Və ondan qəhrəman kimi çıxanlar...
Qəhrəman kəlməsini biz hər addımbaşı işlədirik. Bəzən onların adını konkret hadisələrə görə, bəzən də əksinə olan hallarda çəkirik. Lakin hər bir halda, bizim qəhrəmanlarımız çoxdur və onlar haqda nə qədər danışsaq, yazsaq da, yenə də bəs etməz.
Keçən ayların xronologiyasına baxsaq, sentyabrdan tutmuş indiyədək, görün nə qədər əbədiyaşar hadisələr, tarixlər var. Onların hər biri külliyyatların mövzusudur, əlbəttə. Bugünümüzün mövzusu isə fevralın növbəti qan yaddaşı olan Xocalı soyqırımı barədədir.
Həmin soyqırım ki, onun bütün dünyada təkrarı, analoqu yoxdur. Miqyasına görə bütün dünyaya səs salan, dəhşətli və qəddarcasına törədilən bu soyqırımı hətta tarixçilər belə keçən əsrin Xirosima və Xatın faciəsi ilə eyni səviyyədə tuturlar. Və bu da əbəs deyil...
Tarixə diqqət edək, Xocalıda 1992-ci ilin həmin qanlı faciəsinə qədər yeddi min əhali yaşayıb. Eləcə də, məlum hadisələr vaxtı Ermənistandan, Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Məhsəti türkləri də orada məskunlaşmışdı. Həmin şaxtalı qış günlərində -1992-ci ilin 25 fevralından 26-na keçən gecə isə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Erməni qoşunları hər tərəfdən Xocalını əhatəyə alaraq, artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açırdılar. Əhali nə qədər müqavimət göstərsə də, artıq şəhərdə yanğın baş vermişdi. Şəhərin müdafiəçiləri ilə bərabər, yerli əhali də mücadilə edirdi. Lakin onlar doğma yurd-yuvalarını tərk etməyə məcbur qaldılar. Səhər saatlarında isə şəhər qəddar, vəhşi erməni işğalçıları tərəfindən ələ keçirildi və yerlə-yeksan edildi...
İndinin özündə də adi insan təxəyyülü bu səhnəni təsvir etməkdə acizdir. Çünki yerli əhali qəddar düşmənin güllə yağışı altında şaxtada, qarda dağlara, meşələrə pənah aparırdı. Dağlara, meşələrə üz tutan insanları qovan isə insanlıqdan, adamlıqdan çıxmış məxluqlar idi. Elə insanlıqdan, adamlıqdan çıxdıqlarına görə də, məxluqat adlandırdığımız erməni vəhşiləri dinc əhalini gülləbarana tutdular. Amansız dəhşət və qəddarlığın sərgiləndiyi həmin mənzərəni hansısa sözlə ifadə etmək çox çətindir...
Erməni vəhşilərinin əlindən qurtulmaq üçün qarlı meşələrə, dağlara qaçan əhalinin şaxtadan don vuraraq həlak olanlarından savayı, neçə-neçə uşaq, qız-gəlin əsir götürüldü, girov düşdü. Bu isə erməni faşizminin törətdiyi Xocalı soyqırımının rəqəmlərdə ifadə olunmuş mənzərəsidir.
Həmin mənzərədə 613 nəfər Xocalı sakininin öldürüldüyü, 487 nəfərin şikəst olduğu, 1275 nəfər dinc sakinin - qocaların, uşaqların, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə və həqarətlərinə məruz qaldığı əks olunub.
Həmin faciədə səkkiz ailə bütövlükdə məhv edilib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Erməni qəddarlığının bariz nümunəsi odur ki, Xocalı soyqırımında öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Bu gün isə150 nəfərin taleyi hələ də məlum deyil... Və tarixi dəqiq araşdıranların gəldiyi qənaətə görə, Xocalı soyqırımı son 200 ildə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin ən qanlı səhifəsidir.
Bu soyqırımı heç kim unutmayıb və unutmyacaq da. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu faciənin beynəlxalq aləmdə yayılması və ona obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar da davam etdirilməlidir...
Bu gün çoxunun ürək edib baxa bilmədiyi, az müddətdə belə, tamaşa etməyə dözmədiyi həmin soyqırımın növbəti ildönümü yaxınlaşır. O soyqırımda həlak olanların, əsirlikdə saxlanılanların, taleyi müəmmalı qalanların, az qisim sağ qalanların belə hamısı Xocalı adlı faciənin dəhşətindən keçənlərdir. Onların hamısı qəhrəmandır. Onlar dünyada bütün qəhrəman adına layiq olanların ilk sırasında dayananlardır. Və bugünümüz üçün minnətdar olduğumuz kimi xarakterizə etdiyimiz qəhrəmanları insanlıq təkcə ilin bir günündə xatırlamır. O faciənin iştirakçıları, ağlasığmaz soyqırım qurbanları dünya durduqca xatırlanacaq, yaddaşlarda qalacaq.
Onun hər bir iştirakçısına yönələn erməni qəddarlığı soyumuzun qırılması üçün atılmışdı...
Və bu addımın hesabı da veriləcək, bütün ödənən hesablar kimi...
Nigar Orucova