Bəs deyirdiniz çökməyəcək...

 

"Dünya o qədər saxtalaşıb ki, hamı yalana görə minnətdarlıq
edir, həqiqəti deyəndə isə inciyirlər" (Ömər Xəyyam)

 

 Yalanın hörməti yaman qalxıb, bu məmləkətdə

 Ay camaat, gəlin bu gün də bir qədər yalandan danışaq, yalan danışmayaq haaa, yalan danışmaq günahdır, yalandan danışaq...! Yəni bir qədər yalanın yaranma səbəblərindən, törətdiyi fəsadlardan danışaq, müzakirə edək görək nə üçün biz yalana daha çox inanırıq, nəinki həqiqətlərə. İlk öncə onu qeyd edim ki, yalan danışmaq üçün səbəb və şərait olmalıdır.

Bizim məmləkətimizdə bu kriteriya tamamiylə pozulub, desək yanılmarıq. Çünki bu məmləkətdə pəpə deyəndən, məmə deyənə qədər hamı heç bir səbəb və lüzüm olmadan yalan danışır. Yəni, Məşədi İbid demişkən, millət bir növ adətkarlıq mərəzinə yoluxub. Bu səbəbdən də, bu gün hamı düşünür ki, bu təkcə bizim tutulduğumuz mərəz deyil, ümumiyyətlə bəşəriyyət yalan üstündə bərqərar olub. Bunu düşünməyimiz üçün yetərli əsaslarımız da var. Fəqət, onların hamısını incələmək üçün bir qəzet səhifəsi yetməz.

Yuxarıda dahi söz xiridarı və filosof Ömər Xəyyamdan gətirdiyim bir misal da onu deməyə əsas verir ki, yalan, riyakarlıq, uzaqgörənlik və s. naqisliklər bu gün, yaxud dünən yaranmayıb. Yaxud da, digər bir söz xiridarımız Məhəmməd Füzulinin təxminən 500 il əvvəl söylədiyi "Salam verdim, rüşvət deyil deyə almadılar" kəlamını xatırlayın. Və bu gün ölkəmizdə rüşvətxorluğun, korrupsiyanın, yaltaqlıqın, hətta korrupsiya hallarının 0 həddinə çatdırıldığını iddia edən məmurların çıxışlarını müqayisə edin.

Bu inanılmaz bir fantastikadır, yaxud başdan ayağa qədər yalan, hansını istəyirsiniz qəbul edin. Əgər rüşvət amili 500-600 il əvvəl də mövcud olubsa, ölkəmizdə bu çirkinliyə qarşı mübarizədə ən barışmaz mövqe tutun ulu öndərimiz Heydər Əliyevin də bu bəlanı aradan qaldırmaq üçün göstərdiyi çabaların bir nəticə vermədiyi halda, necə olur ki, son on ildə bu hallar 0 həddinə qədər azalır?

Yalan, yalan, yenə də yalan...

 Yox, əgər həqiqətən də belədirsə, bu sahədə fərqlənənlərə, Milli Qəhrəman, hətta Nobel mükafatı düşür. Fəqət...

Mənim şəxsi müşahidələrim, insanlarla apardığım söhbətlər, qarşılaşdığım situasiyalar isə bunun tam əksini deməyə əsas verir. Yəni, ölkəmizdə rüşvətxorluğa, korrupsiyaya rəvac verən məmur özbaşınalığının qarşısı alınmadıqca, məmurların təyinatı qohumbazlıq, yerlibazlıq, tayfabazlıq, dostbazlıq kriteriyaları ilə həyata keçirildikcə, bu bəlanın qarşısını almaq mümkün olmayacaq. Çünki, hər hansı bir xəstəliyin qarşısını almaq üçün ilk növbədə bu xəstəliyi yaradan səbəbləri tapmaq lazımdır. Bizim situasiyada isə səbəblər məlumdur, lakin çox təəssüflər olsun ki, bu səbəbləri aradan qaldırmaq mexanizmi və istəyi yoxdur.

