Mobil operatorun yeni kampaniyası sadəcə “pul tələsi”dir?
Mobil operatorların öz müştərilərinə problem yaratmağı artıq adi hala çevrilib.
Dəfələrlə onların yarıtmaz fəaliyyətindən ölkə mediası yazsa da hələki onlar öz işində ciddi dəyişiklik etmirlər. Hətta əksinə şahid oluruq ki, şikayətlərin nəticəsiz qalmasına görə, müştərilər mövcud vəziyyətlə barışmağa məcbur olurlar. Və şikayət etməkdən bezirlər.
Mobil operatorlar vaxtaşırı yeni kampaniyalar və yeni xidmətlər təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər.
İş o yerə çatır ki, insanlar bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalırlar. Çünki təklif olunan tarif və xidmətlərlə real vəziyyət arasında ziddiyyət mövcuddur.
Azərbaycanda 3 mobil rabitə operatorundan biri olan “Nar Mobile” isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır.
Bu operatordan "Demokratikmusavat.com"-a da dəfələrlə müxtəlif cür şikayətlər olub. Onların arasında saxta reklamlar, yalançı kampaniyalar, müxtəlif mesajlarla balansdan pulların oğurlanması və s.
Qeyd edək ki, bu yaxınlarda “Nar” brendindən istifadə edən mağazanın (Azadlıq prospekti 41 X ünvanında) vətəndaş Taleh Xəlilovu aldadaraq, ona kreditdə olan telefonu “təzə” adıyla satması, telefonun 2 ay sonar bloka düşməsi barədə yazmışdıq. Əməkdaşımız araşdırma apararkən, mağazada bildirmişdilər ki, telefonlara “Nar Mobile” zəmanət verir. Bu barədə “Azərfon” işçiləri bizimlə əlaqə saxlayaraq, məsələni araşdıracaqlarını və açıqlama verəcəklərini bildirsələr də, sorğumuza hələ də cavab ala bilməmişik.
Bu gün isə Demokratikmusavat.com -a daha fərqli bir fırldaqla qarşılaşan vətəndaşlar müraciət edib.
Bizə danışan şikayətçilər bildirib ki, bir müddət öncə “Nar Mobile” operatoruna məxsus bir kampaniyaya qoşulublar. Kampaniyada 1000 dəq şəbəkə daxili, 1000 dəq şəbəkə xarici danışıq, 1000 sms və 2000 mb internet məxsus idi. Kampaniyanın aylıq ödənişi isə 12 manatdır.
Şikayətçi vətəndaş bildirib ki iş yerində bir neçə nəfər bu kampaniyaya qoşulub.
“İlk qoşulmada ayın yarısı olduğuna görə 6 azn çıxıldı. Ay tamam oldu və növbəti ayın 1-də 12 azn balansdan çıxılaraq kampaniya yeniləndi. Və beləliklə bir neçə ay davam etdi. İyul ayının əvvəli isə 12 azn balansdan silindii, ancaq kampaniya isə yenilənmədi. Dəfələrlə operatora zəng etmək istəsəkdə danışa bilmədik. Biz bir daha 12 manat ödədikdən sonra kampaniya yeniləndi. Bundan sonra yenidən dəfələrlə operatorla cəhdimizdən sonra operatorla danışmaq qismət oldu və bizə bildirdilər ki həmişə ayın axırı pul çııxılırdı bu dəfə əvvəli çıxılıb ona görə 2 dəfə çıxılıb deyə məntiqsiz bir cavab verdilər. Halbuki, indiyə kimi hər ayın əvvəli balansdan pul çıxılırdı, sonra kampaniya yenilənirdi. Bu dəfə isə bizim əlavə 12 AZN pulumuzu mənimsədilər”, – deyə şikayətçilər bildiriblər.
Göründüyü kimi, şikayətçi vətəndaşların hərəsindən 12 azn yoxa çıxdı ancaq operator bunun nə izahını nə səbəbini demir. Vətəndşlar isə balanslarından oğurlanan pulların üstündən “Su içmək”dən başqa əllərindən heçnə gəlmir. Zəng edib şikayət edəndə isə əsassız məntiqsiz bəhanələrlə yola verirlər.
Nəzərə alsaq ki, “Nar Mobile” operatorunun milyona yaxın istifadəçisi var, bu kampaniyaya qoşulan minlərlə vətəndaşın hərəsindən 12 AZN oğurlansa, ayda minlərlə manat “Nar Mobile” operatorunun cibinə gedir.
Biz məsələ ilə bağlı “Azerfon”un baş ofisinə zəng etsək də, operatorun səsini eşitmək qismətimiz olmadı. Ona görə də, elektron poçtla sorğu göndərdik və yaxın günlərdə sorğumuza cavab alarıqsa, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Mahir Abbas
demokratikmusavat.com