Vitse-spiker: “Qafqazda sülhü pozan Rusiyadır, ağsaqqallığın itirib”

 

“Azərbaycan 44 günlük müharibə zamanı Xankəndiyə girib məsələni bir günə həll edə bilərdi. Lakin o zaman Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktını imzalamağa razılıq verərək, problemin qısa zaman ərzində danışıqlar yolu ilə həll etmək barədə üzərinə öhdəliklər götürdü. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bir sülh sazişi imzalandı. Sazişin tələblərinə əsasən Rusiya və Ermənistan qısa zamanda sülh sazişinin imzalanması, Qarabağ məsələsinə nöqtə qoyulması, qanunsuz hərbi birləşmələrin, terrorçuların tərksilah edilməsi, Qarabağda yaşayan ermənilərin təhlükəsiz yaşayışlarını təmin etmək üçün Azərbaycan vətəndaşalığını qəbul edilməsi istiqamətində öhdəliklər götürdülər. İmzalanan kapitulyasiya sənədindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq qarşı tərəflər üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyiblər. Ancaq hər zaman olduğu kimi sülh prosesini pozan Rusiya oldu. Prosesləri yenə də özünəməxsus formada  davam etdirməkdədir”.

Bunu “Demokratikmusavat.com ” müsahibəsində Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Ermənistan-Azərbaycan arasında gedən danışıqlar prosesində yaranan mərhələ və Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfərinin yekunlarını şərh edərkən deyib.

Rus sülhmərmalıları ermənilərin keşikçisi deyil. Xankəndi, Xocalı hələ də onların nəzarətindədir.  

Milli Məclis sədrinin müavini bildirib ki, imzalanan sənədə uyğun olaraq öhdəliklər mərhələli şəkildə həllini tapımalı idi: “Razılaşmaya əsasən rus sülhmərmalıları bölgəyə ermənilərin keşiyini çəkməyə yox,   sülh sazişinin qısa zamanda imzalanması üçün nəzarətlərində olan əraziləri erməni terrorçularından, qanunsuz hərbi birliklərdən təmizləmək, icmalar arasında qarşılıqlı etimad mühitin yaradıb, sərhədlərin demarkasiyası və delimitasiyasına nail olmalı idi. Nəhayətində bölgədə sülh olmalı idi. Amma baş verdi?!  Rusiya sülhməramlıları missiya yerinə yetirmək əvəzinə bölgədə prosesləri gərginləşdirmək yolunu tutdu.  Nəticədə isə heç nə alınmadı. Erməni terrorçular, qanunsuz hərbi birləşmələr Azərbaycan torpaqlarından çıxarılmadı, sərhəd məsələsi həllini tapmadı. Xankəndi, Xocalı hələ də onların nəzarətindədir. Bunların hamısını edən Rusiyadır və onun yürütdüyü siyasətin nəticəsidir.

“Rusiya çox bilmiş quş dimdiyindən ilişib, Ukrayna bataqlığında boğulur”

Millət vəkili onu da əlavə edib ki, bu azmış kimi ortaya İran amili çıxdı: “Zəngəzur təəssübkeşçisi...  Cənubi Qafqazda sülhə mane olan Rusiya nəticədə özü dərin bir quyuya düşdü. Bir misal var deyərlər: “Çox bilmiş quş dimdiyindən ilişər”, yaxud da “sirkə nə qədər tünd olsa, qabını çatladar”.  Rusiya da çox bilmiş quş kimi dimdiyindən ilişdi. Ukraynaya hücum etməklə özünü dərin bir quyuya saldı. Beynəlxalq aləmin sərt reaksiyası və sanksiyası ilə üzləşməli oldu. Hazırda Rusiya beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir. Buna baxmayaraq Rusiya hələ də Cənubi Qafqazı öz caynağından buraxmaq istəmir. 
“Rusiya indi özünü yerə sürtür, nə yerə sığır, nə göyə… Ancaq heç nə alınmır”

Bölgəni nəzarətində saxlamağa da əvvəlki gücü yoxdur. Hətta vəziyyət o həddə çatıb ki, onilliklər boyu forpostu olan Ermənistan belə, Rusiyadan üz çevirib. Nəinki üz döndərib, hələ bir bir küsüb də… İddiası da odur ki, niyə onun əvəzində Azərbaycana qarşı vuruşmur, müharibə aparmır. Yenə də vaxtı ilə Xocalıda 366-cı rus hərbi alayı kimi hərbi cinayətlər törətmir. Rusiya indi özünü yerə sürtür, nə yerə sığır, nə göyə… İndi isə maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki,  dünənədək forpost rolunu oynayan, hələ də ondan təhlükəsizliyinin təmin olunmasını istəyən Rusiyadan üz döndədərək Qərbə üz tutub.

Düzdür, Paşinyanı küçədən hakimiyyətə gətirən Qərbdir və indi də o öz ağalarına xidmət etmək istəyir. Rusiya nə qədər çırpınsa da, istəyinə nail ola bilmir. Rusiyanın sözünə qulaq asmayan Paşinyan nəhayətində Avropanın jandarma qüvvələrini sərhədinə gətirib. Rusiya indi özünü yerə sürtür, nə yerə sığır, nə göyə… Ancaq heç nə alınmır”.

