Vətəni yadlara satan kəslərin, Anası, bacısı, dayısı puldur.
Vaxtilə Mirzə Cəlil, M.Ə.Sabir, Ü.Hacıbəyli və digər klassiklərimiz gördükləri eybəcərlikləri, neqativ halları qısa sətirlərdə deməyi xoşlayıblar. Mən də bu ənənəyə sadiq qalaraq, vahid sujet xətti olmayan yazı vasitəsilə fikirlərimi oxucularıma çatdırmaq istəyirəm. Bir az ordan, bir az burdan yazaraq sizinlə dərdləşmək istəyirəm, əziz oxucular!
... O gün televizorda məlumat verdilər ki, ölkəmizin bir neçə bölgələrində əxlaqsızlıq yuvaları, qumarxanalar aşkarlanıb. Doğrusu, təəccüb qaldım.
Axı, bu dedikləriniz nə vaxtdır, ölkədə baş alıb gedir. Bunların qarşısını vaxtında almaq olmazdımı, cənablar? İllərdir fəaliyyət göstərən bu dırnaqarası obyektləri sizlər görmürdünüzmü?
... Xalq artisti Səməd Səmədova sual verirlər:
- Səməd müəllim, himnimizin müəllifləri kimlərdir?
Səməd Səmədov gülür:
* “Ə, mən nə bilim kimlərdir!?. Mənə denən mahnı oxu, mən də oxuyum dəə”...
... Prezident bir qrup şəhid ailələrinə on bir min manatlıq birdəfəlik yardım ayırıb. Sizi inandırım ki, elə şəhid ailələri var ki, on bir min manat adı çəkiləndən sonra şəhidləri yadlarına düşüb. Elə ailə var ki, öz doğma şəhidinin anım gününü belə bilmir. Əvvəlki yazılarımın birində bunu qeyd etmişəm.
... Siz bilirsinizmi ki, dərsə gedən uşaqların beyni həddindən artıq yüklənir. Bir çox dırnaqarası, savadsız müəllimlər bir-birindən xəbərsiz o qədər ev tapşırıqları verirlər ki, uşaqlar bunların öhdəsindən gələ bilmirlər. Hələ yalançı, hoqqabaz hazırlıqları demirəm. Uşaqlara elə tapşırıqlar verirlər ki, həmin tapşırıqlardan nə valideyinlər, nə də müəllim özü baş çıxarır. Ona görə də savadsızlıq baş alıb gedir. Uşaqların telefonlardan, kompüterlərdən yüklənən beyinlərini daha da yükləyən bu labirint tapşırıqlar sərsəmliyə gedən yolu daha da asanlaşdırır. Təhlükəlidir, deyilmi? Bəyənmədiyiniz sovetlər dönəmində günü uzadılmış qruplar fəaliyyət göstərirdi. Orada həm uşaqlara yemək verirdik, həm də dərslərini hazırlaşdırırdıq. Özü də pulsuz, parasız.
...Mingəçevirdə iki polis bir cavan oğlanı keçidin yaxınlığında saxlayıb keçiddən keçmədiyinə görə iyirmi manat cərimə olunacağını deyirlər. Oğlan:
- Axı, məndən də başqa keçiddən keçməyənlər var. Niyə onları saxlamırsınız?
- Yaxşı, beşdən, üçdən nə verirsən ver, çıx get.
Oğlan beş manat verib canını qurtarır. Görünür, bu qərar bəzi polislərimiz üçün yaxşıca yem yeridir. Elə deyilmi, cənablar!?
