"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Prezidentin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçən, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmayan, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunan şərtlərə cavab verən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda daimi qeydiyyatda olan kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq edən şəxslərə daxili işlər orqanlarında, o cümlədən Əlahiddə Çevik Polis Alayında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Əlahiddə Çevik Polis Alayının Kadrlar şöbəsinə (012) 590-64-68 nömrəli telefonla müraciət edə bilərlər.