Rektor müəllim və tələbələri niyə əsas binaya buraxmır?
ADAU-da kadr təyinatı ilə bağlı şok faktlar
Bu günlərdə "Gündem xəbərin" Gəncə bürosuna Azərbaycan Dövlət Aqrar Universitetində baş verənlərlə bağlı universitetin bir qrup müəllimi müraciət edib. Müəllimlərin şikayətindən sonra "Gündəm xəbər"in əməkdaşı universitetdə olub və onların şikayətini araşdırıb. ADAU-da nələr baş verir? Əməkdaşımızın reportajını təqdim edirik:
Universitetin Xan bağının yaxınlığında yerləşən əsas korpusuna rektor İbrahim Cəfərov tərəfindən nəinki kənar şəxslərə, hətta universitetin müəllim və tələbələrinə giriş qadağası qoyulduğunun şahidi olduq. Universitetin rektorunun bu qadağanı nə üçün qoyduğunu aydınlaşdırmağa çalışdıq. Bildirdilər ki, əsas binaya buraxılış qadağası nəinki kənar şəxslərə, hətta tələbə və müəllim kontingentinə də tətbiq olunur. Onda sual olunur, nəyə görə ADAU-nun digər korpuslarında bu qadağalar tətbiq edilmir. Görünür, təhlükəsizliyi təmin olunacaq kontingent yalnız əsas binada yerləşir. Yəni bu şəxslər rektor İbrahim Cəfərov və onun yaxın ətrafına daxil olan şəxslərdir. Universitetin müəllimlərinin dediyindən belə məlum olur ki, İbrahim Cəfərov rektor təyin edildikdən sonra ADAU-da özünəməxsus "ənənələr"in əsasını qoyub.
Ancaq bu hələ harasıdır? Universitetin müəllimləri onu da bildirdilər ki, artıq bir neçə ildir ki, kənd təsərrüfatı və iqtisadi sahələr, bir sözlə, qeyri-neft sektoru, əsasən də aqrar sahə üçün ixtisaslı kadrlar yetirmək üzrə ixtisaslaşmış universitetdə bu gün kadr yetişdirmək əvəzinə başqa oyunlar baş verir. Bu təhsil ocağının ziyalı kadrlarına qarşı ardı-arası kəsilməyən hücumlar olduğu bildirilir.
Universitet daxilində və xaricində özünün elmi nailiyyətləri ilə ad qazanan müəllimlər sıxışdırılır. Rektor naxçıvanlıyam deyərək, görkəmli ictimai-siyasi xadimlər, ziyalılar yetirən bölgəyə, onun imicinə xələl gətirir. O daim bu kimi yersiz ifadələr işlətməklə sözün əsl mənasında vətənpərvər , xalqını, vətənini sevən ziyalı naxçıvanlıların da imicini zərbə altında qoyur.
Bu gün ADAU-nun rektoru son zamanlar vətəninə dönük çıxan bir qrup “müxalifyönlü” qüvvələri və ona əqidə qohumları olan yaxınlarını ətrafına toplayıb , universitetdə, aqrar sahədə elmi inkişafın qarşısını alır. O, nüfuzlu alimlərə, iqtisadiyyat sahəsində elmi araşdırma aparan alimlərə qarşı müxtəlif kampaniyalar təşkil etdirməkdən usanmır.
Şikayət edən müəllimlərin dediyindən məlum olur ki, universitetdə hamıya deyil, müəyyən alim təbəqəsinə qısqanclıqla yanaşan rektor özü elə həmin universitetdə 91-lərdən olan mərhum akademik Məmmədtağı Cəfərovun sayəsində birtəhər alim olub. Elmi nailiyyətlərini , karyerasını dövrünün görkəmli alimi , qabaqçıl ictimai xadimi, eləcə də ağsaqqalı olan Məmmədtağı Cəfərovun zamanında əldə edən İbrahim Cəfərov onun dövründə yetişdirilən kadrlardan sayılır.
Ölkə başçısının iqtisadi sahə, kənd təsərrüfat, ixtisaslı kadrların hazırlnması sahəsində tövsiyələrinə uyğun olaraq ADAU-da hansı addımlar atılır? Universitetdə kadr siyasəti ilə bağlı nə kimi tədbirlər görülür? İbrahim Cəfərov görəsən, sələfləri kimi kadr yetişdirmək haqqında düşünürmü?
Təəssüflər olsun ki, bu gün universitetdə aparılan kadr islahatını həqiqi islahat adlandırmaq mükün deyil. Universitetdə öz məntiqinə uyğun kadr siyasəti aparan İbrahim Cəfərov heç də sələfləri kimi uğurlu, təcrübəli, işini bilən kadrlar yetişdirmək haqqında düşünmür.
