Taksi xidmətinə görə əlavə pul tələb olunacaq? - Mərkəzi Bankdan cavab 

 

"Xarici təcrübədə də eyni problemlərin olduğunu görürük. Bu sahədə 1,4 milyon sığortalı var. Avtomobillərin zərərlilik göstəriciləri də eyni deyil. Təbii ki, sığortaçılar zərərliliyi yüksək olan avtomobillərin sığortasına könülsüz yanaşa bilərlər, amma qanunla icbari sığorta lisenziyası olan sığorta şirkəti avtomobili sığortalamaqdan imtina edə bilməz".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri APA TV-yə açıqlamasında Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, bir neçə dəfə media vasitəsilə müraciət edilib ki, əgər sığortaçı avtomobili icbari qaydada sığortalamaqdan imtina edərsə, bu barədə vətəndaş Mərkəzi Banka müraciət etməlidir və AMB də bununla bağlı tədbirlər görməlidir:

"Qaynar xəttə bununla bağlı müəyyən qədər müraciətlər olur, amma konkret yazılı müraciətlərə gəldikdə, son aylarda bu 10-dan az olub. Müddətlə bağlı isə onu deyə bilərəm ki, məhz bu məsələ xüsusi nəzarətə götürülüb. Müraciət daxil olduğu gün bir neçə dəqiqə ərzində məsələ ilə bağlı sığorta şirkətinə müraciət edilir, fakt araşdırılır, əksər hallarda həmin gün ərzində də vətəndaşın istədiyi sığortaçı tərəfindən avtomobilinin sığortalanması təmin edilir. Avtomobillərin icbari sığortası üzrə tətbiq edilən yeni qaydalar, xüsusilə də sığorta haqqının yeni qayda ilə hesablanmasının vəziyyəti dəyişəcəyini gözləyirdik.

Sığorta haqqını hesablayan zaman risk faktorlarını nəzərə aldığımıza görə, artıq hər bir avtomobil markası üzrə və sürücülük kateqoriyası üzrə zərərlilik səviyyələri də dəyişir. Sığortaçılar müəyyən bir müddətdən sonra bu zərərliliyi daha düzgün qiymətləndirmək imkanlarına malik olacaqlar. Bu da əvvəlki praktikanı avtomobillərin markasına və sürücülərin kateqoriyasına görə sığortalamağa münasibəti dəyişməlidir. Bu, bizim gözləntimizdir. Amma bu kifayət etməyə də bilər. Xüsusilə də bilirsiniz ki, kiçik mühərrikli avtomobillərin müəyyən bir hissəsi taksi fəaliyyəti üçün geniş istifadə edilir.

Xarici təcrübədə də görürük ki, taksi fəaliyyəti göstərən avtomobillər üzrə fərqli qaydada sığorta haqqı hesablanır. Yəni, taksi xidmətinə görə əlavə sığorta haqqı əmsalı müəyyən edilir. Hələlik taksilərin ümumi bir reyestri olmadığı üçün bu təcrübəni tətbiq edə bilmirik. Bu sistemin İcbari Sığorta Bürosuna inteqrasiyası lazımdır ki, sığorta polisi buraxılan zaman avtomobilin taksi fəaliyyəti göstərdiyi müəyyən edilsin və sığorta haqqı da buna uyğun hesablansın. Müvafiq dövlət qurumların taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirlər planlaşdırırlar. Bu tədbirlərin nəticəsində dediyimiz praktikanın tətbiqi imkanları mümkün olacaq.

Biz eyni zamanda elektron sığorta şəhadətnaməsinin buraxılması ilə bağlı yeni tələbləri gətirməyi planlaşdırırıq. Vətəndaş sığorta şəhadətnaməsini onlayn qayda almaq istəyərsə, bu, onlayn qaydada təmin edilməlidir. Vətəndaşın oturduğu məkandan onlayn qaydada sığortanı almaq üçün elektron imkanların yaradılması ilə bağlı tələblər müəyyən olunmasını düşünürük. Bu da sığorta şirkətlərinin intizamını müəyyən qədər artırmalıdır. Bütün bu tədbirlərin nəticəsində sizin qeyd etdiyiniz problemləri kökündən həll etmək mümkün olacaq".

0.14432787895203