Belə bir tədbiri Bakıda keçirməklə, Azərbaycan dünyaya özünü turizm ölkəsi kimi təqdim etmək mesajını verir
Kənan Quluzadə: "Toplantı ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması üçün çox böyük fürsətdir"
Ruslan Quliyev: "Yəqin ki, məkan olaraq Bakının seçilməsində Azərbaycanın öhtəliklərinin yerinə yetirməsi və son illər turizm sahəsindəki inkişaf meyiləri nəzərə alınıb"
Rövşən Ağayev: "Ölkəmizdə turizm sektoru qarşısında ciddi maneələr var və turizmin inkişaf etdirilməsi üçün bu maneələrin aradan qaldırılması vacibdir"
Azərbaycan dünyada turizm sektorunu inkişaf etdirməyə cəhd edən ölkə kimi qiymətləndirilir. Ölkə 2002-ci ildən BMT yanında Ümumdünya Turizm Təşkilatının üzvüdür. Artıq bu günlərdə qəbul edilən qərar ölkəmizin bu təşkilata üzv olaraq qazandığı uğurlar sırasına qeyd edilə bilər.
Belə ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ümumdünya Turizm Təşkilatının ("FİTUR") Baş katibi Zurab Pololikaşvili arasında qurumun İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb. Agentlikdən verilən xəbərə görə, imzalanma mərasimində F.Nağıyev hər kəsi Bakıya, Azərbaycana dəvət edərək ölkənin yeni turizm brendinin konsepsiyasına uyğun olaraq Azərbaycana bir daha yenidən baxmağa, zəngin tariximizi, mədəniyyətimizi, dadlı mətbəximizi, fərqliliyimizi, qonaqpərvər və mehriban insanlarımızı yenidən tanımağa çağırıb. 110-cu sessiyada dünyanın 35 ölkəsindən turizm üzrə nazirlərin iştirakı gözlənilir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti dünəndən başlayaraq yanvarın 27-nə qədər Madriddə keçirilən ənənəvi "FİTUR" beynəlxalq turizm sərgisində iştirak edəcək. Sərgi çərçivəsində şərab turizm mövzusunda beynəlxalq konfrans da keçirilir. Şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olması, Azərbaycanın şərab məhsullarının dünya miqyasında daha çox tanıdılması və ixracının dəstəklənməsi baxımından sərgi çərçivəsində təşkil olunacaq şərab turizmi üzrə tədbirdə Dövlət Turizm Agentliyinin də iştirakı əhəmiyyət kəsb edir. Artıq 39 ildir ki, "FİTUR" sərgisi turizm mütəxəssisləri üçün qlobal görüşmə nöqtəsi hesab olunaraq ibero-amerikan bazarları ilə ticarət əlaqələri baxımından aparıcı rola malikdir. Təkcə 2018-ci ildə sərgiyə dünyanın 165 ölkə və regionundan 10 190 sərgi iştirakçısı qatılıb.
Agentliyin mətbuat xidmətinin rəhbəri, Kənan Quluzadə bizimlə söhbəti zamanı bildirdi ki, qurumun İcrayyə Şurasının növbəti sessiyasının Bakıda keçirilməsi böyük uğurdur: "Azərbaycan turizmin inkişaf etdirilməsində marağı olan dünya ölkələrindən biridir. Bununla yanaşı, ölkəmiz dünyanın turizm ictimaiyyətinin diqqət mərkəzindədir, Azərbaycana dünyada maraq böyükdür. Son dövrlər bu sahədə Azərbaycanın imza atdığı yeniliklər, görünür Ümumdünya Turizm Təşkilatının diqqətindən yayınmayıb və bu cəhdlər dəyərləndirilərək belə qərar qəbul edilib. Bu, ölkəmiz üçün çox böyük və onəmli tədbirdir. Nəzərə alın ki, 35 ölkənin turizm naziri Azərbaycana gələcək və ölkəmizin turizm potensialı ilə yaxından tanış olacaq. Bu Azərbaycanın turizm sənayesinin inkişafına önəmli töhfələr verə bilər. Toplantı ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması üçün də çox böyük fürsətdir. İnanıram ki, həm dövlətimiz, həm də turizm sahəsində çalışan iş adamları bu imkandan yararlanacaqlar".
"Tədbirin Bakıda keçirilməsi Azərbaycanın turizm sahəsində inkişafına güclü təkan verəcək"
Turizm sahəsində təcrübəsi olan Qlobal Sağlamlıq-Turizm Təşkilatının sədri Ruslan Quliyev məsələyə münasibət bildirərkən qeyd etdi ki, Ümumdünya Turizm Təşkilatının ("FİTUR") üzvülərinin təşkilat qarşısında öhtəlikləri var və "FİTUR"da həmin ölkələrin turizm sahəsində fəaliyyətinin statistikası aparılır: "Yəqin ki, məkan olaraq Bakının seçilməsində Azərbaycanın öhtəliklərinin yerinə yetirməsi və son illər turizm sahəsindəki inkişaf meyiləri nəzərə alınıb. Seçim edilərkən ölkənin dayanıqlı inkişafı və adekvat səviyyəli tədbirlərin keçrilmə təcrübəsi önəmli yer tutur. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın turizm sahəsində inkişafına güclü təkan verəcək".
