Kürdəmir sakinləri nədən şikayətlənir? - FOTO

 

 

Kürdəmir rayonunun Çərtəyəz kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kənddə bir neçə idarə və təşkilatın yerləşməsi burada nəqliyyat vasitələrinin intensiv hərəkətinə səbəb olub. Bununla yanaşı, kənd sakinlərinin həm kəndarası, həm də rayon mərkəzi ilə gediş-gəlişi çətinləşib.

Amma buna baxmayaraq, indiyədək kəndin yolunun asfaltla örtülməsi təşəbbüsü irəli sürülməyib. Kənd camaatı uzun illərdir bu çətinliklərlə yaşamaq məcburiyyətində qaldıqlarını söyləyiblər. Onlar deyir ki, bərbad vəziyyətə düşən yolun problemi kənd camaatının gündəlik həyatının kabusuna çevrilib.

Müşahidələrimiz zamanı məlum olub ki, Çərtəyəz kəndi rayon ərazisindən 25 km aralıda yerləşir. Bu yolun 21 km-lik hissəsi Ağsu-Kürdəmir-İmişli yolu, 4 km-lik hissəsi isə kənd yoludur. Kəndə gedən yol nə sovetlər dönəmində, nə də müstəqillik dövründə asfaltla döşənməyib. Buna görə də istər piyadalar, istərsə də sürücülər bu yolun xüsusən qış aylarında yararsız və keçilməz olduğundan çox əziyyətlər çəkdiyini bildirirlər.

“Demokratikmusavat.com" xəbər verir ki, sakinlər söyləyir ki, qışda palçıqdan, yayda isə toz-torpaqdan burada hərəkət etmək mümkün olmur. Yolda əmələ gələn çala-çuxurlar isə hərəkəti daha da çətinləşdirməklə yanaşı həm də nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına gətirib çıxarır. Buna görə də yolun nahamar olması və yoldakı çala-çuxurlar avtomobilləri idarə etməkdə sürücülərə çətin anlar yaşadır. Onlar hər dəfə rayon mərkəzinə gedib gəldikdən sonra avtomobillərində texniki nasazlıqlar yaranır və hər dəfə əlavə xərcə düşməli olurlar.

Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi onların səsinə haray verən olmayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən isə “Report”un yerli bürosuna bildirilib ki, Çərtəyəz kəndinin yolu dövlət proqramına salınıb: "2023-2024-cü illərdə rayonun bir neçə kəndinə asfalt örtüyünün salınması planlaşdırılıb və Çərtəyəz kənd yoluna da asfalt örtüyünün salınması nəzərdə tutulub".

 Demokratikmusavat.com

0.25408911705017