"Studiyalar, "Cinema club"lar bağlandı, gənclər xaricə qayıtdı, nə qədər adam işsiz qaldı..." - Müşfiq Hətəmovla müsahibə

 

Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Demokratikmusavat.com müsahibəni təqdim edir:
 
- Müşfiq müəllim, ölkəmizdə mədəniyyət sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

Ümumilikdə, bu gün cəmiyyətimizdə mədəniyyət sahəsinə yanlış bir münasibət var. Bildiyiniz kimi dövlətin və cəmiyyətin inkişafı mədəniyyətə inteqrasiyadan asılıdır. Başda Mədəniyyət Nazirliyi olmaqla, bütün mədəniyyət strukturlarının ali məqsədi cəmiyyətin mədəniyyətə inteqrasiyasını təşkil etməkdir.

İki sahə - incəsənət və din insanları kütləvi şəkildə ətrafına toplaya bilir. Bu gün Azərbaycanda dini inteqrasiya sürətlə inkişaf edir. Amma əfsuslar olsun ki, mədəniyyətdə təklif və tələb arasında böyük boşluq var. Çox hallarda mədəniyyət müəssisələri dövlətin üzərində yükə çevrilir. Bunun da qarşısını almaq üçün yüksək intellektə malik gerçək sənət adamları tərəfindən metodik mərkəzlərdə və digər aidiyyəti strukturlarda təlimatlar hazırlanmalıdır.

Mədəniyyət sahəsi çox çətin və həssas bir sahədir. Bəzən cəmiyyətdə mədəniyyət müəssisələrinə qeyri-ciddi münasibətin şahidi oluruq. Hamı bilməlidir ki, gerçək sənətin əsas rolu gələcəyin formalaşmasıdır. Bildiyimə görə, mədəniyyət naziri Adil Kərimli və onun komandası bu problemləri həll etmək üçün ciddi addımlar atır. Yaxın gələcəkdə nəticəni görə biləcəyik.

- Uzun müddət “Azərbaycanfilm” kinostudiyasının direktoru olmusunuz. Sizin rəhbərlik etdiyiniz illərdə bu sahədə daha çox işlər görüldü, bir çox filmlər çəkildi. Ümumilikdə, Azərbaycan kino sahəsinin inkişafı yüksək səviyyədə deyil. Bu haqda nə deyə bilərsiniz?
 
- Kinostudiyada olduğum dövrdə yaradıcı atmosferin gücləndirilməsi, müasir istehsal prinsiplərinin tətbiq edilməsi, Azərbaycanda İran və Gürcüstan istehsalat şirkətlərinin fəaliyyətlərinə xitam verilməsi, yerli özəl şirkətlərlə əməkdaşlıq edilməsi, xaricdə və Azərbaycanda yaşayan istedadlı gənclərimizin istehsalata cəlb edilməsi, beynəlxalq platformalarda Azərbaycanın təmsil edilməsi, ümumilikdə tamaşaçı marağı ilə dəyərlərin birləşdirilməsi qarşımızda duran vəzifələrdən idi.

0.094767093658447