“Bu cür hallar baş məşqçilərin arasını vurur, klubları düşmən edir” - Məşqçi

 

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-söhbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağa və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun.

 - Bugünkü qəbələ Avropa yolunda işinizi nə dərəcədə asanlaşdıracaq?

 - Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turnir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq.

 - Kamran Əliyevin son vaxtlar az oynaması onun performasında düşüş yaşanması ilə bağlıdır?

 - Qışdan sonra fərqli sistemlə oynayırıq. Kamranda düşüş hiss etmirəm. Əksinə, məni razı salır. Sadəcə oyunlar bunu tələb edir.

 - Bu gün yalnız “Turan Tovuz”a qalib gəldiz?

- Bu futboldur. Başqa ölkələrdə işləməmişəm, oyundan qabaq baş verən prosesləri bilmirəm. Bu cür hallar baş məşqçilərin arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, “Sumqayıt”ı “dartırlar” deyir. Onların düşündüyünün əksinə bu cür hallar bizim xeyrimizədir. Əgər həmişə qələbə qazanacağıqsa, yazsınlar. Onların getdiyi yol deyil. Bu nə yaşayışdır... İnanıram ki, bu söhbətlərə son qoyduq. Futboldan danışmaq istəyirəm.

 

0.084324836730957