Məsələn, bir nəfər Təhsil Nazirliyinə şikayət edir ki, filan məktəbdə şagird qəbulu üçün filan məbləğdə rüşvət tələb edirlər. Bu şikayət anonim olarsa, ümumiyyətlə qəbul olunmur, yox, şikayətçi açıq şəkildə israr edərsə, bu halda məmur həmrəyliyi və özünümüdafiə kompaniyası işə düşür və bütün instansiyalarda vətəndaş haqsız duruma salınır. Arxası daha yüksək məmura bağlı olan məktəb rəhbəri-rüşvətxor isə hər tərəfdən müdafiə olunur.

Vətəndaşa da, sadəcə olaraq belə bir cavab verilir ki, sizin şikayətiniz araşdırıldı, göstərilən faktlar təsdiqini tapmadığı üçün şikayətiniz əsassız hesab olunur. Vəssalam! Çalışın gələcəkdə şər-böhtandan uzaq olun. Bu isə artıq vətəndaşa xəbərdarlıqdır ki, daha irəli getməsin. Belə bir cavab alan vətəndaş da qalır mat-məəttəl. Belə olacağına tam əmin olan məktəb rəhbərliyi də "Burada mənəm, Bağdadda kor xəlifə"-deyərək, öz əməllərini davam etdirir və qarşısına çıxıb, haqq-ədalət tələb edən hər kəsə, "get, hara istəyirsən şikayət et", deyə bilir. Çünki yalan üstə bərqərar olmuş bu məmləkətdə düz söz keçmir, yalan isə çox böyük hörmətə malikdir.

Hörmət dedim yadıma düşdü, axı bizdə rüşvətin bir adı da "hörmətdir". Yəni, yalana hörmət, saxtakarlığa hörmət, yaltaqlığa hörmət və s. Bu səbəbdən də düz danışmaq mümkünsüzlüyə çevrilib, bu məmləkətdə. Düz danışarsan, sənin özünü borclu çıxararlar.

Məsələn, son günlər yağan intensiv yağışlar Bakı şəhərini, eləcə də ətraf qəsəbələri keçilməz su hövzələrinə çevirdi. Bəzi yerlərdə çökmələr baş verdi, Masazır qəsəbəsində çoxsaylı avtomobillər su altında qaldı. Bunun qarşısını almaq olmazdımı? Olardı! Çünki bu problemlərin mövcudluğu hər kəsə gün kimi aydındır, çünki, ildən-ilə təkrarlanan bir prosesdir. Bu barədə şəxsən mən də dəfələrlə yazmışam, hətta yazılarımın birinin başlığı da "Masazır çökür, cənablar" idi, səhv etmirəmsə. Çökdu də. Bəs, deyirdiniz çökməyəcək.

Yaxud, həvalar soyuyan gündən Masazır qəsəbəsində təbii qaz demək olar ki, yoxdur, işıq gün boyu "göz vurur", insanlara acıq verir. "Azərişıq", "Azəriqaz" kimi dövlət qurumlarının rəhbərləri isə bütün çıxışlarında iddia edirlər ki, qışa tam hazırdırlar və heç bir problem gözlənilmir. Bəs, bizim əyani şəkildə görduklərimiz nədir, cənablar, nə vaxta qədər bu cür yalanlarla insanların başını qatacaqsınız? Bilmək istəyirəm, siz bununla kimi aldadırsınız, xalqı, özünüzü, yoxsa prezidenti?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev iddia edir ki, "ümumiyyətlə qazın olmamasında söhbət gedə bilməz, tək-tək mənzillərdə qazın təzyiqinin aşağı olması, ölkə üzrə qazın olmaması anlamına gəlmir".

Hörmətli həmkarım onu da qeyd edib ki, son iki gündə ümumi sərfiyyət bir milyon kub metr artırılıb. Ola bilər, bunun nə dərəcədə yalan, yoxsa doğru olduğunu yoxlamaq imkanım yoxdur, bu qalır həmkarımın öz insafına. Çox ola bilsin ki, bu artım möhtərəm və möhtəşəm məmurlarımızın yaşadığı əraziləri əhatə edib. Çünki onlar soyuq havada işləyə bilməzlər. Məzlumların, əli heç yerə çatmayan sadə vətəndaşların yaşadıqları Masazır kimi qəsəbələrə, umumiyyətlə qaz verilməsə də olar. Mənim üçün çox maraqlı olan cəhətlərdən biri də odur ki, bu kimi xidmət sahələrinin rəsmiləri qənaətdən danışırlar.

