Yeni fond startaplara 250 min dollara qədər investisiya yatıracaq

 

Azərbaycanda "Caucasus Ventures" adlı yeni vençur kapital fondu yaradılıb.

Demokratikmusavat.com xəbər verir ki,  bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz sosial hesabında paylaşıb. Onun sözlərinə görə, yeni fond startaplara 50-250 min dollar məbləğində investisiya yatıra biləcək:

"Adətən startapçılarımız tez-tez bizdən soruşurlar ki, investisiyanı haradan əldə etmək olar .
Nəhayət ki, belə bir Vençur fond bizdə də yarandı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İRİA Agentliyi, PAŞA Holding, özəl şirkətlər (RİSK, BESTCOMP, SİNAM) və bir neçə fərdi sahibkarın iştirakı ilə "Caucasus Venture" Fondu təsis edilib".

Qeyd edək ki, Fondun büdcəsi 11 milyon manatdır və ilkin inkişaf səviyyəsində olan 50-yədək startapları 5 il ərzində  maliyyələşdirməyi hədəfləyib. Məmməd Kərimov isə Fondun direktoru təyin edilib.

Ekspert bildirdi ki, bu məsələ ölkəmizdə təxminən 10 il ləngiyib: "Qonşu ölkələrdə bu tip çoxsaylı fondlar uzun müddətdir aktiv işləyir. Bildiyim qədər, RİNN, ASAN və KOBİA nə qədər çalışsalar da, ötən müddət ərzində vençur maliyyələşmə haqqında qanun layihəsini çıxara bilməyiblər. İstənilən halda, yeni qanunvericilik olmadan da RİNN və digər qurumların birləşərək belə fonda start verilməsi təqdirəlayiqdir".

Qeyd edək ki, startup.az portalında 120 milli startapımız qeydiyyatdan keçib, 74 startap Startap şəhadətnaməsi alıb.

Şahnaz Salehqızı
Demokratikmusavat.com

0.13044691085815