Deputat icra hakimiyyətini və nazirliyi sərt tənqid etdi: “…kömək istəyirəm”

 

“Bu günə qədər elm və təhsil nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, İmişli icra hakimiyyətinin fəaliyyətini tənqid edib: 

“Niyə insanların problemini həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrabama görə xahiş etmirəm ki. İmişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, təhsil naziri ilə danışmaq problemi yoxdur. Amma, neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası? Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olmur, əksinə, daha çətinə düşür. Düzdür, il yarım öncə hörmətli nazirdən bir dəfə bir kimsəsiz gənc xanımı xahiş etmişəm və onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Xahiş etdiklərim, əsasən təhsili olan kimsəsiz gənc xanımlardır. Çünki ya onların həyatını iş verməklə xilas edəcəksən, ya da onlar zalım dünyanın burulğanına düşüb məhv olacaqlar. Axı vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar?”

R.Nurullayev əlavə edib ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilir: “Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Bir də Bakı təhsil idarəsinin müdiri hörmətli Mehriban Vəliyeva ilə danışmaq və haqlı məsələləri həll etmək olur. Hər ikisinə təşəkkür edirəm. Elm və təhsil nazirliyini anlamaqda çox çətinlik çəkirəm, çox. Deyim ki, elmimiz və təhslimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.

Mürtəza
Demokratikmusavat.com

0.1376838684082