Avropa ölkəsində oğlanlara qoyulan ikinci ən populyar ad Məhəmməd olub

 

Avropa ölkələrinə Yaxın Şərqdən, Asiyanın İslam ölkələrindən miqrant axını özünü müxtəlif istiqamətlərdə göstərir. Niderlandda Məhəmməd ən populyar adlardan birinə çevrilib. Niderland Sosial Sığorta Bankının açıqladığı rəqəmlər belə deyir. Yeni statistikaya görə, 2022-ci ildə bu ölkədə yeni doğulmuş oğlanlara qoyulan ikinci ən populyar ad Məhəmməd olub.
Bizimyol.info xəbər verir ki, keçən il Niderlandda bu ada xüsusi ehtiyac duyulub. Ümumilikdə 671 körpə Məhəmməd adlandırılıb. Bu göstəriciyə görə İslam peyğəmbərinin ismi təkcə Noah adından geri qalıb. Cəmi 871 ailədə bu ada üstünlük veriblər. İş orasındadır ki, bu da “Nuh” anlamına gəlir. Yəni Niderlandda yaşayanlar əsasən peyğəmbər adlarını fərqləndiriblər.

Avropa ölkəsində ən populyar qız adı isə Emma olub. Körpələrdən 677-si belə adlanıb.

Məhəmməd adı təkcə Niderlandda populyarlaşmır, bütün dünyada belədir. Planetdə bu adı daşıyanların sayı 150 milyon nəfəri keçib. Məhəmməd dünyanın ən populyar adıdır. Niderlanddan başqa, Böyük Britaniyada, Norveçdə, Belçikada, Danimarkada da peyğəmbərin isminə müraciət edənlərin sayı çox artıb.

Əli, Əmir adları da 2022-ci ilin trendləri arasında yer alıb. Hətta Avropa ölkələrində də bu adlardan çox istifadə etməyə başlayıblar.

Qadın adları arasında dünyada Sofiyanın lider olduğu iddia edilir. Elə bir qitə yoxdur ki, bu addan istifadə olunmasın. Bəzən ad müxtəlif versiyalarda işlədilir.

Azərbaycanda 2022-ci ildə noyabra qədər oğlan uşaqlarına ən çox Uğur adının verildiyi açıqlanmışdı. Ölkədə 1647 körpə belə adlandırılmışdı. Maraqlıdır ki, Məhəmməd adı siyahıda yalnız beşinci yeri tutmuşdu. Uğurdan sonra daha çox Əli, Hüseyn, Yusif adlarına üstünlük verildiyi məlum olmuşdu.

Azərbaycanda qız uşaqlarına ən çox Zəhra adı verilib. Sonrakı yerləri Aylin, Zeynəb, Məryəm, Fatimə, Nilay və Mələk tutub.( Bizimyol.info)

1.0117340087891