“Riyakarlığın miqyasına baxın ki, dünənə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı korrupsiyada, insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqda, avtoritarizdə ittiham edənlər, belələrini tapıb efirə çıxaranlar indi Türkiyəni öyən, amma yumşaq bir qardaş tənqidinin də yer aldığı məqaləyə görə Ərdoğanın “müdafiəçisinə çevriliblər”.
Bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin korlanması məsələsi iqtidara dəstəyin azalması üçün bəhanədir:
“İqtidarı tənqid etmək olar və mümkündür, hətta bəzən vacibdir. Biz də zəruri olduqda bunu edirik, hər kəs edə bilər və çoxları da edir. Düşünürlər ki, əllərinə bəhanə keçib, iqtidara xalqın dəstəyini azaltmaq üçün Türkiyə-Azərbaycan münasibətlərini korlamaq da olar. Amma yanılırlar. Onları dinləyəndə adamın ürəyi bulanır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz böyük türk ailəsinin üzvüyük. Türk Dövlətləri Təşkilatının yaranmasında və güclənməsində Azərbaycanın xüsusi rolu olub. “Şuşa Bəyannaməsi”ni də Ərdoğanla İlham Əliyev imzalayıb. Prezident hər zaman Türkiyənin Vətən müharibəsində verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib. Bunu görməmək üçün olduqca qərəzli olmaq lazımdır”.
Q.Həsənquliyev rus dilinin türk ölkələri arasında ünsiyyət baxımından vacib yer tutduğunu bildirib:
“Rus dilinin Azərbaycanda tədrisinə qarşı çıxan debillərin qənaətinə görə, Afrikada heç kim bu dili bilmir. Anlamırlar ki, rus dili bizə Afrikada ünsiyyət qurmaq üçün lazım deyil, hazırda türk xalqları və keçmiş sovet respublikaları arasında ünsiyyət vasitəsidir və Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır. Zamanında Prezident İlham Əliyevin sərəncamı ilə yüksək vəzifələr tutub bundan məmnun olanlar, atalarının bu iqtidar haqqında dediklərini unudanlar, xarici kəşfiyyat ələ alana qədər iqtidarın fəaliyyətini xarici telekanallarda vəsf, mədh edənlər bu gün ağız-ağıza verib, utanmadan nə gəldi danışırlar. Başa düşmürlər ki, fəaliyyətləri ilə yalnız süfrə üzərində uçan milçək effekti yarada bilərlər. Yazıqlar olsun!”
Qüdrət Həsənquliyev
O qeyd edib ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər Bakı sülh sazişini imzalamamalı və Ermənistanla kommunikasiya xətlərini açılmamalıdır:
“Görünən odur ki, Ermənistan Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə təzyiqləri artırmalıdır. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq”.