Bakı metrosunda ÖLSƏN... - "2023-cü ildə işlər bu qaydada davam etdiriləcək"

 

Yanvarın 10-da səhər saatlarında 1965-ci il təvəllüdlü Xaqani Hüseynovun Bakı metrosunda vəfat etməsi sosial şəbəkələrdə müzakirələrə yol açdı. Bəzi istifadəçilər sərnişinin ölümünü Bakı metrosunda ilkin tibbi yardımın olmaması ilə əlaqələndirdilər. 

Bəs onların bu yanaşması nə dərəcədə doğrudur?

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Musavat.com-a bildirib ki, "Bakı Metropoliteni" sərnişindaşıma fəaliyyəti göstərən müəssisədir:

"Tibbi xidmətlə bağlı aidiyyəti üzrə peşəkar səviyyədə fəaliyyət göstərən qurumlar və təşkilatlar var. Qeyd etdiyiniz məsələ daha çox onların səlahiyyətləri çərçivəsindədir. Bununla belə, "Bakı Metropoliteni" ilə təcili tibbi yardım xidməti arasında operativ və birbaşa əlaqə mövcuddur. Bunun nəticəsində Metropolitendən daxil olan ilk müraciət əsasında ən yaxın təcili tibbi yardım stansiyasında aidiyyəti üzrə tibbi personal dərhal göndərilir. Bununla bağlı bu günə qədər hər hansı bir problemli vəziyyət və yaxud onların gecikməsi, buna bənzər hallar yaşanmayıb. Bu məsələ daim gündəmdə olmaq şərtilə monitorinqlər aparılır. Aidiyyəti qurumlarla "Bakı Metropoliteni"nin sıx əlaqəli fəaliyyəti də mövcuddur. Hər bir məsələnin fərdi olaraq və təbii ki, onların cəmi şəklində xüsusi qaydada təhlilləri, müzakirələri aparılır. Bu istiqamətdə zərurət yaranacağı təqdirdə aidiyyəti qurumlar inanıram ki, qərarlarını verə bilərlər. "Bakı Metropoliteni" də zərurət yaranarsa, belə məntəqələrin açılmasında öz dəstəyini göstərməyə hazırdır. Çünki bu məsələlər müxtəlif dövrlərdə diqqət mərkəzində saxlanılıb. 2023-cü ildə də işlər bu qayda ilə davam etdiriləcək. Ötən il ərzində "Bakı Metropoliteni"ndə 4 sərnişin dünyasını dəyişib. Bu, aidiyyəti qurumlar tərəfindən araşdırılıb və təbii ölüm faktı qeydə alınıb".

0.15463590621948