Rusiya Belarusa əlavə təyyarələr ötürür - Britaniya kəşfiyyatı

 

Rusiya Belarusa ümumilikdə 12 Mi-8 dəstək vertolyotu, Mi-24 və Ka-52 hücum helikopterlərini təhvil verib. Onların bəziləri üzərində “Z” işarəsi qoyularaq, Minsk yaxınlığındakı Maçulışçi aviabazasına enib.

Demokratikmusavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində Ukraynadakı vəziyyətlə bağlı hərbi kəşfiyyatın yanvarın 11-nə olan xülasəsində deyilir.

Orada vurğulanıb ki, Rusiya aviasiyasının Belarusda yeni yerləşdirilməsi çox güman ki, Ukraynaya qarşı hər hansı əlavə hücum əməliyyatına hazırlıq deyil, real təlimlərdir.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Belarusda çoxlu sayda hərbçi saxlasa da, onlar əsasən təlimlərdə iştirak edirlər. Onların etibarlı hücum qüvvəyi olması ehtimalı azdır.

Xatırladaq ki, yanvarın 8-də Belarus Müdafiə Nazirliyi 2023-cü il yanvarın 16-dan fevralın 1-dək ölkə ərazisində Rusiya-Belarus birgə uçuş-taktiki təlimlərinin keçiriləcəyini elan edib.

Yanvarın 8-də Rusiya daha bir eşelon hərbi texnikanı Belarusa köçürüb. Rusiya Federasiyası Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti ilə qatar saat 13:00-da Baranoviç-Poliski dəmir yolu stansiyasına gəlib. Ümumilikdə, eşelonda 30-a yaxın platformalı vaqon avadanlıq, 2 yük vaqonu sursat və avadanlıq, 2 sərnişin vaqonu isə 100 nəfərə yaxın heyət olub.

Həmçinin, Rusiya Federasiyası Belarus Respublikası silahlı qüvvələri ilə birgə uçuş və taktiki təlimlərinin keçirilməsi bəhanəsi ilə aviasiyasının Belarus ərazisinə köçürülməsini davam etdirir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi hələlik Belarusun Ukraynaya qarşı müharibəyə hazırlaşdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Onu da əlavə edək ki, Belarus ərazisində təlim keçən rus səfərbər əsgərlərinin bir hissəsi işğalçı ölkənin komandanlığı tərəfindən Ukraynanın şərqindəki “xüsusi əməliyyat” zonasına göndərilib. Əsgərlər aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrə köçürülür.

0.19262194633484