Vətəni dünyaya tanıdan sənətkar, alovlu vətənpərvər, işıqlı ziyalı, cəsarətli diplomat
Ötən əsrin 60-cı illərində Azərbaycan estrada sənətində bir ulduz parladı. Bu yaraşıqlı gənc oğlan təkrarolunmaz səsi, səhnə mədəniyyəti, üzündəki təbəssümü ilə özünü az bir zamanda tamaşaçılara sevdirə bildi. Bu, belə də olmalı idi. Çünki o, dahi Bülbülün ailəsində dünyaya gəlmişdi. Ali musiqi təhsili alana qədər onun ilk sənət müəllimi Bülbül olmuşdu. Atası ilə Azərbaycanın bölgələrinə qastrol səfərlərinə gedir, royalda onu müşayiət edirdi. O, peşəkar səhnəyə çıxana qədər artıq tanınırdı...
Azərbaycanın görkəmli bəstəkarı, müğənni, xalq artisti, ictimai xadim Polad Murtuza oğlu Məmmədov (Polad Bülbüloğlu) 4 fevral 1945-ci ildə Bakı şəhərində, SSRİ xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Şübhəsiz, belə bir ailədə dünyaya göz açan insan musiqiyə biğanə qala bilməzdi. Azərbaycanın görkəmli musiqiçiləri Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov və başqaları tez-tez bu ailəyə gələr, sənət haqqında söhbətlər edərdilər. Balaca Polad da bu söhbətlərdən bəhrələnərək musiqiçi olmaq qərarını verir. P.Bülbüloğlu əvvəlcə 11 illik musiqi məktəbində təhsil alıb (indiki Bülbül adına). O, buranı müvəffəqiyyətlə bitirdikdən sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur (indiki Musiqi Akademiyası). Polad Bülbüloğlu burada SSRİ xalq artisti, bəstəkar Q.Qarayevin sinfində dərs alır. Onun istedadı elə ilk günlərdən bir çoxların diqqətini cəlb edir. Görkəmli kinorejissor Əlisəttar Atakişiyev 1967-ci ildə Konservatoriyanın sonuncu kursunda oxuyan Polad Bülbüloğlunu "İstintaq davam edir" filminə musiqi yazmağa dəvət edir. Bu, onun bəstəkar kimi ilk kino işi olur. 1968-ci ildə rejissor Arif Babayev Polad Bülbüloğlunu özünün ekranlaşdırdığı "Uşaqlığın son gecəsi" filminə dəvət edir. Əlbəttə, bu filmlər gənc Poladın erkən tanınmasında mühüm rol oynayır.
P.Bülbüloğlu, artıq peşəkar səhnələrdə konsertlər verir, qısa müddətdə nəinki Azərbaycanda, bütün Sovet İttifaqında tanınır və sevilir. Atası Bülbül vəfat edəndə onun cəmi 16 yaşı var idi (1961-ci ildə). Poladın uğurlarını görmək Bülbülə qismət olmur. Polad müəllim atasının yolunu layiqincə davam etdirir. Onun adını ucalara qaldırır və adını soyadı ilə əvəzləyərək ölməz edir - Polad Bülbüloğlu.
Böyük konsert zalları, alqışlar, xarici ölkələrə qastrollar, fanat ordusu, avtoqraflar, qalaq-qalaq tamaşaçı məktubları günü-gündən onu daha da tanıdır, şöhrətinin üstünə şöhrət gətirir. Sənətkar ulduz xəstəliyinə tutulmur, əksinə, sadəliyini artırırı. Kinorejissor Y.Qusmanın ekranlaşdırdığı "Qorxma, mən səninləyəm" filminə mahnılar yazır, film boyu mahnıları ifa edir. O, həm də özünü bu filmdə aktyor kimi sınayır, Teymur obrazını yaradır. Filmdə H.Ömərova, H.Turabov, M.Babayevlə yanaşı, tanınmış sovet aktyorları Lev Durov və Muxtar Qantemirovla tərəf-müabili olur. Müstəqillik dövründə bu filmin davamı öz ekran həyatını tapır, film milli ruhda çəkilir. Yəni filmdə baş verən hadisələr milli hökumətin dövrünə, 1919-cu illərə təsadüf edir.