... Telekanallarda verilişlər gedir. Bunlardan biri də Zaur Kamalın "5-də 5" verlişidir. Bu yaxınlarda Mətanət Əsədovanı verlişinə çağırdı. Ənənəsinə sadiq qalaraq yenə də bir oyun çıxardı ki, gəl görəsən. Mətanət ona "Zayka", o da Mətanətə "Mata" deyərək müraciət etdilər, oynadılar, dedilər, güldülər, həmişəki kimi xeyli yaramaz, dəxli olmayan söhbətlər etdilər (aşiq-məşuqlar kimi), veriliş boyu qanan tamaşaçılarda ikrah hissi oyatdılar. Belə verilişlərin sayını nə qədər desən artırmaq olar. Mən başa düşə bilmirəm, bu verilişlərin məqsədi nədir? Xalqa tərbiyəvi təsir göstərmək, maarifləndirmək, yoxsa xalqa mənəvi zərbələr vurmaq? Zaurun Teymur Mustafayevə "yalan deyirsən" deməsi yaxşı hal deyil, axı! Yaşlı xalq artistinə elə demək eyib deyilmi?
... Yəqin ki, "Nanəli" verilişinə baxırsınız. Çox gözəl, dəyərli verilişdir. Ən azı ona görə ki, klassik mahnılar canlı ifa olunur. Dəyərli incəsənət adamlarının çıxış etdiyi bu verilişdə Nanə xanımın oxuyanların arasına girib ağzını açıb yumması və lazımsız jestlərdən istifadə etməsi, heç də xoşagələn deyil. Bu xəstəlik bir çox aparıcılara da yoluxub. Bəli, bu gün yersiz jestlər, mimikalar, danışıqlar aparıcılar arasında baş alıb gedir. Soruşanda ki, niyə belə edirsiniz? Deyirlər ki, verilişimizin formatı belədir. Əlbəttə, özünü, sözünü, yerini, yurdunu bilən aparıcılarımız var. Təəssüf ki, azlıq təşkil edirlər.
... Öz pulu, var-dövləti ilə öyünən, evlərini, maşınlarını sadalayan bir nəfərlə söhbət edirəm. O deyir:
- Mənim üç maşınım, üç evim var. Pul da ki, öz yerində.
Dedim:
- Ağsaqqal, o üç evin neçəsində yatırsan?
Deyir:
- Birində.
- Birində yox, bir otağın küncündə yəqin ki, arvadınla bir çarpayıda olursan.
- Bəli, düz deyirsən.
- Deməli, sənə və arvadına bir otağın küncü bəs edir. Eşitdiyimə görə arvadın da xəstədir. Uşaqlardan da ayrı yaşayırsınız. Düzdür?
- Düzdür.
- Onda sənə bir söz deyim yadında saxla. Pulla bahalı çarpayı almaq olar, ancaq bahalı şirin yuxu almaq olmaz.
Bu sözdən sonra kişi başını aşağı salıb getdi.
... Bəli, bu gün pulu, var-dövləti ilə öyünənlər var. Lakin onlar hələ də dərk etmirlər ki, bütün bunlar gəldi-gedərdir. Qalan isə yaxşı əməllər ola bilər. Bu gün nəvə pula, qır-qızıla görə öz dostu ilə əlbir olub nənəsinin evini qarət edirsə, o var-dövlətlə öyünməyə dəyərmi? Doğrudur, yaşamaq üçün pul lazımdır, amma hər şey pulla ölçülmür.
Varıyla öyünən nadan kəslərin,
Namusu, qeyrəti atan kəslərin,
Vətəni yadlara satan kəslərin,
Anası, bacısı, dayısı puldur.
Bu gün xarici kəşfiyyata pula görə işləyən varsa, maddiyyata görə düşmənlərə xidmət edən varsa, belə adamların, əlbəttə, anası, bacısı, dayısı puldur.
Əgər pulun, var-dövlətin varsa, bizim ötən əsrdə yaşayan Musa Nağıyev, Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və onlarla başqaları kimi xeyriyyəçiliklə məşğul ol, biz də deyək sağ ol!
