Fərqlənmək istəyi yoxsa, düşüncə kasadlığı? - RƏY

 

Ötən  gün toylarımızdan birində qeydə alınmış görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, toy zamanı gəlin şənlik zalına dekorativ narın içərisində daxil olub. Bunu fərqlilik adlandıranlar olsa da, göstəriş olduğunu deyərək tənqid edənlər də var.

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan sosioloq Sahib Altay bildirib ki, fərqlənmək istəyi bioloji instinkt statuslu bir məqsəddir:

“İnsan təbiətdəki digər canlılardan fərqli olaraq, bioloji olmasıyla yanaşı sosial canlıdır. İnsanın bütün davranışlarının bioloji olmaqla birlikdə həm də sosioloji kökləri var. Müxtəlif canlıların həyat tərzinin müşahidə olunması nəticəsində müəyyən nəticəyə gələn elmi tədiqatlar göstərir ki, fərqlənmək istəyi müxtəlif canlı sürülərində ortaya çıxan, bioloji instinkt statuslu bir məqsəddir. İnsan və cəmiyyətdə də bu xüsusu özünü göstərir; bioloji və sosioloji istiqamətlərdə.

Dünyanın nüfuzlu elm adamlarından birinin məhşur bir ifadəsi var: “Bütün sivilizasiyalardan sağ çıxan yeganə canlı kütlədir”.

Tarixin bütün dövrlərində bütün toplumlarda kütlə mövcud olub. Sadəcə ölkələr, toplumlar, mədəniyyətlər inkişaf tendendiyasına görə fərləndiyi kimi, kütlələr də aid olduqları mədəniyyətin inkişafı baxımından fərqlənirlər. 

Fərqlənmək əslində fərdi olaraq əksəriyyətin daxilində baş qaldıran bir istəkdir. Hər kəs bu məqsədə öz təfəkkürünə, düşüncə və həyat tərzinə görə xidmət edir, öz sosial-mənəvi imkanları çərçivəsində bu məqsədi reallaşdırır; biri intellektiylə, biri hansısa davranışıyla, digəri maddi imkanları, maşını, evi, geyimi hesabına”.

Mütəxəssisin sözlərinə görə, kütlənin fərqlənənləri tənqid etməsi cəmiyyətin  ənənənin xaricinə çıxanları qəbul etməməsindən qaynaqlanır:

“Kütlə təqlidçidir. Çoxluq hər zaman ənənənin təəssübünü çəkir. Kütlənin yenilik yaratmaq kimi bir dərdi yoxdur. O öz ənənəsinin doğru olduğuna inanır, ona qarşı gələnləri və ya ənənədən fərqli davrananları məsxərəyə qoyur. 

Məsələn, bizim kütlənin mühafizə edib, hətta kasıb adamların on il min bir zəhmətlə qazandıqları pulu bir gündə xərclədikləri bir ənənə var - toy ənənəsi. Toyun içərisində də kiçik ənənə elementləri var. Bəylə, gəlinin qol-qola girib toy mağarına daxil olması bir ənənədir. Çoxluq belə edir. Kütlə səbəbkarların toy şənliyinə daxil olmasının məhz bu tərzdə doğru olduğunu düşünür. Bunun əksinə olaraq, kimsə filin üzərində, plastik narın içərisində toy mağarına, restorana daxil olanda bu, kütlənin hiddətinə səbəb olur. Kimlərsə bunu edənləri təhqir edir, kimlərsə tənqid, kimlərsə məsxərə. Nəticədə kütlə adlana birlik ənənəyə zidd davranan, yenilik etmək istəyən azlığa qarşı öz neqativ münasibətini hansısa formada göstərir. Haqqında bəhs edilən görüntünün bu qədər müzakirə doğurmasının da səbəbi, bu görüntünün məhz ənənəyə zidd olmasıdır”.

S.Altay bəzi insanların dəbdəbəyə düşkün olmasının səbəblərini də izah edib:

“Dünyanın bütün ölkələrində hansısa formada dəbdəbəyə düşkün olan insanlar var. Biz və bizim statusumuzda olan ölkələrdə daha çoxdur. Bu da təbii ki, toplumun əksər insanının həyat fəlsəfəsi, həyata qarşı baxışıyla bağlıdır. 
Azərbaycan insanının həyat tərzi təqlidçiliyin üzərində qurulub. İnanc təqlidçi, mentalitet təqlidçi, ənənə təqlidçi. Təqlidçilikdə məna axtarışı, fərdiyyəçilik, şəxsi həyat və yeni tərz olmur. 

Ölkə insanlarının bir-birini təqlid etdiyi əsas sosial müstəvilərdən biri mentalitetdir ki, bu sistemin insanımıza təqdim etdiyi əsas iki ənənə -toy və yasdır. Hətta toplum insanının sosial kimlyi də bu ənənələr üzərindən formlaşır- “Xeyir-şər adamı”.

İnsanımızın dəbdəbə düşkünlüyü də daha çox toy adətinin timsalında özünü göstərir-bahalı cehizlər, qızıl-zinət əşyaları, böyük şadlıq sarayları, israfçı süfrələr və.s.
Ümumi anlamda bir toplumun dəbdəbəyə düşkünlüyü isə ümumi anlamda mədəni deqredasiyanın, düşüncə kasadlığının, təhsil və dünyagörüşü yoxsulluğunun nəticəsidir”,- deyə o söyləyib.

Billurə Yunus

 

0.12313914299011