Məhərrəm ayı- rəhmə açılan qapı

 

Hz. Əlinin və onun
davamçılarının bəşəriyyətə
miras qoyduğu mənəvi dəyərlər

 Təqvim bəşəriyyətin ən böyük kəşflərindəndir. Təqvim insanın zamana münasibətidir. Zaman tarixə çevrilərək insan həyatında özünəməxsus iz buraxır. Bəzən tək bir insan üçün, bəzən müəyyən toplum üçün, bəzən isə bütün bəşəriyyət üçün zaman xüsusi dəyər qazanır, unudulmamaq üçün insanlar yaddaşlarına həkk edir.

İslam dünyasında yaddaşlara həkk olan və hər il qeyd olunan belə müqəddəs tarix sırasına Məhhərəm ayı da daxildir. İslam dünyasının, əsasən Cəfərilik məzhəbinə aid olan qolu Məhərrəm ayını matəm ayı kimi qeyd edir. Bu aya xüsusi qayğı və həssalıqla yanaşır. Öncə dördüncü xəlifə Hz. Məhəmməd peyğəmbərin, əmisi oğlu və həmçinin kürəkəni, islamı qəbul etmiş ilk şəxs hz. Əlinin sui-qəsdə məruz qalması, islam dünyası üçün böyük zərbə oldu. Hz. Əli məzlumların atası, ədalətin vuran qılıncı, islamın döyünən ürəyi və ən əsası danışan Quran idi.

Ona qarşı edilən bu haqsızlıq Hz. Məhəmməd peyğəmbərin ailəsinə və bütün möminlərə vurulan ən böyük zərbə idi. Ardınca Əhli-beyt, yəni peyğəmbər ailəsi Hz. Məhəmməd peyğəmbərin qızı Fatimeyi Zəhranın və dördüncü xəlifə Hz. Əlinin övladları Əməvilər tərəfindən Kərbəla çölündə şəhid edildi. Bir damla suya həsrət qalaraq Kərbəla çölündə susuz can verən peyğəmbər ailəsinə olunan bu haqsızlığı  İslam tarixi unutmadı. Bu hadisə İslam dünyası üçün böyük bir faciə idi. Məhəmməd peyğımbərin ailəsinə qarşı amansızcasına divan tutulmuş, ailədən olan qadın və körpələrə belə rəhm edilməmişdi.

Min üç yüz ildən çoxdur ki, bu siyasi ədalətsizlik və peyğımbər ailəsinə qarşı törədilən cinayət islam dünyasının Cəfərilik məzhəbinə aid cəmiyyətləri tərəfindən tarixi gün kimi qeyd edilir. İslam dünyasının bu zümrəsinə Azərbaycan da daxildir. Böyük əksəriyyəti şiə təriqətinə mənsub olan Azərbaycanda neçə əsrlərdir ki, Məhərrəm ayı matəm ayı olaraq qeyd edilir.

Əlbəttə, məsələyə milli mentallıq kontekstindən yanaşsaq min uc yüz illik tarixi olan yaddaş bizə yad deyil. Bu artıq bizim ənənələrimizin bir hisəsidir. Bu gün bizə yad olan və nəinki yad olan, dövlətçiliyimiz, eləcə də milli-mənəvi dəyərlərimiz üçün  təhlükəli olan kənar təriqətlərin xalqımızın içində yayılmasına qarşı bəlkə də bu qoruyucu bir faktordur.

Lakin artıq  XXI əsrin insanlarının bəzən bu məsələdə ifrata varmaqlarının səbəblərini heç cür anlamaq olmur. Bu gün ölkəmizdə təriqət birliyimizdən istifadə etməklə insanlarımızı siyasi məqsədlə öz tərəflərinə çəkmək istəyən mənfur qüvvələr də az deyil. Elə bunu düşünərək, artıq Mərərrəmlik ayına yeni bir baxışla baxmağın zamanı yetişib. Məsələn, bir neçə il bundan öncə insanların Aşura günü özlərinə yetirdikləri xəsarətlərin qarşısını almaq məqsədi ilə şeyxül islamın təklif etdiyi qanvermə aksiyası kimi. Həmin dövrdən etibarən hər il bu aksiyaya qoşulan İmam Hüseyn aşiqləri qan verməklə neçə-neçə insan həyatını xilas edirlər. Mənə belə gəlir ki, Məhərrəm ayında bunun kimi mədəni tədbirlərin sayını artırmaq daha məqsədəuyğundur. 

Məhərrəm ayında Qarabağ müharibəsində şəhid olmuş insanların ailələrinə, qazilərimizə,  valideyin himayəsindən məhrum olmuş uşaqlara dövlətimiz tərəfindən xüsusi qayğının artırılması daha məqsədəuyğundur.  Bəli, islam dünyasının bir parçası olan Azərbaycanlı bacı və qardaşlarımız Kərbəla çölündə öz əqidəsi yolunda, ədalətin bərpası yolunda şəhid düşən imamlarımıza hər il Məhərrəm ayında yas tuturlar. Onların bu ağrısı millət olaraq da, xalq olaraq da bizlərə tanışdır. Xocalı faciəsi kimi...

Bu gün məscidlərə toplaşan insanlarımzın beyinlərini xurafatla yumağa çalışan bəzi din xadimləri bir az da xalqa məscidlərdə belə ağır günlərdə bu haqda danışsalar olmazmı? Bu faciənin milli faciəmizlə uzlaşdırılması daha məntiqə uyğundur. Gecə səhərə qədər məscidlərə toplanan insanları yollarından azdıraraq, Kərbəlanın Həcdən daha yüksək məqam olduğunu söyləyərək, islama küfr edən bu şəxslərin həqiqətdən uzaq moizələrini dinləməkdənsə, bu gecələrdə milli faciəmizlə Kərbəla faciəsini müqayisə etməyimizin vaxtı çoxdan yetişib. Bu gun məscidlərimizə toplaşan insanlarımızın dinləyəcəyi və öyrənəcəyi çox şeylər var.

Bu gün bizim dövlətçiliyimizə qarşı yönləndirilən, hansısa düşmən qüvvələrə xidmət edərək xalq içində xurafat yayan yalançı mollalardan deyil, islamın əsl dəyərlərini, Məhərrəm ayının məğzini əhaliyə izah edəcək din xadimlərinə böyük ehtiyacımız var. Gənclərin, məscidə toplaşan insanların bu müqəddəs günlərdə dinləməyə ehdiyac duyduqları isə həqiqi hafizlərin gözəl avazla sübhə qədər oxuyacağı Qurani şərifdir. Onların eşitməsi gərəkəni isə  Hz. Əlinin və onun davamçılarının bəşəriyyətə miras qoyduğu mənəvi dəyərlər olmalıdır. Məncə bu haqda düşünməyə dəyər. Allah imanımızı kamil etsin!

0.15721297264099