Aqil Abbas: "Şuranın şərtlərinə əməl edə bilən qəzetlər fəaliyyətlərini davam etdirəcəklər"
Asəf Abbasov: "Mən optimistəm əminəm ki, çap mediası yaşayacaq və dövlətimiz tərəfindən ona dəstək olacaq"
KİVDF Şurasının qərarının medianın inkişafına müsbət təsiri olacaqmı?
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) şurasının 2019-cu il 31 yanvar tarixli qərarı bu gün gündəmdə olan ən aktual mövzulardan biridir desək, yəqin ki yanılmarıq. Çünki istər bir çox qəzet redaksiyalarında, istərsə də oxucular arasında bu mövzu hər gün müzakirə olunur. Martın sonunda nə baş verəcək, çap mediası öz yolunu davam etdirə biləckmi? Yoxsa, bəzilərinin də iddia etdiyi kimi, çap mediası tarixin arxivinə gömüləcək?
Bu məsələ ilə bağlı daha çox narahatlıq keçirən də, bu gün çap mediasını yaşadan və sona qədər də yaşatmaq əzmində olan media kapitanlarıdır. Biz də onlardan bir neçəsinə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) şurasının 2019-cu il 31 yanvar tarixli qərarının çap mediasının inkişafına necə təsir göstərəcək sualı ilə müraciət etdik.
İlk müsahibimiz "Ədalət" qəzetinin təsisçisi və Milli Məclisin deputatı Aqil Abbas hesab edir ki, Şuranın şərtlərinə əməl edə bilən qəzetlər fəaliyyətlərini davam etdirəcəklər: "Bilmirəm necə təsir göstərəcək. Hər halda dövlət tərəfindən maliyyələşən qəzetlər ola bilər ki, başqa yerlərə yuvarlansınlar. Yəni onlar hansısa siyasi partiyaların, yaxud xaricilərin əlinə keçə bilərlər. Amma indi yeni şərtlər qoyulub, həmin şərtlərə kimlər əməl edə biləcəksə, onlar fəaliyyətlərinə davam edəcəklər. Nə bilmək olar, bəlkə elə qəzetlərin otuzu da qoyulan şərtlərə əməl edə biləcək. Bunu zaman göstərəcək və mart ayında biləcəyik. Mənə belə gəlir ki, burada yanaşma bir az fərqli olmalıdır. Məsələn, idman qəzetlərindən "Futbol-plus" Azərbaycanın ən oxunaqlı qəzetlərindəndir, (səhv etmirəmsə, onlar gündəlik çıxan qəzet deyil) lakin ölkədə idmanın bu qədər inkişaf etdiyi bir zamanda əgər qoyulan şərtlər o dərəcədə sərtləşərsə, futbolumuzla bağlı ən ciddi idman qəzeti olan "Futbol- plus" və bəzi bu kimi oxunaqlı qəzetlər kənarda qala bilər".
"Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov isə optimist olduqunu və dövlətin çap mediasına dəstək verəcəyinə inandığını bidirir: "Bu məsələ medianın inkişafına yönəlik bir addımdır. Yəni istəyirlər ki, media daha intensiv şəkildə fəaliyyət göstərsin. Lakin unutmaq olmaz ki, qəzetçilik səlnaməsi tarixdir. Qəzetçilik necə yox ola bilər? Bəzən medianın müxtəlif sahələrindən oxuyuruq, yazırlar ki, qəzetçilik dövrü bitib. Belə təqdimatlar görürük. Ancaq biz qəzetçiliyin tarixinə nəzər salaq, bu tarix "Əkinçi" ilə başlayıb. "Əkinçi" ənənəsi necə qoyulmuşdu? Məsələn, bu gün deyirlər ki, xəbər jurnalistikası var, bir də analitika jurnalisti. Bunları qarışdırırlar. Xəbər jurnalistikası, internet media bütünlüklə xəbər informasiya sahəsini ələ alıb. Mediada qəzetçilik daha çox analitik janra yönəlib. Biz analitik sahədə təhlilərlə inkişaf etdirməliyik qəzetçiliyi. Bayaq "Əkinçi"dən misal çəkdim. O dövrə nəzər salanda, Həsən Bəy Zərdabinin xatırlatması yada düşür: "Çağırıram gəlmirlər, deyirəm qanmırlar". Həsən Bəy Zərdabi bunu informasiya vermək üçün deyil, maarifçiliyi yaymaq üçün deyirdi. Bu gün qəzetçilik maarifçilik janrında inkişaf edib, etməlidir də. Qəzetçilik yaşamalıdır. Qəzetçiliyin tarixi var, bu ənənə davam etməlidir. Mən qəzetçilik erası bitib deyənlərin tamamilə əleyhinəyəm. Necə yəni bu era bitib-bu necə itə bilər? Press Media yaşamalıdır. Hesab edirəm ki, bunun yaşaması üçün medianın dostu olaraq dövlət başçımız yenə də bizlərə dəstək olacaq və media yaşayacaq. Mən optimistəm, pessimist deyiləm, əminəm ki, çap mediası yaşayacaq və dövlətimiz tərəfindən ona dəstək olacaq".
Şahnaz Salehqızı