Qanadsız mələk - Fatimə xanımı
tanıyanlar onu belə adlandırır

 

  O, müasir Azərbaycan xanımının nümunəvi simasıdır

 Azərbaycan qadını. Öz şərəfi, ləyaqəti, qayğısı ilə dünyaya örnək olacaq Azərbaycan qadını,  doğulduğu gündən etibarən zərif çiyinlərində həyatı boyu böyük bir məsuliyyət yükü daşıyır. Azərbaycan qadını yaşamı boyunca ataya ləyaqətli qız, qardaşa şərəfli bacı, oğula qayğıkeş ana, həyat yoldaşına dayaq və nəhayət, mərəhəmətli və adil qaynanadır.

Budur Azərbaycan qadının əsl siması. Və bu sima Tanrı qatına yüksələrək, rəmziləşərək ilahi eşqə çevrilir. Qadına şerlər yazılır. Tanrı gözəlliyi qadının gözəlliyi ilə müqayisə olunur, vəsf edilir və İlahi eşqin şamı olur qadın. 

Adəmlə birgə yer üzünə göndərildiyi gündən bəri qadın hər zaman, öz müqəddəs vəzifəsini icra etdi. İgid oğullar yetişdirdi, qəhrəman ərləri ilə çiyin- çiyinə savaşa girdi. Namus mücəmməsi olan qız yetişdirdi. Fatimeyi Zəhra oldu, Məhsəti, Natavan, Nüşabə oldu qadın.

Əlbəttə, hər qadın bu yükü daşımaq iqtidarında deyil. Bəhs etdiyimiz keyfiyyətləri özündə birləşdirən belə qadınlar cəmiyyətə örnək olur, fərqlənir, sevilir, seçilir, nümunə olur. Tanrının yer üzünə göndərdiyi mələksima qadın, ailə üçün, cəmiyyət üçün İlahinin hədiyyəsi olan belə qadınlardan biri də Fatimə xanımdır. Fatimə Əliyeva 1935- ci ildə, noyabr ayının 17-də Bakının Ramanı qəsəbəsində dünyaya göz açıb.

 Noyabr ayında, payız gecəsi,

Göz açdın dünyaya sən on yeddisi,

Sevincə qərq etdin sevən hər kəsi,

Süzdün bu aləmi sən hürkək-hürkək,

Ad günün mübarək, qanadsız mələk!

 Deyirlər ad insanın taleyində mühüm rol oynayır, onun şəxsiyyət kimi formalaşmasına təkan verir. Bəlkə də İlahi qatında Uca olan Fatimə adı elə bu xanım üçün də təsadüfən seçilməyib. Görəsən, taleyini yazan Tanrı, adını da ona İlahi hədiiyəsi olaraq nəsib edib? Kim bilir? Fatimə xanım Hz. Məhəmməd peyğəmbərin qızı, Hz Əlinin xanımı, islam uğrunda şəhidliyi özünə şərəf bilən imamların anası Fatimeyi Zəhranın adını daşıdı. Bu bir təsadüf idimi?

Deyirlər həyatda təsadüf deyə bir şey yoxdu. Missiya var, yol var... Doğulduğumuz gündən əbədiyyətə qədər gedəcəyimiz yol. Fatimə xanıma da İlahinin yazmış olduğu bu həyat yolunda ona bir ana kimi, həyat yoldaşı kimi, cəmiyyətdə bir elm insanı olaraq öz sözünü demiş Azərbacan qadını kimi şərəflə addımlamağı nəsib edib. Fatimə xanımın düzgün tərbiyə almasında və bu qədər xeyirxah olmasında atasının böyük rolu olub. Atasının həyat tərzindən çox seylər öyrəndi Fatimə xanım. Elin xeyriyyəçisi, ağsaqqalı və sayseçmə şəxslərindən biri kimi tanınan Oruc kişi övladı üçün bir nümunə oldu. Kimin nə müşkülü vardısa, həll etməyə çalışdı. Gecələri məzlumları düşünərək yatdı. Dualarında, əməlində də imkansızların yanında oldu, onlara dəstək oldu. İstər qanından gələn bu kübarlıq və xeyirxahlıq, istərsə də atasından gördükləri onun həyat yolunu müəyyən etdi.

 Ey ağbirçək ana, möhtəşəm qadın!

Atan Oruc qoydu Fatimə adın,

Sən ki, fərəhisən qohumun, yadın

Yetim qoydu səni uşaqkən fələk,

Ad günün mübarək, qanadsız mələk!

