"Rusiyanı əyalət dövlətinə çevirəcəklər" – "Moskva vaxtilə Avropaya 1200 dollara satdığı qazı Azərbaycana 150 dollara satmağa hazırdır"

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika”-ya müsahibəsində Kurskda gedən hərbi əməliyyatlar, Vladimir Putinin Azərbaycana səfəri, Qərbin Ermənistana hərbi yardımları, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, əvvəlcə Ukrayna ordusunun Kurskda keçirdiyi əməliyyat barədə fikirlərinizi bilmək istəyirik. Bu əməliyyatın planlaşdırılması, icrası nəyə hesablanıb, perspektivi necə dəyərləndirirsiz?

- Müharibədə bu cür strateji və taktiki dəyişikliklər üstünlük qazanmaq üçün gec-tez baş verə bilər. Düşünürəm ki, Ukraynanın bu strateji addımı, yəni Rusiya ərazisinə hücumu qüvvələr nisbətində böyük dəyişiklik yaratdı. Ukraynanın Sumı və Rusiyanın Kursk vilayətləri arasındakı sərhəd xətti 17 kilometrdir. Bu 17 kilometrlik ərazinin müdafiəsi isə çeçenlərin “Axmat” hərbi qruplaşmasına tapşırılıb. Bundan əvvəl dəfələrlə Ukrayna kəşfiyyatının üzvləri bu sərhədçilərin arasından sızaraq Rusiya ərazisinə keçib, oradakı yerli vəziyyəti, mühüm məsələləri ciddi surətdə öyrəniblər. Ukrayna tərəfinin dediyinə görə, hərbi əməliyyatlar başlayandan Ukrayana kəşfiyyatçıları 10 dəfə Kurskda olublar. Nəticə etibarilə Ukrayna ordusu hücuma keçən kimi, “Axmat” qruplaşması bir güllə belə atmadan oradan qaçdı. Ancaq Ukrayna ordusu çeviklik göstərərək onların xeyli hissəsini əsir götürməyi bacardı. Orada “Axmat” qrupuna çox ağır zərbə vuruldu. Bundan sonra isə Ukrayna ordusunun hərbi texnikası, canlı qüvvəsi irəliləyərək ard-arda kəndləri və qəsəbələri ələ keçirməyə başladı. Bu, çox yaxşı düşünülmüş hərbi taktika idi. Təxminən 3 gün ərzində Kurskun 92 kənd və qəsəbəsi ələ keçirildi. Eyni zamanda Kurskda yerləşən qazpaylayıcı qurğu da nəzarətə götürüldü. Beləcə Rusiyanın Macarıstan, Bolqarıstan, Sloveniya, Albaniya, Bosniya və Hersoqovinaya qaz transferi dayandı. Bu, Rusiya üçün amansız bir zərbə idi.

- Qeyd etdiyiniz kimi, Kurskda böyük ərazilərin işğalı, yüzlərlə Rusiya hərbçisinin əsir düşməsi Putin hakimiyyətinin daxili mövqelərini sarsıda bilərmi? Rusiya hərbi-siyasi elitasında hansı prosesləri gözləyirsiz?

- Ukraynanın Kurska hücumu zamanı təkcə çeçenlər deyil, həm də 900-dən çox rusiyalı hərbçi əsir götürüldü. Bu, rus ordusunun psixoloji durumuna ağır zərbə idi. Bundan sonra hərbçilər arasında panika artdı, fərarilik halları geniş vüsət almağa başladı. Nəticədə Ukrayna ordusunun daha uğurlu əməliyyat aparması üçün şərait yarandı. Rus ordusunun hərbi və siyasi cəhətdən döyüşə hazır olmaması Putin hakimiyyətinə çox ciddi zərbə vurdu. Təsadüfi deyil ki, bir neçə gündür Kursk məsələsi müzakirə olunur. Oradan Ukrayna qoşunlarının çıxarılması üçün 1 aydan bir qədər artıq vaxt verilib. Onu da deyim ki, Ukrayna ordusu Kursk ərazisində “Kurçatov” AES-i də mühasirəyə alıb. Üstəlik, Sena çayının üzərindəki 3 körpü partladılıb və həmin ərazidəki 2 min rus hərbçisi mühasirəyə düşüb. Doğrudur, bəziləri ümidsizcə çayı keçməyə cəhd etsə də, onlar Ukrayna ordusu tərəfindən məhv edilir. Kurskda vəziyyət çox ağırdır. Rusiyanın vəziyyəti çox pisdir. ABŞ-nin peykləri ilə Rusiyaya gələn hərbi yardımlarla bağlı Ukrayna kəşfiyyatına məlumat verilir. Ukrayna kəşfiyyatı da o yolları bombalayır. Hərbi maşın karvanları, piyadalarla dolu, texnika yüklü, bölgəyə yük, ərzaq aparan maşınlar hamısı sıradan çıxarılıb. Rus ordusuna böyük zərbə vurulub. Əsgərlər döyüşə getməkdən çəkinir, fərarilik edirlər. Qərbin verdiyi “Javelin”, “ATACMS” və “HİMARS” silahları Ukraynaya böyük üstünlüklər qazandırır. Bölgədə hərbi-strateji üstünlük Ukraynanın əlindədir.

