Dünya dərin böhran zəngini çalır: işsizlik, müflis milyonerlər - Azərbaycanı nə gözləyir? (VİDEO)

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropada enerji böhranını dərinləşdirməkdə davam edir. Belə ki, Rəsmi Moskvanın qitəyə təbii qaz tədarükünü kəskin azaltması Avropada bu qışın daha çətin keçəcəyindən xəbər verir. 

Digər tərəfdən enerji böhranı Avropa İttifaqı ölkələrinin emal sənayesinə güclü təsir etməklə qiymətlərin artmasına, onsuzda pandemiya nəticəsində yüksələn inflyasiyanı artırmağa yönəlib. Bu yöndə atılan addımlarmüsbət nəticə vermədi, bir çox kiçik və orta müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Avropada elektrik enerjisinin, təbii qazın qiymətlərinin yüksəlməsi burada istehsal olunan məhsulların maya dəyərini artırır.

Maraqlıdır ki, Britaniyanın "Daily Mail" qəzetinə danışan ekspertlər bu qışın çətin keçəcəyini düşünən insanlara "Gələn qışın daha çox pis olacağı" barədə xəbərdarlıq ediblər. Belə ki, bu qış qaz ehtiyatlarının tükənməsindən sonra 2024-cü il onları dolduracaq heç bir qaynağın olmayacağı iddia olunur.

Bütün bunların fonunda mühüm məsələlərdən biri də dünya iqtisadiyyatında artım tempinin azalacağı ilə bağlı gözləntilərdir. Pandemiya dövründə yaranan iqtisadi çətinliklərin qarşısının likvidlik bolluğu ilə alınması, hazırda isə artan inflyasiyanın qarşısını almaq məqsədilə uçot dərəcələrinin artırılması və enerji böhranı dünya iqtisadiyyatının kəskin daralacağı ilə bağlı proqnozları qüvvətləndirir.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qlobal resessiya riskinin artması barədə xəbərdarlıq edir, Almaniya, Fransa, Böyük Britaniya hökumətləri irihəcmli yardım proqramları həyata keçirməyə hazırlaşırlar. Həmçinin Standard&Poors beynəlxalq agentliyi 2023-cü ildə ABŞ-da iqtisadiyyatın 0,5% kiçiləcəyini proqnozlaşdırır, "JPMorgan Chase" CEO-su Ceymi Daymn isə ABŞ iqtisadiyyatının yaxın aylarda tam resessiyaya girəcəyini deyir.

İqtisadçı ekspert Natiq Cəfərlinin dili ilə desək, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı “sətəlcəm” olur. Bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik artacaq, böhran dərinləşəcək. Dünya təcrübəsi və tarixi onu deməyə əsas verir ki, belə böyük böhranlardan iri ölkələrin, şirkətlərin müflis olmadan, yüzmilyonlarla insan kasıblaşmadan çıxmaq mümkün deyil. “Allianz” sığorta qrupunun analitikləri isə 2022-ci ilin sonuna qədər dünya əhalisinin rifahının 10% aşağı düşəcəyini, yəni yoxsullaşmanın artacağını proqnozlaşdırıblar.

Bütün bədbin proqnozlar fonunda Azərbaycan iqtisadiyyatını nə gözlədiyi də maraq doğurur. Ekspertin sözlərinə görə, son vaxtlar Azərbaycan Avropanın enerji təminatında daha çox rol almağa başlasa da, çoxşaxəli iqtisadi modelə keçid sürətlənməlidir.

Könül

2.2064681053162