 

O bəşər anası, müqəddəs qadın,

Fatimeyi Zəhradan güc alır adın,

Müsəlman dünyası, sənin əcdadın,

Əsibdir ömrünə xəzanlı külək,

Ad günün mübarək, qanadsız mələk!

 Bu gün Fatimə xanım da öz mühitində xeyirxah insan kimi tanınır. Tanıyan hər kəs Fatimə xanımın yanına məsləhətə gəlir, onu özünə sirdaş seçir. Ümid qapısı kimi tanınan evinə üz tutan dost-tanışı Fatimə xanım ümüdsiz geri göndərmir. Onların dərdinə şərik çıxır, onlarla bir ağlayır, bir gülür.

Kiçik yaşlarından bədii qiaraətə xüsusi maraq göstərən Fatimə oxuduğu əsərlərdə qarşılaşdığı bütün müsbət qəhrəmanların həyatını özünə arzuladı. Böyüdükcə, onları özünə nümunə seçdi. Xəyallarında həmin qəhrəmanlara çevrilirdi. Amma bu qəhrəmanların içində bir qəhrəman surəti var idi ki, Fatimə də həyatda özünü onda tapdı, Qaraca qız (Tutu) olaraq gördü. Qaraca qız olmaq istədi. Onu özünə örnək seçdi. Onun qədər xeyirxah və fədakar olmaq istədi və oldu da.

Çox zülm çəkmisən,zillət görmüsən,

Sonuncu tikəni acla bölmüsən,

Darayıb telini özün hörmüsən,

Ailəyə uşaqkən olmusan dirək

Ad günün mübarək qanadsız mələk!

 Ailənin onüçüncü uşağı olan Fatimə anasını da elə onüç yaşında itirdi. Bir yeniyetmə qıza ana yardımının daha çox ehtiyacı olduğu vaxtda, o, anasız qaldı. Bir şeyi çox yaxşı bilirdi, bilirdi ki, bir də heç vaxt şəfqətli ana əli oxşamayacaq Fatimənin uzun qara saçlarını, kimsə qarşısında oturdub daramayacaq onları. Fatimə anasıyla birgə uzun saçları ilə də vidalaşmalı oldu.

Günlərin birində atası Fatiməni qarşısında oturdub bu həqiqəti çətin olsa da, Fatiməyə demək məcburiyyətində qaldı: "Qızım əgər etiraz etmirsənsə, kəsək saçlarını". Fatimə susdu. Nə etmək olardı? Onsuz da anasız həyatın ağırlığını yaşayan Fatimə həyat yoldaşını itirmiş atasına dəstək olmalı idi. Saçlarını qurban verməli olsa da, bunu etməli idi. Qaraca qızın hüzünlü taleyini qəlbində yaşadan Fatimə bununla da barışmalı oldu.

O, həmin gündən Qaraca qıza daha çox bağlandı. İçində özü ilə bərabər böyütdüyü Qaraca qız, Fatimə xanımın taleyində müstəsna rol oynadı. Ədəbiyyata böyük marağı olan Fatimə artıq öz qərarını vermişdi. Ədəbiyyatçı olacaqdı. Bunun üçün isə yol Bakı Dövlət Universitetindən keçirdi. Bu təhsil ocağına daxil olarkən, onun taleyində həlledici rolu içində onunla birgə böyüyən Qaraca qız oynadı.

Ədəbiyyat imtahanında onun çəkdiyi biletin ilk sualı S.S. Axundovun "Qaraca qız" əsərindəki Qaraca qız surəti ilə bağlı oldu. Suala cavab vermək istəyən Fatimənin ilk kəliməsi belə oldu- "Mən həyatımın bir gününü qaraca qız kimi yaşasaydım, özümü dünyanın ən xoşbəxti insanı sanardım".

Böyük səmimiyyət və şövqlə söylədiyi bu ifadədən sonra masanın arxasında əyləşən müəllim Fatimə xanıma kifayətdir,- dedi. Gənc qız böyük həyəcan içindəydi. Çaşqınlıqla müəlliminin üzünə baxan gənc qız bu sözlərlə eşitdi: "Qızım, sən bu sözlərinlə ədəbiyyata olan sevgini ifadə etdin. Gedə bilərsən".

 Tutu, "Qaraca qız", gözəl hekayə

Tələbə ömründə düşdü əlaya

Əl açıb Tanrıya  baxdın səmayə

Sevincək fərəhlə çağladı ürək,

Ad günün mübarək qanadsız mələk! 

