“Bir neçə dəfə “Prado” markalı avtomobildə özü də gəlib tikintinin gedişi ilə maraqlanmışdı”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəzi Eldar Əzizov (BŞİH) Bakıda daha bir qanunsuz tikintinin dayandırılması haqda göstəriş verib.
Ətrafda yaşayan sakinlərin“AzPolitika.info”ya verdiyi məlumata görə, Bakının T.Şərifli küçəsində iki yaşayış binasının qarşısındakı yaşıllıq ərazidə qanunsuz tikinti yay aylarında başlayıb, bu yaxınlarda isə BŞİH əməkdaşları hadisə yerinə gələrək tikintinin dayandırılmasını tələb ediblər.
Sakinlər iddia edirlər ki, BSİH əməkdaşlarının yoxlaması zamanı arxasında yüksək rütbəli polis zabitinin - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərovun durduğu tikintinin tamamilə qanunsuz aparıldığı üzə çıxıb və bu səbəbdən də tikinti dərhal dayandırılıb.
Ətrafda yaşayan sakinlərin müraciəti əsasında əməkdaşımız hadisə yerində olub, müşahidə edib ki, həqiqətən də yaşayış binalarının qarşısındakı yaşıllıq ərazidə aparılmış tikinti yarımçıq dayandırılıb. “Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətindən gəldilər və tikintini dayandırdılar”, – ərazidə ticarətlə məşğul olan və adının çəkilməsini istəməyən vətəndaş əməkdaşımıza bildirib.
O, təsdiq edib ki, tikinti BDYP rəisi Nuşirəvan Səfərova məxsusdur: “Hə, deyirlər onundur. Bir neçə dəfə “Prado” markalı avtomobildə özü də gəlib tikintinin gedişi ilə maraqlanmışdı. Amma tikintiyə 2 nəfər mülki geyimli şəxs nəzarət edirdi. İndi deyirlər qanunsuz imiş. Ona görə dayandırıblar”.
Mənbə həmçinin bildirib ki, ətrafda yaşayan sakinlər ilk gündən yaşıllıq ərazidəki bu tikintiyə qarşı olublar, ancaq kütləvi etirazlar olmadığından tikinti aparılıb.“Baxın, tikinti arxadakı binanın az qala pəncərələrinin qabağını kəsib. Əlbəttə ki, sakinlər narazı idi, axı bura bina tikmək yeri deyil. Ancaq kimdir indi şikayətə baxan?! Söhbət yayılanda ki, işin arxasında polis var, heç kim səsini çıxarmadı. Ərazidə bir neçə cavan ağac da var idi, gecəylə məhv edib tikintiyə başladılar…”
Qeyd edək ki, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunduqdan sonra (16 iyul 2018) Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtda qanunsuz tikintilərlə mübarizəyə başlayıb. Artıq bir neçə qanunsuz tikili sökülüb, ərazi əvvəlki vəziyyətinə qaytarılıb. Belə tikintilərin əksəriyyətinin arxasında isə yüksək postlar tutan məmurların durduğuna heç bir şübhə yoxdur – ya ərazini satan, qanunsuz tikintiyə şərait yaradan onlardır, ya da elə tikən.
Bu barədə Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da çox sərt danışmışdı.
“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”, – O, bildirmişdi.
Prezident xəbərdarlıq etmişdi ki, bundan sonra sərt cəza tədbirləri olacaq. Sitat: “Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.
İ Əliyev vətəndaşlara müraciətində isə deyirdi: “Bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.
Maraqlıdır ki, yuxarıda barəsində danışdığımız tikinti də məhz Prezidentin bu xəbərdarlığından dərhal sonra dayandırılıb.
T.Şərifli küçəsindəki tikintinin qanunsuz olduğu və bu səbəbdən dayandırıldığı ilə bağlı BŞİH-ə ünvanladığımız sorğu cavabsız qaldığından rəsmi təsdiq və ya təkzib ala bilmədik.
Tikintisi dayandırılan obyektin sahibi kimi təqdim olunan BDYP rəisi Nuşirəvan Səfərovun özü ilə birbaşa əlaqə saxlamaq mümkün olmadığından onun mövqeyini öyrənmək, qanunsuz tikintinin ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Rüfət Quliyevə müraciət etdik. O, BDYP-nin özünün mətbuat xidməti olduğunu qeyd edərək, ora müraciət etməyimizi tövsiyə etdi. BDYP-nin mətbuat xidmətindən isə sorğumuza cavab ala bilmədik.
Qeyd edək ki, Nuşirəvan Səfərovun polkovnik rütbəsində xidmətin son yaş həddinə çatdığı üçün yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir. Onun general rütbəsi almaq və vəzifəsini saxlamaq üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir. Görünür hələ yarımçıq işləri çoxdur…
Rasim ƏLİYEV
AzPolitika.info