Rusiyada Stalin terrorunu ifşa edən şəxs bu maddə ilə ittiham olunur

 

Rusiya İstintaq Komitəsi “Memorial” beynəlxalq cəmiyyətinin idarə heyətinin sədri Yan Raçinskini “Nasizmin reabilitasiyası” ilə bağlı maddə əsasında yoxlayır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Raçinskinin həmkarı, hüquq müdafiəçisi Aleksandr Çerkasov “Azadlıq” radiosu vasitəsilə məlumat yayıb.

Yoxlamaya əsas səbəb Raçinskinin 2021-ci ilin yanvar ayının sonunda Facebook-da yazdığı status olub. Burada hüquq müdafiəçisi İkinci Dünya Müharibəsinin başlanmasına görə həm Adolf Hitlerin, həm də İosif Stalinin məsuliyyət daşıdığını bildirib.

Putin rejimi dövründə Stalinin şəxsiyyətinə pərəstiş meylləri yenidən güclənib. Bu səbəbdən kommunist rəhbərə qarşı bu cür ittiham, görünür, hüquq-mühafizə orqanlarının xoşuna gəlməyib.

Rusiya Cinayət məcəlləsində "Nasizmin reabilitasiyası" maddəsi üzrə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Yan Raçinski 2018-ci ildə “Memorial” beynəlxalq cəmiyyətinin idarə heyətinə rəhbərlik edib.

Ötən ilin dekabrında Osloda Raçinski belaruslu hüquq müdafiəçisi Ales Belyatski və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatını alıb.

“Memorial” mərkəzi xüsusilə ötən əsrlin 30-50-ci illərində Stalin terroru qurbanlarına qarşı tətbiq edilən haqsız təqiblərin üzə çıxarılması ilə məşğul idi.

2021-ci ilin dekabrında Rusiya Ali Məhkəməsi öz qərarı ilə “Memorial” beynəlxalq cəmiyyətini ləğv edib. Eyni zamanda, “Memorial” İnsan Hüquqları Mərkəzinin fəaliyyəti Moskva Şəhər Məhkəməsinin qərarı əsasında yasaqlanıb. Hüquq müdafiəçiləri məhkəmələrin qərarlarına etiraz edə bilməyiblər.(musavat.com)

1.5381660461426