 İlk kəs nakam Qaraca qız ruh dostu Fatimənin sayəsində xoşbəxt oldu. Gənc Fatimə isə Qaraca qızın sayəsində tələbə biletini qazandı. Bu yol onu Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Müzeyinə istiqamətləndirdi. Fatimə xanım gənclik illərindən etibarən Azərbaycan alimlərinin əhatəsində böyüdü, kamilləşdi, yetişdi. Onun seçdiyi sənət də qeyri-adi oldu. İzahatçı olmağa qərar vermişdi. Məqsədi Azərbaycan ədəbiyyatının gözəlliklərini bütün dünyaya bəyan etmək idi və etdi də. Yaxından,  uzaqdan gələn hər bir ziyarətçiyə Azərbaycan ədəbiyyatından bəhs etdi, onu sevdirdi. Bununla kifayətlənmədi. Öz sahəsi üzrə elmi araşdırmalar apardı. Elmi araşdırmaları sayəsində filologiya elmləri namizədi elmi adı qazandı.

Azərbaycan dramaturgiyasına dərindən bələd olan, XIX əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş şair və yazıçılarımıza xüsusi sevgi ilə yanaşan Fatimə xanım onlara xüsusi araşdırmalar həsr etdi. Sevimli obrazlarının müəllifi olan Cəfər Cabbarlı yaradıcılığına olan pərəstişini sənətkarın 70 illiyi ilə əlaqədar yazdığı "Böyük sözün ustadı" məqaləsində tam ifadə etmiş oldu. Abdulla Şaiqin xatirəsinə həsr etdiyi və "Elm" qəzetində çap etdirdiyi:

Yad et məni, qaibanə yad et!

Yad et məni, Şaiqini yad et!- beyti ilə başlayan "Yad et" məni məqaləsində Fatimə xanım şairin Azərbaycansevərliyini önə çəkdi, onun maarifpərvərliyindən bəhs etdi. Fatimə xanım əsrin dahisi, səma şairi Cavid əfəndini də unutmadı, nəhəng dramaturqun 100 illiyinə həsr olunmuş "Ürəklərə həkk olunmuş sənətkar" məqaləsini yazdı. Öz sahəsində böyük uğurlar qazanan Fatimə xanım şəxsi iş təcrübəsinə əsaslanaraq, nəzəri ədəbiyyata müraciət edərək "Ekspozisiya üzrə izahat aparmaq formaları və prinsipləri", "Nizami adına Azərbaycan Ədəbiyyatı" Müzeyində yardımçı eksponatların yeri və əhəmiyyəti" mövzusunda əsərlər ərsəyə gətirdi.

O, bir sıra elmi kitabların redaktorudur. Azərbaycan muzeyşünaslığı üzrə metodiki vəsat və elmi məqalələr hazırlayıb. "Qaraca qız"ın bu fəaliyyəti çox yüksək qiymətləndirilib. Bu gün Fatimə xanım çoxillik zəhmətinin müqabilində "Əmək veteranı" və "Əməyə görə fərqlənmə" medalları ilə təltif olunan Azərbaycan qadınlarından biridir.

 Fatimə xanımın ictimai fəalliyyəti ona gözəl, qayğıkeş həyat yoldaşı olmağa heç də mane olmadı. Əksinə, onun ədəbiyyata olan sevgisi sağlam ailə qurmasında böyük rol oynadı.

Hələ Bakının 198 saylı məktəbində oxuyarkən ədəbi tədbirlərə qatılmağı çox sevərdi Fatimə xanım. Səməd Vurğuna həsr olunmuş məktəb tədbirlərindən birində hər dəfə olduğu kimi, yenə də gənc Fatiməyə şeir söyləmək tapşırıldı. Səhnəyə çıxaraq, şövqlə Səməd Vurgunun şeirlərindən birini söyləyən gənc Fatimə ona vurğunluqla və fəxrlə baxan gənci görməsə də, bu gənc onun aglına və gözəlliyinə heyran olmuşdu. Səhnədə qazandığı bu sevgi onun həmin gənclə ailə həyatı qurmasına yol açdı. Ədəbiyyat aşiqi "Qaraca qız" öz sevgisini bax, belə tapdı.

 İxtisasca mühəndis olan ömür-gün yoldaşı Oktay müəllim də, Fatimə xanım kimi ziyalı, qayğıkeş və mədəni bir insandır. Neft şirkətindən təqaüdə göndərilən Oktay müəllim, bu gün Fatimə xanımla çiyin-çiyinə öz övladlarını və nəvələrini  böyütməklə məşğuldur. Həyat yoldaşı Oktay müəllimlə "Leyli Məcnun" kimi yaşayırlar. Budur ailə nümunəsi.

