Pensiya sistemindəki haqsızlığa kim məsuliyyət daşıyır?
Ey gidi dünya, düz deyirlər ki, pul, pul üstə gələr. Yəni ki, atalar demiş, fal olmayan yerdə toyuq yumurtlamaz, yümurta olmayan yerdən cücə çıxmaz, cücə çıxmayan yerdə artım və inkişaf olmaz, bu qədər bəsit. Bu səbəbdən də mən, mənim kimi imkansız insanların pulsuzluqdan şikayətlənmələrini bir qədər təəccüblə qarşılayıram. Əslində isə burada təəccüblü heç nə yoxdur. Çünki istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azəbaycanda varlanmağın bir yolu olub- məmur kreslosuna sahiblənmək. Əgər babalarımız, atalarımız bu kateqoriyaya daxil ola bilməyiblərsə, bizim gileylənməyimizin heç bir əhəmiyyəti yoxdur. Buraya müstəqillik dövrünün yerlipərəstlik, qohumbazlıq, yaltaqlaq və itaətkarlıq kimi nəsnələrini də əlavə etmək lazımdır. Bunu etməsək, bir çox bu yolla deputat və məmur olan "şəxslər" bizdən inciyərlər.
Məsələn, götürək məmur ovladlarını. Hansının adını çəksən, görəcəksən ki, milyonlarla ölçülən sərvətlərə, nəinki ölkəmizdə, bir çox əcnəbi ölkələrdə böyük biznes şəbəkələrinə sahibdir. Heç kim də ondan soruşmur ki, bala, bunca sərvəti hansı yolla və necə qazanmısan? Çünki, bunu soruşmaq səlahiyyətində olanların sərvəti onlardan heç də az deyil- o da məmurdur axı.
Sözün qısası, Azərbaycanda varlanmağın bir yolu var-məmur, yaxud məmur övladı olmaq. Belə bir şansın yoxdursa, ya oğurluq-quldurluq etməlisən, ya bu ölkədən baş götürüb getməlisən, ya da, "ağaların" verdiklərinə şükr edib, ölənə qədər minimum əmək haqqına hamballıq etməli, yaxud cüzi pensiya ilə dolanmağa məhkumsan, başqa yolun yox. Buna da deyirlər, sosial yönümlü siyasət və xalqın rifahı üçün çalışmaq.
Gəlin bizim pensiya sisteminə diqqət edək. Çunki bu, mənim, və mənim kimi ölkənin milyonlarla ahıl insanların, öz sağlamlıqlarını, gəncliyini əməyə, zəhmətə qurban verənlərin ən ağrılı yeridir. 50 ildən artıq ən ağır işlərdə işlədim ki, dövlətimizin müstəqilliyi üçün etdiklərimi nəzərə almasalar da, eyni dövlət müəssisəsində 50 il işləməyimi nəzərə alaraq normal pensiya alaram və qalan 10-15 il ömrümü insan kimi yaşamaq haqqım olar. Amma və lakin...
Bugünlərdə gömrük generallarının 10 min manat pensiya almaları haqqında məlumatlar sosial şəbəkədə ən çox müzakirə olunan mövzuya çevrildi. Əslində, burada qəribə heç nə yoxdur. Dövlət öz məmurlarına sahib çıxır. İstəmir ki, onlar təqaüdə çıxandan sonra sadə vətəndaşların səviyyəsinə düşsünlər. Bu insanlar dövlət qulluğunda olduqları zaman səhər yeməyində kürüylə, naharda ən ləziz nemətlərlə, şam yeməyində isə xudmanı yeməklərlə qidalanıblır və bunun adətkarı olublar. Vəzifədən getdikləri an bütün bünlardan məhrum olsalar, heç 10-15 gün yaşamazlar. Bizim dövlətimiz isə buna yol verə bilməz, çünki «çox humanistdir və hər kəsin qayğısına qalır», ələlxüsus da məmurların. Adi vətəndaşlar isə "dözümlü xalq"dır zibillikdən də özünə qida tapar, evi olmasa hər hansı bir zirzəmidə də yaşaya bilər. Amma dövlət büdcəsini, eyni zamanda, həm də öz ciblərini pulla dolduran gömrük generalları bunu edə bilməzlər, ayıb olar axı, əcnəbilər baxıb nə deyər.
