"Büdcədən ayrılan vəsaitlərin böyük əksəriyyəti tikinti-təmir işinə və avadanlıq alınmasına xərclənir"
Əhliman Əmiraslanov: "Təəssüflə qeyd edirəm ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır"
Adil Qeybulla: "Dövlət büdcəsində səhiyyə xərcləri artsa da, onlar səmərəli xərclənmədiyinə görə, bu tibbi xidmətin keyfiyyət dəyişikliklərinə səbəb olmur"
Məlum olduğu kimi, ötən il istisna olmaqla, son 20 ildə Azərbaycanda səhiyyə xərcləri artırılır. Lakin buna rəğmən, büdcədən maliyyələşən səhiyyə ocaqlarında nə ruşvətin səviyyəsi enmir, nə də vətəndaşlara göstərilən xidmətin keyfiyyəti yüksəlmir. Düzdür, bir neçə ildir ki, bir çox mütəxəssislər problemdən çıxış yolunu tibbi sığortanın tətbiq edilməsində görür, amma tibbi sığortanın tətbiqinə başlanması da hələlik uzanır.
"2018-ci ilin büdcəsinin ötən ilin büdcəsi ilə müqayisədə 20 faiz artması ölkəmizdə iqtisadi yüksəlişdən xəbər verir. Belə ki yeni büdcədə sosial sahələrə ayrılan vəsait artırılıb. Büdcənin 1/3-inin sosial sahələrə ayrılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqətidir". Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov ötən il parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib. O, fikrinə davam edərək, növbəti ilin dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan vəsaitin artırılığını diqqətə çatdıraraq vurğulayıb ki, buna baxmayaraq 2018-ci ilin büdcəsində adambaşına düşən səhyyə xərcləri azaldılıb: "Təəssüflə qeyd edirəm ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Bu xərclərin az olması, həkimlərin maaşların aşağı olduğu, ölkədə yeni inşa edilən, müasir avadanlıqlarla təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına mane olur. Bu il səhiyyə xərcləri ötən ilkindən bir qədərdə az nəzərdə tutulub. Əhalinin artımı nəzərə alınaraq bu xərclər artırılmalıdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq o zaman səhiyyədə problemlər yaranacaq".
Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. "Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa eşitmə qabilliyyətini birdəfəlik itirə bilərlər. Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır".
Qeyd edək ki, səhiyyəyə 2016-cı ildə dövlət büdcəsindən 500 milyon manata yaxın, 2017-ci ildə 529 milyon, 2018-ci ildə 518 milyon, 2019-cu ildə isə 817 milyon manat vəsait ayrılıb. Otən il səhiyyə xərclərinin 11 milyon azalması hətta, parlamentdə böyük narahatlığa səbəb olmuşdu. Bu il səhiyyə xərcləri ötən ilə nisbətən 58 faiz artırılıb. İl yeni başlayıb, görəsən doğrudanmı xərclərin artırılması səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasını gətirib çıxaracaq?
Adının çəkilməsini istəməyən, dövlət tibb müəssisəsində 30 ildən çox çalışan həkim bizimlə söhbətində dedi ki, büdcədən ayrılan vəsaitlərin böyük əksəriyyəti tikinti-təmir işinə və avadanlıqların alınmasına xərclənir: "Lakin 20 il təhsil alıb həkimlik peşəsinə yiyələnən, 30 il iş stajına malik olan həkimə ən yaxşı halda ayda 200-300 manat əməkhaqqı verirlər. Təmir edən də, avadanlıq gətirən də, dərman təhcizatı ilə məşğul olan da müəyyən yollarla qazanır, amma bütün bu xərclərin fonunda, əsas işi görən - müalicə ilə məşğul olan həkim üçün heç bir dolanışıq yeri yoxdu. Xəstə nə versə, bizim qazancımız odur. Bu gün dövlət büdcəsindən iki milyard vəsait ayırsalar da, ondan həkimə heç nə çatmır, məncə dövlət tibb ocaqlarında səhiyyə xidmətinin keyfiyyətinin aşağı olması bununla bağlıdır. Heç kim dövlət tibb müəssisəsində işləmək istəmir. İşləyənlər də həm özəl, həm də dövlət xəstəxanasında çalışır ki, özünə müştəri tapa bilsin".
Professor Adil Qeybulla məsələyə münasibət bildirərkən dedi ki, dövlət büdcəsində səhiyyə xərcləri artsa da, onlar səmərəli xərclənmədiyinə görə, bu, tibbi xidmətin keyfiyyət dəyişikliklərinə səbəb olmur: "O, xərclərin əsas hissəsi müalicəyə sərf olunmur. Xərclərin əsas hissəsi xəstəxana tikintisinə, təmirə və s. ayrılır. Elə bu sistem üzrə də ayrılan vəsait rassional olaraq xərclənsə, bu mütləq keyfiyyətin yaxşılaşmasına gətirib çıxarar. Bununla yanaşı, Azərbaycanda səhiyyə xərcləri nə qədər intensiv artırılsa da, dünyanın digər ölkələri ilə müqayisədə respublikamızda bir nəfərə düşən səhiyyə xərcləri çox aşağıdır. Buna baxmayaraq, ortada olan vəsaitlər qeyri-səmərəli xərclənir. Səmərəlilik artırılsa, icbari tibbi sığorta işə düşsə, vəziyyət dəyişər. Artıq neçə ildir ki, icbari tibbi sığortanın işə düşməsi gözlənilsə də, hələ bu baş vermir. İndi ağentlikdən bildirilir ki, bu işə gələn il start veriləcək, amma mən şübhə edirəm".
A.Qeybulla icbari tibbi sığorta modelinin seçilməsinə toxunarkən bildirdi ki, uzağa getmək lazım deyil, qardaş Türkiyədəki model tətbiq edilsə və göstəricilərimiz bu ölkənin təbabət göstəricilərinə uyğunlaşdırılsa, problemlərin həlli asanlaşar. Onun sözlərinə görə, hazırda yalnız bu barədə danışılır, müzakirələr isə yalnış istiqamətdə aparılır: "Bir daha vurğulamaq istəyirəm ki, biz mütləq Türkiyə modelini seçməliyik və xəstələrin optimallaşdırılmasında ciddi addımlar atılmalıdır. Vəsaitlərin çoxu təhcizat-təminat istiqamətində xərclənsə də, bu sahədə də ciddi çatışmazlıqlar var".
Yuxarıda adambaşına düşən xərclərin aşağı olması vurğulandı, ona görə də qeyd etməyi vacib bildik ki, dünyada adambaşına düşən ən yüksək səhiyyə xərcləri Lüksenburqda qeydə alınıb- 6 835 dollar. Bu göstərici digər Avropa ölkələrində 3-5 min dollar arasındadır. Ötən ilin statistikasına əsasən, adambaşına düşən səhiyyə xərcləri Gürcüstanda 80 dollar, Ermənistanda 56 dollar, Azərbaycanda isə 44 dollar təşkil edir.
Mütəxəssislərin vəziyyətdən çıxış yolu kimi göstərdiyi icbari tibbi sığortanın tətbiqinə gələn ildən başlanılması nəzərdə tutulur, ancaq, müstəqil ekspertlər buna şübhə ilə yanaşırlar.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməlidir.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb" qəzeti, "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi" və "Azərtibbtəchizat" məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə veriləcək.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirmək və həmin işləri əlaqələndirmək, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görmək tapşırılıb.
Akif Nəsirli