Bütün qaz idarələrinin qapısında yazılıb: "Qaz istismarı və satışı idarəsi". Bu da o anlama gəlir ki, bu idarə dolanmaq üçün qaz satmalıdır və əhaliyə xidmət göstərməlidir ki, dolansın. Burada isə insanlara deyirlər ki, qaza, suya, işığa qənaət etsinlər. Bu bilirsiniz nəyə oxşayır. Biri deyək ki, "Sədərək" bazarında şalvar satır, müştəri ikisini almaq istəyəndə deyir ki, qardaş, niyə israfçılıq edib, ikisini alırsan, birini al yetər. Gülməlidir elə deyilmi? İstər qaz, istər su, istərsə də işıq idarələri daha çox və daha keyfiyyətli məhsul satmaqda maraqlı olmalıdırlar ki, gəlirləri daha çox olsun.

Bizdə isə tam əks proses gedir. Bu sahələrdə çalışanlar öz monopolis hallarından yararlanaraq xalqa zülm etməkdən bir növ zövq alırlar. Onda belə bir sual ortaya çıxır, onlar qaz, su, işiq satmaqda maraqlı deyillərsə, milyonlarla ölçulən sərvətləri haradan əldə ediblər? Bax, qaranlıq otaqda qara pişiyi axtarmaq da buna deyərlər. İndi tap görüm bu qurumlar hansı hesaba yaşayırlar, daha doğrusu bu qurumların rəhbərləri. Tapa bilməzsən qardaşım, axı bizdə korrupsiya 0 həddindədir, yəni yoxdur, bütün məmurlar da, ancaq dövlətdən aldıqları maaşa dolanırlar.

Bu mötəbər cənablar bir şeyi anlamaq istəmirlər ki, hər bir istehlakçı-vətəndaş onların potensial müştərisidir və bu müştəri də ödədiyi pulun müqabilində normal xidmətin göstərilməsini istəyir, əslində bunu tələb etməlidir, bütün normal ölkələrdə olduğu kimi. Fakt isə budur ki, gecə qaynamağa qoyduğum 3 litirlik çaynik səhər saat 10-a qədər qaynamır. Kərbalayev cənabları isə deyir ki, "ümumiyyətlə, qazın olmamasından söhbət gedə bilməz". Bəs belə gələn qaz kimə lazımdır, İbrahim müəllim!

Bilirsiniz ki, yalanın anatomiyasında xüsusi yer tutan amillərdən biri də nəfsdir. Öz nəfsinin qurbanı olan insan daha çox yalan danışır. Çünki Ömər Xəyyam demişkən, bu saxta dünyada artıq rüşvət kimi, yalanın da hörməti yaman qalxıb. Yalanın və rüşvətin son dayanacaq yeri, yenə də insan nəfsində keçir. Lakin bu insanlar yadlarından çıxarırlar ki,rüşvətlə, bəd əməllərlə, yalanla əldə etdikləri mal, dövlət, sərvət də, bir gün elə həmin yolla da əldən gedəcək. Son illər məmləkətimizdə baş verən bir sıra səs-küylü cinayət işləri də buna bariz nümunədir.

Çünki hər bir insan bu dünyaya gəldiyi kimi də, bu dünyadan gedəcək, lüt-üryan. Ancaq bunu anlamaq istəmirlər. Həzrəti peyğəmğərimiz Məhəmməd (s.ə.s.) buyurur:  "Sən dünyaya gələndə bir parça ağa bükdülər, gedəndə də bir parça ağa bükəcəklər. Sən özun bu dünyaya gələndə heç nə gətirməmisən və gedəndə də heç nə aparmayacaqsan".

Məncə əlavə şərhə heç bir lüzum yoxdur. Görün insanlar nə qədər naqisləşiblər ki, heç zaman onların olmayacaq bir şey üçün bütün həyatlarını sərf edirlər. Sonra da narazılıq edirlər ki, insan ömrü çox qısadır. Bu fani dünyada qalacaq şeylər üçün ömrü qısaltmağa dəyərmi? Bir düşünün insanlar, düşünün, çünki bu yalan üstündə bərqərar olmuş dünya bir gün sizləri də udacaq, sorğusuz, sualsız...

0.18803286552429