi vasitəçilərin bu və ya digər bəyanatdan sonra öz mövqelərini ortaya qoymalıdırlar. 25 ildir b vasitəçilərin heç bir mövqeyi yoxdur. Sadəcə, tərəfləri ortaq bir məxrəcə gətirmək istəyirlər. Biz beynəlxalq təşkilatlara, ələlxüsus da ATƏT-ə müraciət edəndə məqsədimiz ondan ibarət idi ki, beynəlxalq təşkilatlar xüsusilə prinsiplərə öz vasitəçiliklərini həyata keçirəcəklər. Ancaq belə təəssürat yaranıb ki, ATƏT-in heç bir prinsipi mövcud deyil və bu prinsiplər üzərində onların fəaliyyəti demək olar ki, qurulmur. Hətta həmsədr dövlətlər bu prinsipləri müdafiə etmək və bu prosesdə onların əsasında hansısa nəticəyə nail olmaq niyyətində belə deyillər. Təəssüflər olsun ki, indiki vəziyyət bundan ibarətdir. Ümumiyyətlə, hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər və onlar bu sülh prosesində Rusiyanın vasitəçiliyini monopol şəkildə mənimsəyiblər.

- Soçi görüşünün yekunundan yeganə ümidverici məqam Türkiyənin sülh prosesinə qatılması idi. Həmin ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının Qarabağ məsələsinin həllində ümidsiz olduğunu dilə gətirdi. Bu açıqlamadan gəldiyiniz qənaət maraqlıdır...

- Təəssüflər olsun ki, səfər ərəfəsində Lavrov Bakıda, xüsusən də Türkiyənin prosesdəki yeni rolu fonunda ona yaradılan tribunadan ermənipərəsət bəyanatlar üçün istifadə etdi. Birincisi, Türkiyə özəlliklə də Naxçıvanın timsalında konfliktin siyasi və hərbi fəal oyunçusdur. Çünki bu bölgənin təminatı ilə bağlı Türkiyənin öhdəlikləri var. Bu baxımdan iki ölkə arasında müharibə baş versə, deməli, Rusiya birbaşa proseslərə müdaxilə edəcək. Çünki ermənilər daim ruslardan bu bərpa olunan hərbi əməliyyatlara müdaxilə etməyi tələb edirlər. Əgər bu hal baş versə, ən azı Naxçıvan üçün təhlükə yaransa, Türkiyə də istər-istəməz proseslərin aktiv iştirakçısı olacaq - müharibənin isə baş vermə ehtimalı çox böyükdür, çünki danışıqlar heç bir nəticə vermir. İndiki mərhələdə bəllidir ki, Türkiyə sülh prosesinin iştirakçısıdır. Ərdoğan-Putin görüşü göstərdi ki, artıq siyasətçilər Türkiyənin bu yeni rolunu dərk edirlər və kimlərinsə xoşuna gəlsə də, gəlməsə də, sülh prosesində bu rol nəzərə alınmalıdır. Hesab edirəm ki, gec-tez Lavrovun daim müdafiə etdiyi indiki monopoliya qurtaracaq. Ya gərək bölgədə təhlükəsizlik yaratmaq üçün konsensus əldə olunsun və bütün tərəflər bundan razı qalsın, ya da proseslərin mənfi gedişatı qaçılmazdır.

 

0.12851595878601