“Cənubi Qafqazda gərginliyin davam etməsi, Rusiyanın xarici siyasətinin prioritetidir”

Lavrovun Bakı səfərinin yekunlarIna gəldikdə, vitse-spiker bildirib ki, Azərbaycana ikigünlük səfərində səsləndirdiyi bəyanatlarda Cənubi Qafqazda sülhün əldə olunmasına dair ciddi nəsə eşidilmədi: “Biz Rusiyanın hələ də Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadığını müşahidə etdik. Axı Rusiya necə istəyər ki, Ermənistan-Azərbaycan münaqişəsi tam həllini tapsın və bölgədə sülh təmin olunsun?! Moskva hesab edir ki, Cənubi Qafqazda sülh təmin olunarsa, bölgəni təsirində saxlamaq üçün  heç bir barmaq yeri qalmayacaq. Ona görə də bölgədə gərginliyin qalması və prosesin uzanması Rusiyanın xarici siyasətinin prioritetidir”, - vitse-spiker qeyd edib.

“Rusiya bataqlıqda çapalayır”

Millət vəkili əlavə edib ki, bir tərəfdən də Qərbin bölgəyə girməyi onun nüfuzunun ciddi surətdə aşağı  düşməsinə səbəb olub.

“Moskva forpostunun ondan üz döndərməsindən qəzəblənsə də, amma heç nə edə bilmir. Başlayır çapalamağa… Hərbi güc göstərə bilmir. Hazırda buna imkanı və gücü yoxdur. O biri tərəfdən də güvənc və güman yeri olan Türkiyə amili var. Türkiyə ona bu addımı atmağa imkan vermir. Odur ki, Rusiya manevr etməklə, prosesi uzatmaqla gələcəkdə vəziyyətin onun xeyrinə dəyişəcəyinə ümid edir”, - o vurğulayıb.

“Azərbaycanın ona qarşı uzanan caynaqlara qarşı durmağa gücü var”

Vitse-spiker əmindir ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan beynəlxalq hüquq  çərçivəsində özü bölgədə sülhü və ədaləti bərpa edəcək: “Baxmayaraq ki, bu gün qərbdən, şərqdən, şimaldan, cənubdan, soldan, sağdan bizə qarşı uzanmış caynaqlar və mənhus  baxışlar var. Amma bunların qarşısında durmaq üçün gücümüz, qətiyyətli, cəsarətli, iradəli Ali Baş komandamız var. Vətən müharibəsi dövründə olduğu kimi xalq-ordu-rəhbər birliyi bu məsələnin tamamilə həllinə rəvac verəcək”.

Ermənistanın sülh sazişi ilə bağlı sərgilədiyi destruktiv mövqeyə, İrəvanın təxribatçı hərəkətlərinin qarşısını almaq üçün növbəti hərbi əməliyyatların ola biləcəyi ehtimalına gəldikdə vitse-spiker deyib ki, Ermənistanın istənilən təxribata əl atacağı gözləniləndir: “Azərbaycan onsuz da indiyədək Ermənistanın təxribatına yerindəcə cavab verib və harada baş qaldırıb, oradaca başı əzilib. Lakin hərbi əməliyyatlar başqadır. Azərbayacan bunu özünün strateji kursunu taktiki addımları ilə reallaşdıra bilər. Bu zaman bütün amillər nəzərə alınmalıdır. Odur ki, cənab Prezident özü nəyi nə vaxt və nə zaman edəcəyini hamıdan yaxşı bilir”.  

“Artıq Rusiyanı ağsaqqal sayan yoxdur”

Azərbaycanın Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulmasına Lavrovun qarşı çıxmasına gəldikdə deputat bildirib ki, Rusiya məsələnin həllində ağsaqqallıq missiyasını üzərinə götürsə də, bunu bacarmadı: “Artıq Rusiyanı ağsaqqal sayan yoxdur. Onların artıq bu prosesə təsir mexanizmi yoxdur. Ukrayna bataqlığına girən Rusiya burada hansısa məsələni həll etmək gücündə deyil. 

Digər tərəfdən isə ehtiyatlı hərəkət edərək bəlkə də qaytardılar prinsipi ilə yaşayır. Ondan üz döndərən Ermənistanı tam incitmək istəmir. Diplomatiya dili ilə desək manevr edirlər. 

Laçın Azərbaycan torpağıdır və öz ərazisində istənilən addımı ata bilər və orada da keçid məntəqəsi qura bilər.  Burada hər hansı beynəlxalq hüquq pozulmur. Biz keçid məntəqəsini Ermənistan ərazisində və yaxud Spitakda qurmuruq ki… Öz ərazimizdə qururuq.  Azərbaycan bununla bağlı mövqeyini beynəlxalq ictimiyyətin diqqətinə çatdırıb və güman edirəm ki, məsələni hay-küylə deyil, ağıllı formada həyata keçirəcək”.

“Ermənistan əlinin arxası ilə İran və Rusiyaya şapalaq vurdu”

İranın proseslərdəki destruktiv mövqeyinə gəldikdə vitse-spiker bildirib ki, özünü 30 il Ermənistan qarşısında “imam övladı” kimi aparan İran İslam Respublikasının nəticədə hansı rəzil vəziyyətə düşdüyü  göz qabağındadır: “Avropadan gələn qüvvələrin Zəngəzurda yerləşməsindən narahat olan daha çox biz yox, İran və Rusiya olacaq.  Ermənistan bu hərəkəti ilə Rusiya və İranın sifətinə əlinin arxası ilə bərk şapalaq vurmuş oldu. Ermənistan İranın düşmənlərini düz ağzının içində yerləşdirib. Rusiya da çox pərt olub. Bax bu çox diqqət çəkən məqamdır. Bütün bunlar isə Azərbaycana öz problemlərini həll etmək üçün müəyyən siyasi şərait yaradır. Çünki belə şəraitdə başı özlərinə qarışıb və biz bu fürsətdən faydalanmalıyıq”.

Mürtəza
Demokratikmusavat.com

0.15527105331421