Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istəyib

 

“Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb”.

 

APA-nın məlumatına görə, bu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanan müraciətdə əksini tapıb.

 Müraciətdə qeyd edilib ki, oktyabrın 30-da Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirib. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb: “SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun Aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyara çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri-mümkündür. Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibəsini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc erməni və azərbaycanlı əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi risk amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi. Beynəlxalq hüquq normaları və beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər çərçivəsində münaqişənin tezliklə və ədalətli həlli bütün regionun iqtisadi inkişafına təkan verəcək. Bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir. Belə bir ağrılı problemin həllində biz Sizlərə hərtərəfli yardım etməyə, hər iki ölkənin ictimaiyyətini sülhə hazırlamağa hazırıq”.

 Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yenidən təşkilatlanaraq çox mühüm və eyni zamanda çətin bir missiyanı - sülh quruculuğunu üzərinə götürüb: “Bilirik ki, bu yolda bizi çox çətin sınaqlar, təzyiqlər və hətta təhdidlər gözləyir. Buna baxmayaraq, biz inandığımız bu nəcib işdən, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşaması istiqamətində apardığımız müqəddəs missiyadan bir addım da olsa geri çəkilməyəcəyik. Qurultay Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Tbilisidə, Yerevanda və Bakıda mənzil-qərargahlarının yaradılması, Ermənistanda və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib. Ümid edirik ki, Siz dövlət başçıları olaraq bizim bu istəyimizə və təklifimizə yox deməyəcək və sülh yaratma missiyasını həyata keçirmək üçün bizə lazımi dəstəyi verəcəksiniz”.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qurultayının iştirakçıları bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib.

 Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

 “Sizin mənəvi və ruhani idarəçiliyiniz altında olan iki xalq 30 ilə yaxındır ki, qarşılıqlı nifrət və düşmənçilik hissləri içərisində yaşamaqdadır. Sizə məlumdur ki, bu düşmənçiliyin əsası aşılanan kimi dərin və dayanıqlı deyil. Hətta müəyyən qüvvələr müəyyən bir dövr ərzində bu münaqişəyə milli və dini don geyindirməyə çalışsalar da, məhz Sizin birgə fəaliyyətiniz nəticəsində bu mənfur əməllərin qarşısı alınıb və bir daha təkrarlanmayıb. Eyni zamanda, Sizin qarşılıqlı əməkdaşlığınızın nəticəsidir ki, bir çox hərbi əsirlər azadlığa buraxılaraq öz vətənlərinə qayıdıb. Ümidverici bir haldır ki, 2010-cu ildə Sizin qarşılıqlı əməkdaşlığınız nəticəsində Bakıda yerləşən Müqəddəs Maarifləndirici Qriqori kilsəsində ayin keçirilib. Bu və buna bənzər hallar bir daha onu göstərir ki, erməni və Azərbaycan xalqları arasında sülhü bərqərar etmək mümkündür. Məhz bu səbəbdən də Sizin hər iki xalq üzərində olan mənəvi nüfuzunuz qarşı tərəfləri daim sülhə dəvət etməli və bütün sülhquruculuğu təşəbbüslərinə dəstək olmalıdır".

 Müraciətdə bildirilir ki, son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına olan bütün ümidləri məhv etməli idi, lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər: "6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir. 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. Qurultay iştirakçıları adından Sizə müraciət edərək, bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulması üçün sülh təşəbbüslərimizə dəstək verməyinizi xahiş edirik”.

0.16251587867737