Qəzənfər Həmidoğlu:
Dekabrın 27-də “Le Monde” qəzetində Fransanın 11 siyasətçisinin prezident Emmanuel Makrona açıq məktubu dərc olunub. Məktubu sanki Karapet yazıb və 11 fransız altından imza atıb. Sağlı-sollu fransız siyasətçiləri gerçəkdən siyasi-diplomatik əndazəni aşıblar - Makronu Ermənistanı Fransa protektoratına götürməyə və Qarabağı ələ keçirmək üçün Azərbaycana soxulmağa çağırırlar. Məktub faktiki olaraq Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd çağırışıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi həmin məktuba bir gün sonra reaksiya verib və Fransa səfiri XİN-ə çağırılıb. XİN-in rəsmi saytında bu məlumat “No:610/22, Fransanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmasına dair mətbuat məlumatı” başlığı altında verilib: “28 dekabr 2022-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Görüş zamanı, Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub. Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib və orada əks olunmuş iddialar qətiyyətlə rədd edilib. Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb. Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb”.
Çox da dişli bəyanat deyil. Etiraz notasının məzmunu açıqlanmır. “Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması” XİN-i qayğılandırıb, amma xarici siyasət idarəsinin Parisdən nədən belə gözləntisinin olması anlaşılmır. Hər halda, Makron və ətrafının, eləcə də Fransa parlamentinin aşağı və yuxarısının türko fob və anti-Azərbaycan olması köhnə əhvalatdır.
“Le Monde” açıq məktuba yekə başlıq qoyub: “Emmanuel Makron mümkün olan hər şeyi etməlidir ki, Dağlıq Qarabağ ermənilərinin və Ermənistan Respublikasının təhlükəsizliyini qarantiya etsin”.
Yazıda deyilir: “Fikir ayrılıqları ilə yanaşı, fərqli cinahlardan 11 parlamentari və siyasi lider, o cümlədən Erik Çotti, Olivye For və Fabyen Russel “Sülh” forumunda Makronu Dağlıq Qarabağda ermənilərinin təhlükəsizliyini təmin etmək və düzəldilməsi daha sonra mümkün olmayacaq hadisənin qarşısını almaq üçün müdaxiləyə çağırırlar...Azərbaycan dekabrın 12-dən Artsax/ Dağlıq Qarabağın erməni əhalisinin yeganə çıxış yolu olan Laçın dəhlizini işğal edib və iri humanitar fəlakət təhlükəsi yaradıb... Hamı ondan danışır ki, Azərbaycan əldə etdikləri ilə yetərlənməyəcək və ən kiçik imkanlardan belə istifadə edərək etnik təmizləmə məqsədi ilə Dağlıq Qarabağın erməni əhalisini və Ermənistan Respublikasını sıxışdırmaq və qeyri-sabitlik yaratmaq üzrə manevrlərini davam etdirəcək...”
11 bədəməl fransız qəti əmindir ki, Azərbaycan “hərbi cinayət” törədir, “millətlərarası nifaqı qızışdırır”, “erməni mədəni irsini məhv edir”.
Ermənilərsə fransızlarla “dost xalqdır”, “Jorj Klemansonun (1841-1929) sözləri ilə desək, “Ermənistan – bizim qəhrəman balaca müttəfiqimizdir” və ermənilərlə Fransa arasında çoxəsrlik mədəni, siyasi və iqtisadi əlaqələr var:
“Ermənilər və Fransa – bu, Asiya və Yaxın Şərqə Jak Ker (1400-1456), kardinal Rişelye (1585-1642) və Kolberlə (1619-1683) ticarət yoludur, bizim tekstil sənayemizin inkişafıdır, Parisdə ilk kafedir, Süveyş kanalının tikintisidir, boyaqotu və ərik mədəniyyətidir, bizim xalqın şənliklərində akkordeondur.
Ermənilər və Fransa – bu, II Dünya savaşında bizim bayrağımız altında vuruşan Erməni legionudur, barbarlığa qarşı döyüçən Müqavimət qəhrəmanı Misak Manuşyandır (1906-1944). Nəhayət, bu, bizim böyük ədiblərimiz haqqında – Pyer Kornel, Jerar de Nerval, Jorj Sand və Lamartindən tutmuş, Viktir Hüqo və Şarl Peqiyə, Romen Rollandan Maks Jakob və Lui Araqona kimi yaddaşımızdır”.
Demək istəyirlər ki, Paris “balaca müttəfiqi” naminə Azərbaycanı tənbeh etməlidir. Məktubu imzalayıblar:
Erik Çotti – Fransa Respublika Partiyasının sədri,
Olivye For – deputat, Fransa Sosialist Patriyasının sədri,
Erve Marsel – senator, Demokratlar və Müstəqillərin Birləşmiş Partiyasının baş katibi,
Fabyen Russel – Fransa Kommunist Partiyasının baş katibi,
Kristian Kambo – Senatın xarici işlər və müdafiə üzrə komitə sədri,
Bruno Ratayo – Senatda respublikaçılar fraksiyasının sədri,
Elian Asassi – Senatda kommunstlərin fraksiyasının başçısı,
Giyom Qontar –Senatın ekologiya komitəsinin sədri,
Patrik Kanner – Senatda soialist-ekoloqlar fraksiyasının sədri,
Jilber-Lük Devinaz – Senatda Fransa-Ermənistan dostluq qrupunun sədri,
Pyer Uzuliya – senator.