Belə ki, Zaqafqaziyanın kənd təsərrüfatı sahəsində ən böyük elm-təhsil ocağı olan ADAU-da rəhbərlik bu gün heç də aqrar sahədə bacarıqlı kadrlar yetişdirmək məsələsinin qayğısına qalmır. Rektoru kadrların elmi-praktik nailiyyətləri, qeyri-neft sektoru sayılan kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı maraqlandırmır. Onun kadr siyasəti yalnız bir "prinsip"ə əsaslanır: ADAU rektoru qohumbazlıq, dostbazlıq əsasında kadr siyasəti aparır.
Hazırda universitetdə vəzifələr əsasən vaxtilə rektora yaxın olan adamlar, eləcə də İbrahim Cəfərovun təbiri ilə desək, "cibinin pulu"olan dostları arasında bölüşdürülür. Bu gün universitetdə alim, professor heyəti saya salınmamaqdadır. Rektor İbrahim Cəfərov təhsilin keyfiyyəti, ədalətli, obyektiv kadr islahatı barədə düşünmək əvəzinə özünə və yaxın dostlarına gün ağlamaqdadır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 29 dekabr 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Ancaq başı eyş-işrətə qarışan İbrahim Cəfərovun deyəsən, bu konsepsiyadan məlumatı yoxdur. Əgər olsaydı, onda ADAU rekrotu bu gün magistr yetirən şöbədə rəhbər vəzifəsinə hər hansı elmi nailiyyəti olmayan , qiyabi şöbəyə isə "saxta diplom "ovçusu olan şəxsi rəhbər təyin etməzdi. Bu gün ADAU-nun kafedralarında alimlər elm-təhsil sahəsindən uzaqlaşdırılır, onlar heç bir elmi dərəcəsi olmayan şəxslərlə əvəz olunur. Ümumiyyətlə, audutoriya üzü görməyənlər "Əməkdar müəllim" titulları ilə təltif olunur, Heydər Əsədov və İbrahim Cəfərovun xeyir-duası ilə vəzifələrə təyinat alırlar. Bu günlərdə ADAU-nun rektoru daha bir
yaxın dostunu vəzifəyə təyin etdirib. Həmin şəxs uzun müddət öz şəxsi arzu və istəklərini ADAU-nun hesabına reallaşdırıb, elmə heç bir töhfəsi olmayıb. Universitet müəllimlərinin dediyinə görə, İbrahim Cəfərov belə bir şəxsi elmi-tədqiqat institutuna direktor təyin etdirməklə öz gücünü nümayış etdirib. Görünür, bu gün ADAU-da ölkə başçısının tövsiyələrinə uyğun siyaət aparılmır. Kadrlar kimlərinsə arzu və istəyinə müvafiq olaraq, təyin olunur.
Tez-tez naxçıvanlı olmasını dilə gətirən rektorun təyinatları bu günə kimi elmdən xəbərsiz olanları əhatə edir. İbrahim Cəfərov universitetdə qruplaşma yaradıb və özünə müvafiq gəlir gətirə biləcək sahələrə kadrlar yerləşdirməklə məşğul olur. Şikayətçilər bildirirlər ki, rektorun iştirakı ilə keçirilən iclaslarda elmdən, elmi nailiyyətlərdən, kənd təsərrüfatının ayrı-ayrı sahələrində hər hansı təcrübələrin aparılmasından deyil, universitet müəllimlərinə qarşı təhqir xarakterlı, bayağı, gülüş doğuran hadisələrdən danışılır.
Bu gün ölkə başçısının bütün sahələrdə olduğu kimi, aqrar sahədə də kadr yetişdirmək haqqında tövsiyələri, göstərişləri ADAU-da rektorun sayəsində söz olaraq qalmaqdadır. Yəni, ADAU-nin alim, tələbələrinin üzünə bağlı qapılardan heç tövsiyələr də içərilərə doğru buraxılmır.
Təəssüf ki, baş verənlərlə bağlı ADAU rəhbərliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə yazıda adı çəkilənlərin mövqeyini dinləməyə hazırıq.
Bir daha təəssüf edirik ki, zəngin maddi-texniki bazaya malik olan ADAU-da bu gün kənd təsərrüfatının müxtəlif sahələrində iqtisadi inkişaf zəminində elmi nailiyyətlər, yenicə təmirdən çıxan zəngin laboratoriyalarda, audutoriyalarda elmi araşdırmalar deyil, ancaq narazılıqlar tüğyan edir.
Mehriban Əzizqızı
GundemXeber.Az
Heydər Əsədov ADAU-da baş verənlərə göz yumur