R.Quliyev onu da vurğuladı ki, Qlobal Sağlamlıq-Turizm Təşkilatı olaraq bu forumdan böyük gözləntilərimiz var, bu perspektiv hədəflər baxımından çox önəmli fürsətdir.
Azərbaycan turizmə can atan ölkədir
İqtisadçı-ekspert Rövşən Ağayev bu xüsusda bizimlə söhbət edərkən bildirdi ki, Azərbaycan dünyada turizm sektorunun inkişafına can atan ölkə kimi qiymətləndirilə bilər, lakin çox təəssüflər olsun ki, hal-hazırda Ermənistandan başqa bütün qonşularımıza bu sahədə uduzuruq: "Bu gün Azərbaycan hökuməti hesab edir ki, qeyri-neft sektoru içərisində ölkəyə ən böyük qazanc gətirən sahə turizm ola bilər və yanılmırlar. Məsələn, 2017-ci ildə turizm saphəsindən 2,7 milyard dollar gəlir əldə edilib ki, qeyri-neft sektorunun digər sahələrində bu qədər gəlir əldə edə bilən bir seqment yoxdur. Bununla yanaşı, Bakıda belə bir tədbirin keçirilməsi ilə hökumət dünyaya özünü turizm ölkəsi kimi təqdim etmək mesajını verir, bu sahənin inkişafında maraqlı olduğunu diqqətə çatdırmağa çalışır. Bu bir iradə nümayişidir və önəmli bir addımdır. Amma bu mesajların, istəklərin arxasında əməli iş, ciddi fəaliyyət dayanmalıdır".
Ekspert bizimlə söhbəti zamanı bildirdi ki, ölkəmizdə turizm sektoru qarşısında ciddi maneələr var və turizmin inkişaf etdirilməsi üçün bu maneələrin aradan qaldırılması vacibdir: "Dünyada turizmin inkişaf indikatorlarından biri gələn turistlərin ölkə əhalisinə nisbətidir. Hazırda dünyanın turizm sahəsində inkişaf etmiş ölkələrindən gələn turistlərin sayı ölkə əhalisinin sayından bir neçə dəfə çoxdur. Lakin bizim bu ölkələrlə rəqabətə girməyimiz, ölkəmizi onlarla müqayisə etməyimiz tezdir. Məsələn, Gürcüstana hər il ölkə əhalisinin sayından 2 dəfə çox turist gəlir. Azərbaycana isə ən yaxşı halda ildə əhalinin 25-30 faizi qədər. Bu, o deməkdir ki, Azərbaycanda turizm sahəsində hələ görüləsi işlər çoxdur. Bu gün turizm qarşısında dayanan bir neçə maneəni qeyd etmək istərdim. Müşahidələr göstərir ki, ən böyük maneə ölkəmizdə turizm xidmətlərinin baha olmasıdır. Orta statistik turistin yanaşması ondan ibarətdir ki, Türkiyə və Gürcüstanda qiymətlər Azərbaycanla müqayisədə iki dəfəyə qədər ucuzdur. Bu, ən böyük maneədir, bu səbəbdən biz hətta, yerli turistləri də itiririk. İkinci maneə ölkəyə gediş-gəliş vizasının olmasıdır. Fikir verirsinizsə, ərəb ölkələri ilə viza məsələsinin aradan qaldırılması, son illər Azərbaycanda ərəb turistlərin sayının artmasına səbəb oldu. Çox təəssüf ki, biz Türkiyə və Avropa ölkələri ilə vizasız gediş-gəlişə nail ola bilməmişik. Qeyd edim ki, turistlərin ölkəyə cəlb edilməsi strategiyasını işləyərkən inkişaf etmiş, əhalisinin rifahı yaxşı olan ölkələrə daha çox üstünlük verilməlidir. Bir ərəb turist gəlib min dollar xərcləyəcəksə, bir avropalı turist isə bir neçə dəfə daha çox səxavət göstərəcək, çünki yüksək gəlirli ölkələrdən gəlib, imkanı daha çoxdur. Bu strategiyanı işləsək, bizim üçün turist sayı o qədər də önəm kəsb etməyəcək. Üçüncüsü, bizdə xidmətin keyfiyyəti çox aşağıdır. Bu istiqamətdə xeyli cəhdlər göstərilir, amma çox təəssüf ki, hələ də Türkiyə və Gürcüstana belə, uduzuruq. Dördüncü məsələ isə tanıtım məsələsidir. Düzdür, beynəlxalq televizyalarda Azərbaycanın tanıtım çarxları nümayiş etdirilir, amma düşünürəm ki, bu işlər birbaşa internet üzərindən həyata keçirilsə daha səmərəli olar".
Bununla yanaşı, mütəxəssislər həm də turizm sahəsində ciddi inhisarçılığın höküm sürməsini də, turizmin inkişafı qarşısında duran önəmli maneələrdən sayırlar.
Akif Nəsirli