P.Bülbüloğlu Azərbaycan kinosuna da öz adını qızıl hərflərlə yazıb. O, 20-dən artıq kinoya musiqi yazıb. Hökumətimiz onun musiqi mədəniyyətinə göstərdiyi xidmətləri qiymətləndirərək hələ gənc yaşlarında, 1970-ci ildə dövrünün nüfuzlu mükafatı olan Lenin komsomolu mükafatı laureatı, 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə xalq artisti fəxri adına layiq görüb. P.Bülbüloğluna ictimai işlərdə də dövlətimiz tərəfindən böyük etimad göstərilib. 1986-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, 1988-ci ildə isə Azərbaycanın mədəniyyət naziri kimi yüksək vəzifələrə irəli çəkilib. Onun işlədiyi dövrdə Azərbaycan mədəniyyəti daim çiçəklənib, bir çox uğurlara imza atılıb. 1989-cu ildə onun təşəbbüsü ilə Ağdamda "Xarı bülbül" musiqi festivalı keçirilib. 1994-cü ildə "Türksoy"un sədri seçilib. 1995-ci ildə qarabağlılar ona etimad göstərərək Milli Məclisə deputat seciblər. 2006-cı ildə Prezidentin sərəncamı ilə Polad Bülbüloğlü, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Polad müəllim var gücü ilə iki ölkə arasında dostluq münasibətləri yaratmağa çalışır, soydaşlarımızın problemləri ilə maraqlanır və həllini tapmaqda köməklik göstərir, Qarabağ məsələlərini gündəmə gətirir. Rusiya höküməti onu bu xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib və "2009-cu ilin adamı" seçilib.
P.Bülbüloğlu işlərinin çox olmasına baxmayaraq, yaradıcılığını da unutmur. O, özünün irihəcmli əsəri olan "Eşq və ölüm" operasını yaradır. Opera Moskvada Böyük Teatrın səhnəsində tamaşaya qoyulub. Əsər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. P.Bülbüloğlu Azərbaycan və Gürcüstanın ali ordenləri ilə təltif edilib. Qarabağ məsələləri onu həmişə narahat edir. Bir diplomat kimi o, torpaqların geri qaytarılması üçün əlində olan bütün imkanlarından maksimum istifadə edir. Bir qrup Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti Qarabağa, Şuşaya səfər edir və Bülbülün ev-muzeyində olurlar. Əlbəttə, bunların hamısı Polad müəllim üçün ağrılı hallar idi. O, bu addımı ilə cəsarətli və vətənpərvər diplomat olduğunu bir daha sübut etdi. Polad müəllim Bülbülün ifa etdiyi xalq mahnılarına yeni nəfəs gətirərək özünün "Oxuyurdu Bülbül", "Oxuyur Polad Bülbüloğlu" adlı diskini buraxdırıb. Böyük sənətkarın övladları da musiqiçi kimi fəaliyyət göstərirlər. Deməli, Bülbülün yolu durmadan davam edir. Azərbaycan hökuməti bütün dövrlərdə sənətkara böyük sayğı ilə yanaşıb. Ulu öndərin sağlığında, 1995-ci ildə Polad Bülbüloğlunun 50 illik yubileyi təntənəylə qeyd edilib. 2005-ci ildə 60 illiyi, nəhayət, 4 fevral 2015-ci ildə 70 illik yubileyi ən yüksək səviyyədə qeyd olunub. Sənətkarı təbrik etmək üçün azərbaycanlı qonaqlarla yanaşı, MDB ölkələrindən də tanınmış sənətkarlar təşrif buyurublar və və tədbirlərdə iştirak ediblər. Qeyd etmək lazımdır ki, Bakıdan əvvəl isə böyük sənətkarın yubilieyi həm də Rusiyanın paytaxtı Moskva şəhərində qeyd edilib. Polad Bülbüloğlünün yubiley tədbirləri həm də Gürcüstanın paytaxtı Tbilisidə keçirilib. Bütün bunlar P.Bülbüloğlu sənətinə hörmətin və xalqlar dostluğunun göstəricisidir.
Əzizimiz Polad müəllim, biz bir Azərbaycan vətəndaşı olaraq sizin hər bir uğurunuza sevinirik. Çünki sizin hər bir uğurunuz bizim uğurumuzdur. Siz Hər yerdə Azərbaycanımızı təmsil edirsiniz. Siz şərəfli bir həyat yolu keçmisiniz. Sizi sevən milyonlarla insan, sizi sevən dövlətiniz var. Həyatda nə varsa, hamısına nail olubsunuz. Allahdan sizə cansağlığı, uzun ömür arzulayırıq. Həmişə bizi diplomatik qələbənizlə, həmişəcavan səsinizlə, mahnılarınızla sevindirəsiniz. Bir də, 75 illik yubileyinizi Şuşada keçirməyinizi arzulayıram!
Polad Bülbüloğlunun musiqi yazdığı filmlər:
"İstintaq davam edir", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə", "Oxuyur Müslüm Maqomayev", "Abşeron ritmləri", "Var olun, qızlar", "Səmt küləyi", "Ürək, ürək", "Sevinc buxtası", "Mən mahnı qoşuram", "Babək", "Qorxma, mən səninləyəm", "Yol əhvalatı", "Hökmdarın taleyi", "Dolu", "Qorxma, mən səninləyəm" (1919), "Yarımçıq xatirələr".
Hüseyinbala Eyvazov