... Bir adi sürücü qəflətən varlandı. Onda eqoistlik, harınlıq baş alıb gedirdi. O qədər pis vərdişlərə yiyələndi ki, axırda bərk xəstələndi. Bir dəfə mən ondan soruşdum:
- İstərdinmi ki, əvvəlki kimi sağlam həyatına qayıdasan, yenə də adi bir sürücü olasan?
- Niyə istəmirəm, elə istəyirəm. İndi bu var-dövlət mənim nəyimə lazımdır. Dəfələrlə Türkiyəyə, İrana getmişəm, nə qədər pul vermişəm həkimlər dərdimə bir çarə edə bilməyib.
Aradan bir az keçdi o dünyasını dəyişdi.
... Küçədə bir qadın (qaraçı) özünü tərifləyir, cin çıxartmağından, fala baxmağından dəm vururdu. Küçədə bir növbə yaranmışdı ki, gəl görəsən! Cin çıxartdıran kim, fala baxdıran kim. Öz-özümə fikirləşdim ki, görəsən niyə bu cinlər başqa millətlərə yox, elə bizə yoluxur. O qadına da halal olsun ki, XXI əsrdə bizim bədənimizdən cinləri çıxarda bilir. Keçmiş şagirdim, bu gün xalq arasında seyid kimi nüfuz qazanan Mirsəməd ağa ilə söhbət edirəm:
- Ağa, "cin" çıxarma məsələsinə necə baxırsan?
- Ay müəllim, bu gün "cin", "şeytan", "iblis" bizim məişətimizə telekanallar, kompüterlər, telefonlar vasitəsilə o qədər dolub ki, onları çıxarmaq müşkül məsələdir.
... Mən bu yazını yazarkən hörmətli cənab Prezident İ.Əliyev Beyləqana gəldi. 13 fevral 2019-cu il tarixi Beyləqan tarixinin şanlı səhifəsidir. Həmin gün cənab Prezident Beyləqanda Olimpiya Kompleksinin, Tarix-Diyarşünaslıq muzeyinin, yenidən qurulan elektrik stansiyasının, mənim və həmkəndlilərimin sevincinə səbəb olan Beyləqana, o cümlədən, Birinci Aşıqlı kəndinə çəkilən yeni yolun açılışını etdi. Çox sevindik. Yəqin ki, telekanallarda Prezidentin "N" saylı hərbi hissədə olduğunu, əsgərlərlə bir yerdə nahar etdiyini də gördünüz... Əsas odur ki, dövlətimiz günü-gündən çiçəklənir, abadlaşır, dünya dövlətləri arasında özünün layiqli yerini tutur. Prezidentə alqışlar, əlbəttə, düşür. Ancaq Vətənə, Prezidentə alqış dildə yox, əməldə olmalıdır. Prezidentin humanistliyindən istifadə edərək milyonları mənimsəyənlərin, bahalaşmaya rəvac verənlərin heç də dedikləri ilə əməlləri üst-üstə düşmür, cənablar!
... Mən üzümü keçmiş "bəylərə" və dırnaqarası məmurlara tutaraq deyirəm:
"Vətən", "vətən" söylədin,
De, vətənə nə verdin?
Yağı düşmən gələndə,
Vətənə sinə gərdin?
Sizlər atdığı addım,
Vətən qəddini əydi.
Daldan atılan daşsa,
Sonra torpağa dəydi.
Bu vətəni sevməyin,
Yolu ündü, haraydı.
Bu vətən övladları,
Mübarizdi, Gəraydı.
Bu vətəni sevəmməz,
Hər yoldan ötən naşı.
"Vətən daşı olamayandan,
Olmaz ölkə vətəndaşı".
... Bəli, bu gün vətən adından danışanlara ünvanladığım bu şeirin son iki misrasını ölməz M.Arazın şeirindən götürməyim də təsadüfi deyil. Doğrudan da, əsl ölkə vətəndaşı vətənin daşı olmağı bacarmalıdır! Necə ki, şəhidlərimiz bunu bacardı.
Fehruz Hilaloğlu (şair-publisist)