"Vardanyan-Arutyunyan cütlüyünün quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır" - RƏY

 

"Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır və öz məkrli niyyətlərini həyata keçirməyə çalışır".

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov "Report"a deyib.

“Ermənistan hakimiyyəti, o cümlədən Xankəndidəki separatçı dəstənin başçıları öz ənənəvi xislətlərindən əl çəkmirlər. Əslində bunu ənənəvi erməni xisləti də adlandırmaq olar. Belə ki, bir tərəfdən Paşinyan rejimi Azərbaycanla sülh sazişi imzalanmasını müxtəlif bəhanələrlə uzadır və ərazilərimizdə hələ də silahlı dəstələrini saxlamaqda davam edir. Digər tərəfdən də Laçın-Xankəndi yolu açıq olsa da, quldur dəstəsi saxta böhran görüntusu yaratmaq üçün sadə insanların o yoldan istifadə etməsinə imkan vermir", - deputat bildirib.

V.İskəndərov qeyd edib ki, xaricdəki bəzi ermənpərəst güclər belə bir absurd iddia ilə çıxış edir ki, guya Xankəndidəki ermənilər blokadadırlar:

"Buna səbəb dekabrın 12-dən etibarən azərbaycanlı ekofəalların, ictimaiyyət nümayəndələrinin sülhməramlıların postu yaxınlığında keçirdikləri etiraz aksiyasıdır. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Özü də bu, tamamilə dinc aksiyadır. Aksiya iştirakçıları humanitar məqsədli yüklərin, avtomobillərin ərazidən keçməsinə hər cür şərait yaradırlar ki, bu da ermənilərin və onların xarici havadarlaırnın iddialarını tamamilə puç edir”.

Deputat vurğulayıb ki, aksiyanın 14-cü günündə Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb: “Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Göründüyü kimi, hər şey aydındır. Bu faktın özü separatçıların, Ermənistan hakimiyyətinin və xarici havadarların azərbaycanlıların guya Laçın yolunu bağladıqlarına və avtomobillərin buraxılmadığına dair məlumatlarının saxta olduğunu təsdiqləyir".

0.1262309551239