Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
Bəzilərinin belə təfəkkürə malik olması təəssüf doğurur
Həmişə hədsiz tərifin, yersiz mükafatın əleyhinə olmuşam, indi də əleyhinəyəm. Əvvəla, tərif Bir Olan YARADANa, ALLAHa məxsusdur! İkincisi də 30 ilə yaxındır torpaqlarının 20 faizi erməni işğalı altında qalan dövlətin məmurlarının təriflənməsini, hətta onlara orden, medallar verilməsini, fəxri adlarla mükafatlandırılmasını normal hal saymıram. Çünki bu, kənardan çox əcayib və gülünc görünür. Yeri gəlmişkən, qeyd edim ki, Çin hərbi-siyasi xadimi, Qomindan rejiminin başçısı, marşal, generalissimus Çan Kayşinin mükafat haqqında belə bir ifadəsi var: “Orden-medal, mükafat tənəzzülün əlamətidir”. Əslində, bu sitat o zaman deyilsə də, bu prosesin ümumi mahiyyətini ortaya qoyur. Eyni zamanda, tərif həddini aşanda, mükafatın ünvanı səhv düşəndə, əziz oxucular, bu hərəkət uduzan komandanın özünü qalib göstərməsi kimi, çox gülünc hərəkət təsiri bağışlayır, lazımı effekti vermir.
Əlbəttə, ümumi götürdükdə, fəxri adların, orden – medalların, mükafatların verilməsi dünya təcrübəsində də var, bunu hər kəsin etməsi lazımdır, amma bu sahədə əndazəni aşmaq heç yaxşı hal deyil. Əndazə o zaman aşılır ki, mükafatların verilməsi siyahısını hazırlayıb imzalanmaq üçün cənab Prezidentin masaının üzərinə qoyanlar mükafata layiq olanların yalnız bir hissəsini siyahıya daxil edib, əksəriyyətini kənarda saxlayırlar, onların yerinə mükafata layiq olmayan, özlərinin qohum-əqrabasını, dost-tanışını daxil edirlər. Bu isə, pis haldır. İnsanlar arasında qarşıdurma yaradan, onları hökumətdən və ölkə Prezidentindən narazı salan bu cür halları törədənlər, unudurlar ki, yanlış hərəkətlərilə, ilk növbədə onlara etimad göstərib, vəzifəyə təyin edən ölkə Prezidentinə humanistliyinə, ədalətli idarəçilik prinsiplərinə qarşı getmiş olurlar! Onlar hələ də normal düşünə bilmürlər ki, tərtib etdikləri qüsurlu mükafat siyahılarının altında cənab Prezidentin imzasıdır!
Qeyd etdiyim bu cür qüsurlar həmişə olub, bu gün də var, nə qədər acınacaqlı olsa da getdikcə azalmaq əvəzinə çoxalır. İctimaiyyət və media isə bu qüsurları çox yaxşı görür, lazım gəldikcə, tənqid edir, bu cür halların baş verməsinin dövlət üçün təhlükəli olduğunu məmurlara xatırlatmağı vacib hesab edir. Lakin bu tənqid və xatırlatmaların göstərdiyimiz sahədə baş verən qüsurların və nöqsanların aradan qalxmasına təsir göstərə bilməməsini isə, tamamilə başqa bir yazının mövzusu hesab edirəm. Çünki yazdıqlarımız təkcə bu gün üçün deyil, həm də tarix və gələcək üçün çox vacib olan məsələdir. Yaxşı olar ki, qeyd etdiyimiz nöqsanların aradan qalxması üçün məlum kreslo sahibləri tədbir görsünlər, əks təqdirdə, onların üzərinə ciddi məsuliyyət düşür və bu, heç də sadə məsələ deyil.
Əziz oxucular, bilirsiniz ki, cənab Prezident çox sayda müxtəlif peşə sahiblərinin, millət vəkillərinin, media nümayəndələrinin “Azərbaycan Xalq Cumhuriyyəti – 100” yubley medalı ilə təltif edib. Bu, çox təqdirəlayiq haldir və təltif edilmiş haqqı olan hər kəsi təbrik edirəm! Bununla yanaşı, təltif edilənlər arasında mənəvi haqqı çatmayanların olması çox düz olaraq, ictimaiyyətin ciddi narazılığına və etirazına səbəb olub. Məsələn, ən azı Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən bir kimi, Məmməd Əmin Rəsulzadəni Milli Məclisin elə ilk toplantılarından birində açıq təhqir etmiş, Gəncəni təmsil edən deputat Naqif Həmzəyevə bu medalın verilməsi cumhuriyyət qurucularının ruhuna və cumhuriyyət tariximizə ağır təhqir deyilmi?! Bunun məsuliyyətini təbii ki, həmin siyahını məsuliyyətsizcəsinə tərtib edib, cənab Prezidentin imzasına təqdim edən məsul vəzifəli şəxslərdir ki, bu yanlış hərəkətin məsuliyyətini də onlar daşıyır!
Təltif olunanlar arasında Naqif Həmzəyev kimilərinin sayını istənilən qədər uzada da bilərdim. Lakin buna lüzum görmürəm. Çünki qarşı tərəf, yəni müxalifət həmin siyahını tərtib edib, internetdə yayıblar və artıq hər kəs bu siyahı ilə tanışdır.
Son olaraq təltifi cənab Prezidentin imzasına hazırlayanlara müraciət edirəm: hörmətli məsul vəzifəli şəxslər, sizə göstərilən etimaddan sui-istifadə edib, cənab Prezidentin imzası üçün hazırladığınız sənədləri tərtib edərkən, bu işin nə qədər məsuliyyətli olduğunu yaxşı düşünün, etdiyiniz hər bir səhvin Dövlətimiz və Prezidentimizin adına yazıldığını mütləq nəzərə alın!..