Nizami Gəncəvi yaradıclığını ürəkdən sevən bir insan sözsüz ki, bu keyfiyyətlərə malik olmalıdır. Lətafətli danışığı ilə sözü yerində deməyi bacaran bir xanımdır Fatimə ana. Sözləri Hikmət Ziyaya, musiqisi Nəriman Məmmədova aid olan "Mən sənsiz, sən də mənsiz" mahnısını Fatimə xanıma kömək edərkən, zümzümə edən Oktay müəllim belə deyir:

 Bir qurumuş bulağıq,mən sənsiz, sən də mənsiz.

Bir yarpaqsız budağıq,mən sənsiz, sən də mənsiz.

Vaxtsız solan çiçəyik, qanadsız kəpənəyik,

Axı, nəyə gərəyik, mən sənsiz, sən də mənsiz?!..

Ürəksiz quru canıq,buz bağlayıb donarıq,

Gecə-gündüz yanarıq,mən sənsiz, sən də mənsiz.

Al Günəşsiz göylərik,göynəm-göynəm göynərik,

Bu dünyanı neylərik, mən sənsiz, sən də mənsiz.

 Bax, beləcə öz xanımını şair diliylə əzizləyir Oktay müəllim.

 

Qoşa gəzək, çiçək açsın arzular

Səni görən mənə deyir bəxtiyar,

Incimə sözümdən, incimə, ey yar,

Incisən qeydinə qalan da mənəm,

Oğlun da, qızın da, yazın da mənəm,

Hələ lap istəkli nəvən də mənəm.

 

Fatimə xanım isə belə cavab verir:

Yox-yox Oktay, bəs Mikoş? Heç onu demədin, o sənin nəticəndir.

Oktay müəllim isə:

Mikoş heç, o mənim yanan ulduzum,

Əlçatmaz günəşim, ayımdı mənim,

O, mənim bağlarda barımdı, dağlarda qarım,

Ürəyimin parasıdır, həyat eşqımi artıran,

Yaşamağa kömək edən var- dövlətimdir Mikayılım mənim.

Yaxşı kəlamdır: "Cənnət anaların ayağı altındadır". İslam dini bunu bizə belə öyrətdi. Bəli, Fatimə xanım bir ana kimi örnək olaraq bu fikri öz varlığı ilə tam sübuta yetirib. O, sözün əsil mənasında analar anasıdır və bir ana kimi də Fatimeyi Zəhranın şərəfli adını daşımağa layiq qadındır! Övladlarını dünyalar qədər sevən bu xanımın ana kimi dəyərini yalnız Cəfər Cabbarlının aşağıdakı məşhur şeri ilə ifadə etmək mümkündür.

 Cahanda yox elə bir qüvvəbaş əyim ona mən,

Fəqət, nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə.

Kimdir o? Nədir o? Ana! Ana!..

O adın qarşısında bir qul tək,

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 Bir qız və bir oğul anası olan Fatimə xanım həm də hər bir qadına örnək ola biləcək  nümunəvi və bənzərsiz qaynanadır. Övladlarından heç zaman seçmədiyi, ayırmadığı gəlinini öz mələk qəlbi ilə qucaqladı, ana sevgisi ilə sevdi. Mənə belə gəlir ki, dünyada belə qaynanalar çox azdır. Təsadüfi deyil ki, əziz, mehriban qudası Ramiz müəllim Fatimə xanım barəsində, öz qızına: "Qızım, Fatimə xanım Fatimeyi Zəhranın bir zərrəsidir, onu qoru!"- deyib.

Əziz oxucu, bu sözləri çox da asanlıqla yazmadım. Təəs-süf hissi keçirərək yazdım. Düşündüm ki, Fatimə xanım barəsində yazmağa bir az gecikmişəm. Kaş, Ramiz mü-əllimlə iki, üç il əvvəl, üz-üzə əyləşib Fatimə xanım barəsində çoxlu söhbətlər edəydim, onun dilindən eşitdiyim gözəl sözləri bu yazıma köçürə biləydim. Bax, o zaman sizlər daha yaxşı bilərdiniz ki, Fatimə xanım çox gözəl insandır, qayğıkeş anadır, nəvələrini əsl vətəndaş kimi yetişdirən, nəticələrinə xoş gələcək quran nənədir.

Fatimə xanım evinə gəlin gətirəndə öz ailəsini bir araya toplayıb deyir: "Əzizlərim bu evə bir gəlin gəlib, qədəmləri mübarək olsun. O təkdir, biz isə dörd nəfərik. Bundan sonra o necə hərəkət edəcəksə, biz onu qəbul edəcəyik, etməliyik".