Bunu təkcə generallara deyil, digər məmurlara da aid edirlərsə, bu barədə düşünməyə dəyər. Çünki görəvdə olduğu müddətdə törətdiyi qanunsuz əməllərə görə qazamata "istirahətə" göndərmək əvəzinə belə yüksək təminatla mükafat-landırılırsa, burada hansısa qaranlıq məqamlar var. Eyni zamanda başa düşmək lazımdır ki, onların çoxsaylı obyektləri, dəyəri milyonlarla ölçülən villaları nəzarətsiz qala bilər. Digər tərəfdən həmin generallara da adi vətəndaşlar kimi pensiya verilərsə, bu heç onların kommunal xərclərini belə, ödəyə bilməz. Mən hələ sürdükləri avtomobillərin benzin pulunu demirəm.
Hazırda özünün pensiya sahəsindəki analoqu olmayan islahatlarına görə, həbs həyatı yaşayan Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olduğu zaman yazmışdım ki, bu qurumun adı düzgün deşifrə olunmur. Əslində, belə oxunmalıdır- «DSMF-Dövlətlilərin Sosial Müdafiəsi Fondu». Çünki Səlim Müslümovdan qalan miras Azərbaycanda dövlətlilərdən başqa bütün vətəndaşları dilənçi gününə qoydu.
Burada ən maraqlı məqam bilirsiniz nədir? Həmin dövlətlilərin böyük əksəriyyətinin məmur, deputat olmaları və abır-həyalarının olmaması. Onlarda həya, abır deyilən bir şey olsaydı, özləri təyin olunan pensiyadan imtina edərdilər. Onların heç birinin bu pensiyaya ehtiyacı yoxdur. Mən ad çəkmək istəmirəm, çünki birinin adını çəkib, digərini qıraqda qoysam , bunu qərəz kimi qələmə verəcəklər. Onu da qeyd edim ki, bir dövlət məmuru ilə nəinki qohumluq, heç tanışlıq əlaqəm belə yoxdur. Ona görə də, kiməsə qarşı qərəzim ola bilməz. Onların pulunda, sərvətində də gözüm yox. Ona görə ki, bir müsəlman olaraq axirətdə bir qəpiyin belə hesabını tələb edəcəklər və orada haqq-hesab vermək çox çətin olacaq.
Məmur övladlarının böyük sərvətləri, bir çox əcnəbi məmləkətlərdə yatırımları, sayı-hesabı bilinməyən daşınan və daşınmaz əmlakları var. Bütün bunlar yetmir, dövlət bu talançılığa görə, onlara hələ üstəlik 10-15 min manat pensiya da verir. Ancaq 40-45-50 il istehsalatda çalışan əməkçi insanların böyük əksəriyyətinin quru canından başqa heç nəyi olmasa da, dövlət ona ən yaxşı halda son artımla 500 manat pensiya verir, onun da tam yarısını müxtəlif adlar altında (kommunal xərclər, arayış pulu, rüsum, və s. və i.) geri alır. Bunun harası sosial ədalətdir cənablar? Sovet rejimi heç olmasa əmək veteranlarını kommunal və digəp xərclərdən azad edirdi.
Azəbaycanda pensiya sistemini S.Müslümov bərbad vəziyyətə saldı, indi də cəzadan yaxasını qurtarmaq üçün yollar axtarır. Tapacaqmı? Taracaq, çünki burası Azərbaycan.
Ən acınacaqlısı bilirsiniz nədir? Bu məmləkətin məmur cameəsində" gözü çıxan qardaş"dan nümunə götürmək kimi bir anlayış yoxdur. Sahil Babayev S.Müslümovun yolunu ondan da pis formada davam etdirir. Vəzifəyə gəldiyi gündən guya S.Müslümov dönəmində təyin edilən qanunsuz pensiyaları axtarıb tapmaqla məşğuldur. Amma həmin pensiya pullarını S.Müslümovdan, yaxud da onun əlinin altında çalışanlardan geri almaq mexanizmini tapa bilmir.
İkincisi, çoxsaylı insanlar tanıyıram ki, S.Müslümovun haqsızlığı üzündən haqq etdikləri pensiyalarını belə, ala bilmirlər. S.Babayev isə bu barədə susur, çünki bu faktları üzə çıxarmaq ona sərf etmir.
P.S. Türkiyədə baş verən faciəni düşünün cənablar. Bu fani dünyadan heç nə apara bilməyəcəksiniz. Zibil qutularına möhtac qoyduğunuz məzlumların ahı sizi də tutacaq, sadəcə geci-tezi var...
Yusif Seyid