Faiq Həsənov: “Qarabağ”ın Çempionlar Liqasındakı nəticəsi şahmatçılarmızı ruhlandırdı"

 

Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov Yunanıstanın Krit adasında üçqat Avropa çempionu olan milli komandanın nailiyyəti barədə danışıb. 

“Report” xəbər verir ki, F.Həsənov Heydər Əliyev Beynəlxalq Hava Limanında  jurnalistlərin suallarını cavablandırıb. 

- Yarışla bağlı təəssüratlarınız necədir? 

- Çempionata çox uğursuz başlamışdıq. Lakin bu, yarışın belə də qurtaracağı demək deyildi. Uşaqlar qarşılarına məqsəd qoymuşdular ki, nəticələri öz əmsallarından aşağı olmasın. İlk məğlubiyyət şahmatçılarımızı ruhdan salmadı. Əksinə, daha da güc verdi. Həmin günlərdə “Qarabağ” da Çempionlar Liqasında çox gözəl oyun göstərdi. Madriddəki nəticə uşaqları ruhlandırdı. Ertəsi gün şahmatçılarımız Ermənistan yığmasına qalib gəldilər. Dönüş buradan yarandı. Hələ bizim belə güclü komandamız olmamışdı. Artıq inam var idi ki, mütləq medal qazanacağıq. 

- Avropa çempionatından əvvəl "Komanda neçənci yeri tuta bilər" deyə sizdən soruşsaydılar, nə cavab verərdiniz? 

- Yalnız medal. Ayrı söhbət ola bilməzdi. Ona görə ki, builki komandamız çox güclüdür. Bir oyunda belə vəziyyətləri pis olmadı. Komanda yarışlarında adətən, bəzi matçlar uğursuz alınır. Bu dəfə elə şey olmadı. 

- Yarış necə alındı? 

- Son 5 turda komandamız qalib gələndən sonra bildirdik ki, çempion olacağıq. Sonuncu görüş elə də böyük əhəmiyyət kəsb etmirdi. Uşaqlar çox rahat oynadılar. Bizi heç-heçə də qane edirdi. 

- Amma ilk turlardan sonra demişdiniz ki, gözləntilər elə də yüksək deyil... 

- Belə də olur. Adətən, ilk turda güclü komanda zəif rəqibə qarşı oynayır. İtaliyanın bizə qalib gəlməsi sensasiya oldu. Bunu heç kim gözləmirdi.

0.13321900367737