Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunarsa... - 7 ilə kimi həbs gözləyir

 
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva Londonda xərclədiyi pulların mənbəyini açıqlaması üçün məhkəmə qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmadığını deyib.
 
Z. Hacıyeva Azərbaycan vətəndaşı olduğu üçün onun ölkəyə ekstradisiya məsələsi də qabardılıb. Lakin xanım Hacıyevanın vəkili Hyuqo Keyt vəsatət qaldıraraq onun Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər ev dustağı kimi Londonda qalmasını istəyib.
 
Bəs Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası reallaşa bilərmi? O hansı maddələrlə ittiham olunacaq?
 
BakuPost.az bu suallarla hüquqşünas Səməd Vəkilova müraciət edib. S. Vəkilov bildirib ki, Z, Hacıyevanın həbsi reallaşarsa, o, Azərbaycana göndərilə bilər:
 
"Zamirə Hacıyeva mənimsəmə maddəsi ilə ekstradisiya oluna bilər. Çünki Azərbaycan Beynəlxalq Bankının səhmlərinin böyük hissəsi dövlətə məxsusdur. Ona görə burada söhbət mənimsəmədən gedə bilər və cəzası aşağıdakı maddələrlə müəyyən ediləcək:
 
 
Maddə 179. Mənimsəmə və ya israf etmə
 
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
179.2. Eyni əməllər:
 
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
 
179.2.2. təkrar törədildikdə;
 
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
 
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
 
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
 
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
179.3.2. külli miqdarda törədildikdə;
 
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Lakin Zamirə Hacıyeva ifadəsində deyib ki, pulların mənbəyini bilmir. Əgər söhbət Cahangir Hacıyevin verdiyi pullardan gedirsə, bu halda onun xanımının cinayət məsuliyyətinə cəlb olunma perspektivi aşağıdır”.
0.19683408737183