Əsəbiləşən İran yenə uranı zənginləşdirir

 

İran ABŞ, İngiltərə, Fransa və Almaniyanın rəhbərliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qəbul etdiyi qərara cavab olaraq Fordodakı nüvə obyektində uranı 60% saflıqda zənginləşdirməyə başlayıb.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İranın həmçinin bu nisbətdə zənginləşdirilmiş uranın miqdarını artırdığı bildirilib.

İran MAQATE-nin qərarına cavab olaraq Natanz və Fordodakı müəssisələrdə yeni sentrifuqa zəncirinin yaradılacağı, Fordodakı IR1 sentrifuqalarının uranı daha sürətli zənginləşdirə bilən yeni nəsil IR6 sentrifuqaları ilə əvəz ediləcəyi də bildirilib.

Xatırladaq ki, İranda MAQATE-yə bildirilməyən 3 yerdə nüvə tapıntılarının aşkarlanması və sözügedən nüvə tapıntıları ilə bağlı Tehran rəhbərliyinə ünvanlanan suallara cavab verilməməsi tərəflər arasında gərginliyə səbəb olub.

Qeyd edək ki, 2015-ci ildə İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya (5+) arasında imzalanmış nüvə sazişi Tehrana uranı 3.67% zənginləşdirilməyə icazə verir.
ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxmasından bir il sonra müqavilədəki öhdəliklərini dayandıran İran ilk dəfə 17 aprel 2020-ci ildə Natanzda uranı 60% saflıqda zənginləşdirdiyini açıqlamışdı.

Tehranın uranı 20% və 60% saflıqda zənginləşdirməsi Qərb ölkələrində narahatlıq yaradır. Çünki uranın 20% və ya daha çox zənginləşdirilməsi nüvə bombası əldə etməyə imkan verəcək parçalana bilən uranın 90% saflığına çatmaq üçün mühüm addım hesab olunur.

 

0.14215993881226