Tapdıq Abbas: “ “Neolit” kafesindəki hadisədən düşmən faydalana bilmədi”
“Moskvada “Neolit” kafesində çeçenlər və azərbaycanlılar arasında baş vermiş xoşagəlməz münaqişənin əsil səbəbkarları tarixən aralarında heç bir münaqişə olmayan Çeçen və Azərbaycan xalqlarının arasını vurmağa cəhd edən mənfur qüvvələrin “xidmətləri”nin olması ehtimalı danılmazdır. Şəhərdə yaşayanlar üçün xarakterik olan bu hadisəni, yəni bir-iki nəfərin məişət zəminindəki davasını iki millət arasında ədavətə çevirmək istəyən qüvvələr var”.
Bu fikirləri ”Paralel.az”-a Moskvadakı “Neolit” kafesində azərbaycanlı və çeçen millətindən olanlar arasında baş vermiş hadisəyə münasibət bildirən baş redaktor Tapdıq Abbas deyib. O qeyd edib ki, bu kimi cəhdlərin heç bir nəticə verməyəcəyini yaxşı düşünmədən, hadisəni körükləyib Çeçen və Azərbaycan xalqlarını bir-birinə düşmən etməyi planlayan kriminal qüvvələr gözləmədikləri stüasiya ilə üzləşdilər: ”Hər iki xalq bu hadisənin mahiyyətini və bu hadisədən istifadə edib, xalqları bir-birinin üzərinə salmaq cəhdlərini hiss edərək, bu təxribata getmədilər, əksinə, hər iki xalqın liderləri, ziyalıları, ağsaqqalları və din xadimləri daha yaxın olmağın zəruriliyini dərk etdilər. Hər iki tərəf Qafqazın bu iki qardaş xalqları arasında isti münasibətlərin olmasını istəməyən düşmənlərin hərəkətə keçdiyini vaxtında duydular. Düşmənlərin Azərbaycan və Çeçen xalqlarını təxribata çəkmək niyyətlərinin iflasa uğraması heç də təsadüfdən baş vermədi. Rusiya ilə Azərbaycan arasında hazırkı münasibətlərin yüksək səviyyəsi, Prezident İlham Əliyevlə Bladimir Putinlə, o cümlədən Prezidentin Cecenstan lideri Ramzan Kadrovla olan şəxsi dostluq münasibətləri, iki dövlət arasında formalaşmış ortaq dəyərlər, düşmən qüvvələrin Qafqazda yeni millətlərarası nifaqı dərinləşdirmək istəyini iflasa uğradı”.
Hər iki xalqın mehribançılığını pozmağa cəhd edən düşmən qüvvələrin ən təhlükəli təxribata əl atmasının heç də əbəs olmadığını bildirən Tapdıq Abbasın fikrinə görə, Moskvadakı “Neolit” kafesində baş vermiş insidentin məlum qüvvələr tərəfindən əvvəlcədən hazırlanmış təxribat planının tərkib hissəsı olduğunu ehtimal etmək olar: ”Ola bilər ki, məişət zəminində baş vermiş kriminal toqquşma hadisəsi Moskvada fəaliyyətdə olan məlum düşmən qüvvələri qabaqcadan hazırlanmış təxribatın həyata keçirilməsinə həvəsləndirib. Söz yoxdur ki, Rusiya və Azərbaycan tərəflərinin xüsusi xidmət orqanlarının kafedə baş vermiş toqquşma hadisəsini birlikdə araşdırması hər iki dövlət üçün çox faydalı olarcaqdır”.
Tapdıq Abbasın fikirincə, Qafqaz dünyanın geosiyasi cəhətdən ən əhəmiyyətli bölgələrindən biridir. Bu cür çox əhəmiyyətli regionda nəinki böyük, hətta ən kiçik qarşıdurma təzahürünün belə, baş verməsi kifayət qədər ciddi təhlükədir: ”Dünyanın Qafqazda böyük maraqları olan güc mərkəzləri var və onlar istənilən gərginlikdən istifadə etməyə həmişə hazırdırlar. Bu baxımdan, istənilən miqyaslı hadisənin onların əlinə fürsət verə biləcəyini yaddan çıxarmaq lazım deyil. Qafqazda böyük münaqişə mənbəyi kimi hələ də qalan Dağlıq Qarabağ münaqişəsinin həlli, demək olar ki, axara düşüb. Münaqişəni həll etməyə gücü yetən dövlətlərin bir araya gələmək istəkləri hiss olunur. Onlar dərk edir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni təcavüzünün nəticələri mütləq aradan qalxmalıdır. Azərbaycan diplomatiyasının uğurlu səyləri nəticəsində münaqişənin həlli istiqamətində ciddi addımlar atılır. Münaqişəsiz Qafqaz regionu bəzilərinə sərf etmədiyi üçün yeni bir münaqişə ocağı yaratmaq istəyinə düşənlər ola bilər. Gəlin, unutmayaq ki, bir qədər əvvəl Almatıda ermənilərin əli ilə qazax xalqını buna oxşar təxribata çəkməyə, cəhd göstərilib. Ona görə də düşmən mərkəzlərin Qafqazda və Orta Asiyada yeni qarşıdurmalar yaratmaq istiqamətində atacağı addımlara hər daim hazır olmaq lazımdır.”
Söhbətləşdi: Səkinə Mehdiyeva