Bax, budur mələyə bənzətdiyim Fatimə ana. Fatimə xanım həm də, gözəl nənədir. Onun necə bir nənə olduğunu isə nəvəsinin şerlərindən aydın şəkildə görmək mümkündür.

 Uşaq ikən eşitmişəm laylaları dilindən,

Hər an ona sığınmışam qayğıların əlindən,

Xəyallarım atlanıbdır, düşməz atın belindən,

Həm gözəldir, qayğıkeşdir, həm məlhəm,

Evimizin ağbirçəyi mənim Fatimə nənəm.

Arxasızın dayağıdır, qanadsızın qanadı,

Tale onu illər boyu, ağır dərdlə sınadı,

Aqillər anladı, nadanlarsa qınadı,

Öyünərək, heç vaxt deməz tək mənəm,

Evimizin ağbirçəyi, mənim Fatimə nənəm.

Zəhmətkeşlik nümunəsi, məlum olur əlindən,

Keçməkeşli yollar keçib, görünür ağ telindən,

Övladları gül parçası, bəllidir hər birindən,

Ayanam, nənəmin ilk nəvəsi tək  mənəm,

Evimizin ağbirçəyi  mənim Fatimə nənəm.

 Mən Fatimə xanımı oxucularımıza qaşları kaman, gözləri kövşək, gülərüz, heç kimin qəlbinə toxunmayan, incitməyən, yaraşıqlı, bəstəboy, müasir düşüncəli, natiq danışıqlı, gözəl filoloq, kamil insan və "əsrin mələyi" kimi təqdim etmək istədim. Onu layiq olduğu qədər vəsf etməyə çalışdım. İstədim ki, bir zamanlar belə bir insanın, Allahin yerdəki insan cildli bir mələyinin olduğunu insanlara çatdırım və gələcək nəsillərə nümunə olaraq adını fəxrlə tarixə yazım.

Uzun illərdir düşüncəmdə, qəlbimdə canlandırdığım xanımlar xanımı, gözəl insan və ailə başçısı, istəkli ana, sevimli nənə, nəhayət, dünyanın heç bir yerində bənzəri olmayan nümunəvi qaynananı, məhz Fatimə xanımın şəxsində tapdım! Bunun üçün Sizi mənə sevdirən, məni hər gün sizin barənizdə düşünməyə vadar edən gəlniniz Yeganə xanıma minnətdaram. Mən Yeganə xanım haqqında çox danışmayacam. Çünki, o, özü də sizin xanımlığınızdan dərs alan, çalışdığı kollektivdə hörmətə layiq, qadın ləyaqətini həmişə qoruyan bir xanımdır. Bu vəsfimlə bilmirəm sizi kimə, hansi bir insana bənzədim ki, bu misraları oxuyan hər kəs özünü xəyalən də olsa, sizin yanınızda hiss etsin. Bir sıra ölçülərlə sizdən fərqli insan olsam da, sizə tam bənzəməsəm də, həyatda sizin kimi, təkrarsız insani xüsusiyyətlərə malik olmaq istərdim, Fatimə xanım!

Fədakarlığı ilə hər kəsi heyran edən Fatimə xanım bütün bu illər ərzində içində yaşatdığı nakam Qaraca qızı xoşbəxt edə bildi. Qaraca qızın fədakarlığı və xeyirxahlığına bürünən Fatimə xanım qəlbində yaşatdığı Qaraca qıza yaşamış olduğu bütün xoşbəxtikləri nəsib etdi. Bu gün 82 yaşı tamam olur Fatimə Əliyevanın.

 Şahnazam gəlmişəm təbrikə səni,

Sən bir el anası, könül həmdəmi,

İndən belə görmə kədəri, qəmi,

Tanrı özü olsun qoy sənə kömək

Ad günün mübarək qanadsız mələk!

 Əziz Fatimə xanım, yaşadığınız şərəfli ömür yolunun səksənikinci ilində Allah Sizi ailənizə və Azərbaycan xalqına çox görməsin! Siz təkcə ailənizə yox, xalqımıza, dövlətimizə lazım olan nəcib xanımsınız! Sizi çox sevirik, zəmanəmizin Qaraca qızı!

 Şahnaz Salehqızı

 P.S. Yazını yekunlaşdırandan sonra xəbər aldım ki, Fatimə xanımın ikinci nəticəsi- Nihad bala dünyaya gəlib! Bu xoş gəliş münasibəti ilə Fatimə xanımı ürəkdən təbrik edir, nəticəsinin sağlam, xoşbəxt və nənəsinə layiq nəticə olmasını Allahdan təmənna edirəm!

imgimg

0
0.25308704376221