İlham Şaban: "Bizim kütləvi informasiya vasitələrində Azərbaycanın Gürcüstana satdığı qazın qiymətini artırması barədə yazılanlar kökündən yanlışdır"
Son zamanlar Gürcüstanın Rusiyadan "mavi yanacaq" almaq istəyi Azərbaycan mediasında ölkəmizin böyük bir qaz bazarının itkisi kimi dəyərləndirilir. Gürcüstan hökuməti isə bunu, sadəcə olaraq enerji mənbələrinin şaxələndirilməsi məqsədilə reallaşdırmaq istədiklərini bildirir. Hətta, bu prosesi şərh edən bir sıra media və vətəndaş cəmiyyəti təmsilçiləri Gürcüstanda qazın qiymətinin bahalaşmasını, məhz hökumətin Rusiya ilə bağlamaq istədiyi qaz müqaviləsi ilə əlaqələndirməyə çalışırlar. Əgər bu mövqedən çıxış etsək, deməli Azərbaycan Gürcüstandakı qaz bazarının bir hissəsini itirmək təhlükəsi ilə üzləşəcək. Məsələyə aydınlıq gətirmək üçün enerji məsələləri üzrə ekspert İlham Şabana müraciət etdik.
Ekspert ilk olaraq onu diqqətə çatdırmağı vacib bildi ki, 1 mart 2017-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan müqaviləyə əsasən 2001-17-ci illərdə hökumətlərarası sazişlə verilən qaz müqaviləsi artıq bitib: "Bu o deməkdir ki, iki hökumət arasında güzəştli qiymətlərlə fikisasiya edilmiş qaz alqı-satqısı artıq başa çatıb. Artıq iki ildir Azərbaycan Gürcüstana "mavi yanacağı" kommersiya qiymətləri ilə satır. Bilirsiniz ki, dünya bazarında karbohidrogenlərin, o cümlədən də qazın qiyməti artıb, azala bilər. Bu qiymət dəyişməsi sözsüz ki, Gürcüstanın da qaz bazarına təsir edir. Yeri gəlmişkən, 1 mart 2019-cu ildən etibarən sözügedən təsirlər nəticəsində qazın satış qiyməti dəyişdiriləcək - qiymətlər bir qədər bahalaşacaq. Bu baxımdan, bizim kütləvi informasiya vasitələrində Azərbaycanın Gürcüstana satdığı qazın qiymətini artırması barədə yazılanlar kökündən yanlışdır. Bəzi qəzetlər yazır ki, guya bu qiymət artımı Gürcüstanı "Qazprom"la yeni qaz müqaviləsi bağlamağa sövq edib. Bu tamamilə yalnış mülahizədir.
Azərbaycan qazı qonşu ölkəyə dollarla satır, amma Gürcüstanda qaz abonentlərə və sahibkarlara lari ilə satılır. Valyuta ilə alınan qazın qiymətində və ya yerli valyutanın məzənnəsində dəyişiklik baş verirsə, bu dərhal qiymətlərə təsir edir. Hətta, Gürcüstanda qaz satışı ilə məşğul olan şirkət bu sahənin inhisarçısıdırsa da, bu məsələ anti-inhisar qanunlarla tənzimlənir. Məsələn, inhisarçı şirkət qiymətləri obyektiv səbəblərdən bahalaşdırırsa, prosesin obyektivliyini (valyutanın ucuzlaşması və dünya bazarında qiymətlərin bahalaşması - A.N) müvafiq dövlət qrumlarına sübut etməlidir.
O ki qaldı, Gürcüstanın enerji mənbələrinin şaxələndirməsinə, bu ölkənin Avropa Birliyi qayda-qanunları ilə uzlaşdırılmasından irəli gəlir. Yəni Avropa Birliyi rəsmi Tiflis qarşısında tələb qoyub ki, Gürcüstan Avropa Birliyinin Enerji Xartiyasını imzalamış bir ölkə kimi daxili enerji balansını sabitləşdirmək məqsədi ilə enerji təminatı bir mənbədən asılı olmamalıdır. Bu tələbi yerinə yetirmək üçün isə Gürcüstana ən əlçatan mənbə Rusiyadır ki, "Qazprom" ölkə ərazisindən Ermənistana qaz ötürür. Həmin qaz kəməri vasitəsi ilə Tiflis kiçik həcmlər alacaq. Buna baxmayaraq, indidən belə Azərbaycandan Gürcüstana satılan qaz həcmləri artacaq, çünki ölkəmizdə qaz hasilatı artacaq. Bundan isə Gürcüstan daha çox bəhrələnməyə çalışacaq".
Qeyd edək ki, Gürcüstanın "mavi yanacağ"a olan tələbatı 2,5 milyard kubmetrdir. Rusiyadan alınan qaz həcmləri isə 100-300 milyon kubmetr civarında nəzərdə tutulur. Həcmlərdən də göründüyü kimi, Tiflisin Moskva ilə müzakirə etdiyi qaz müqaviləsi Azərbaycanın iqtisadi maraqlarına ciddi zərər vurmur.
Akif Nəsirli