- Qərbin bundan sonrakı davranışı necə olacaq? Prezident Zelenski dayanmadan Qərb ölkələrini Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa imkan verən silahlardan istifadəyə icazə verməyə çağırır. Bu istiqamətdə ciddi qərarlar ola bilərmi?

- Qərb bu məsələlərdə etinasız danışır. Rusiyanın qulağına xoş gələn sözlər deyir. Amma Böyük Britaniyanın Baş naziri qəti sözlər işlətməkən çəkinmir. “Vurun, dağıdın, qabağımıza çıxan hərşeyi məhv edin” tipli deyimlər əslində NATO ölkələrinin çoxunun strategiyasında dayanan baxışdır. Bu səbəbdən də mülki əhali istisna olmaqla bütün hərbi hədəflər zərərsizləşdirilir.

- Bugünlərdə alman mediası yazdı ki, yeni büdcə ilində Ukrayna üçün hərbi yardım layihələrinin maliyyələşdirilməsi dayandırılır. Artıq maliyyə naziri müdafiə və xarici işlər nazirlərinə xəbərdarlıq məktubu göndərib. Amma kansler Olaf Şolts təkzib etdi. Bu barədə nə deyə bilərsiz?

- Bu, maliyyə nazirinin boşboğazlığı idi. Baş nazir Olaf Şolts Vaşinqtonda birmənalı şəkildə bildirdi ki, “Necə ki, Ukraynanın Rusiyaya qarşı müharibəsi davam edir, biz onunla birik, bir sırada addımlayırıq və Ukraynaya yardımların dayanmasından söhbət gedə bilməz. Bundan sonra yeni silahları, Ukrayna ordusunu gücləndirəcək hərbi ləvazimatları sürətlə Ukraynaya çatdıracağıq. Bu gün cəbhədə Ukrayna ordusunun mövqelərini gücləndirən “Leopard” tankları bizim qürurumuzdur. Çünki ikinci dünya müharibəsi yadımızdadır”. İlk dəfədir ki, alman ordusunun tankları Rusiya ərazisindədir. İkinci Dünya müharibəsi ərəfəsində Kurskda gedən ağır tank döyüşlərində ruslar qələbə çalmışdılar. İndi isə almanların “Leopard” tanklarının Rusiyada meydan sulaması hər bir alman vətənpərvərinə xoş gəlir.

- ABŞ seçki kampaniyasının qızğın dövrünü yaşayır. Bir neçə gün əvvəl demokratların qurultayı oldu və rəy sorğuları göstərir ki, Kamala Harris öndədir. ABŞ-də proseslər necə görünür, Trampın hakimiyyətə qayıtmaq şanslarının azaldığını düşünmək olarmı?

- Donald Tramp imkanları qabiliyyətinə uyğun olmayan, başı da biraz böyük olan bir adamdır. Onu bir sıra maliyyə dairələri müdafiə edir. Amma Kamala Harris namizədliyinin irəli sürüldüyü ilk gündə səsvermələrdə Trampı 2 faiz qabaqladı. Bir gündə baş verən bu hadisə keçmiş prezidentin nə qədər bacarıqsız olduğunu göstərir. K. Harrisə isə böyük sevinc və rəğbət var. Bu gün Harris öz rəqibini 10 faiz qabaqlayır.

Bugünlərdə İlon Mask “X” sosial şəbəkə hesabından paylaşım edərək, Harrisin 24 faiz, Trampın isə 74 faiz səs topladığını yazıb. Bunlar hamısı saxta məlumatlardır. Yəqin ki, seçkilərdən sonra bu araşdırılacaq və Cənubi Amerikadan gəlib milyardlar qazanan bu dələduzun da payı veriləcək. Mən əminəm ki, Kamala Harris öz rəqibini çox gərgin mübarizədə bir neçə faiz səslə geridə qoyaraq ABŞ-nin birinci qadın prezidenti olacaq. Tramp keçən seçkidə də göstərdi ki, ABŞ-yə verə biləcək heç bir intellektual qabiliyyəti yoxdur. Bu seçkilərdə Trampın qalib gələcəyinə şübhə ilə yanaşıram.

- Demokratlarda seçki kampaniyası aparan yeni komanda Ukraynaya dəstəyin artırılması, ümumiyyətlə dünya problemlərinə daha həssas və adekvat reaksiya verməyə çalışır. Bu baxımdan payıza doğru Ukraynaya hansı dəstəklər verilə bilər?

- Demokratların Ukraynaya yardımına şübhə ilə yanaşmaq olmaz. Kamala Harris prezidentliyə namizədliyi qeydə alınan günün sabahı Ukraynaya daha bir neçə milyard dollar yardım ayrıldı. O, Kaliforniyadakı çıxışında bildirib ki, “Ukraynanın taleyi bizim taleyimizdir və biz sonadək bu yolu gedəcəyik”. Bu o deməkdir ki, Ukraynanın düşməninin nəfəsini kəsəcəklər. Rusiyanı əyalət dövlətinə çevirəcəklər. Bir neçə şəhəri istisna olmaqla, torpaqları səmərəli istifadə edilməyən, sənayesi çökmüş, geridə qalmış ölkəyə çevriləcək. Rusiya uzun müddət bu vəziyyətdən çıxa bilməyəcək. Rusiya dünyanın beynəlxalq təhlükəsizliyi yolunda ən ciddi problemlərdən biridir.

Putinə gəlincə, KQB-nin Almaniyadakı baş rezidenti, ukraynalı Şvetz müsahibələrinin birində Rusiya lideri ilə bağlı açıqlamalar vermişdi. O, deyirdi ki, o vaxt KQB işçilərinin bahalı siqaretlər almağa imkanı yox idi. Bu siqaretləri ala bilən varlı almanlar bir-iki tüstü alıb, siqareti yerə atanda Putini onların kötüklərini yerdən götürmək üçün göndərirlərmiş. “Siqaret al”, “su gətir” və s. Bu adamın Almaniyadakı işi bundan ibarət olub. Elə intellektual bir qabiliyyəti də yoxdur.

- Nəhayət, bizim regiondakı proseslər barədə danışaq. Avqustun 18-19-u Rusiya Prezidenti Vladimir Putin ölkəsində kifayət qədər ağır situasiya olmasına baxmayaraq, az qala bütün hökumət üzvlərinin iştirakı ilə Azərbaycana dövlət səfərini reallaşdırdı. Bu səfərin pərdəarxası məqamları nədən ibarətdir, indiki məqamda Putin Azərbaycanla münasibətlərə niyə bu qədər önəm verir?

- Bu gün Rusiya küçədə əl açıb dilənən dilənçiyə bənzəyir. Azərbaycana yardım qoparmağa gəlmişdi. Eyni zamanda Kurskda qazpaylayıcı partladıldığı üçün həmin qazı Azərbaycan üzərindən Avropaya nəql etməyi planlayırdı. Rusiya indi elə bir durumdadır ki, vaxtilə Avropaya 1200 dollara satdığı qazı Azərbaycana 150 dollara satmağa hazırdır. Əlbəttə, Azərbaycan bu qazı məmnuniyyətlə alacaq və Avropaya satacaq. Deyilənə görə, Rusiya Hacıqabulda “Jiquli”nin yeni modelini istehsal etmək üçün zavod tikmək istəyir. Şirvanda isə “Kamaz” markalı avtomobillərin yığılması planlaşdırılır.

- Səfərdən bir gün əvvəl Türkiyə lideri Ərdoğan İlham Əliyevə zəng etdi və liderlər regional mövzularda həmfikir olduqlarını ifadə etdilər. Azərbaycan - Rusiya danışıqlarında isə Putin dedi ki, prioritet məsələlərlə bağlı danışıqlar olacaq. Söhbət nədən gedir? Şuşa və ya Xankəndində konsulluq açılması barədə də danışıqların getdiyinə dair informasiya sızdırıldı, habelə qaz anlaşması barədə danışılır. Sizin dəyərləndirmələriniz nədən ibarətdir?

- Xankəndində nə konsulluq açılacaq? Bu gün orada heç bir əhali yaşamır. Konsulluq açılacaq, erməni gələcək və s. bunlar hamısı mifdir. Heç bir konsulluq açılmayacaq. Rusiya bölgədəki vəziyyətdən sui-istifadə edib burada şəbəkə qurmaq istəyir, amma alınmayacaq. Maraqlıdır ki, bunu da ilk dəfə Şuşadan deputat olacaq Polad Bülbüloğlu demişdi və o, sonra sözünü geri götürdü. Təəssüf ki, bu qoca kişilərlə cəmiyyətimiz çox irəli gedə bilməyəcək...

- V. Putinin Azərbaycana səfəri, ona münasibət Qərbdə necə qarşılandı, media və siyasi dairələrin reaksiyası Azərbaycan üçün mənfi qiymətləndirilə bilərmi?

- Qərb Rusiyanın postsovet məkənındakı addımlarından narahatdır. Bunları nifrətlə qaşılayır. Azərbaycanla münasibətlərdə də eyni yanaşma var. Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsində vasitəçilik etmək istəyir və s. Bütün bunlar Qərbi qıcıqlandırır və qətiyyətlə rədd edilir.

- Azərbaycan mediasında Qərbin, Hindistan və İranın Ermənistanı silahlandırması barədə faktlar dərc olunub. Bu barədə nə düşünürsüz, Azərbaycan hansı zəruri addımları ata bilər?

- Bəli, Hindistan, ABŞ, Qərb və İran Ermənistanı Azərbaycana qarşı silahlandıır. İran və Hindistanın rolunu xüsusilə pisləyirəm. Sadəcə deyə bilərəm ki, onlar başa düşmürlər ki, onların başının üstünü qara buludlar alanda Azərbaycan da onlara qarşı barışmaz mövqe tutacaq.

E.Rüstəmli

E.Bəyməmmədli

0.24792003631592