Son 5 ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 41 nəfər vergi orqanı əməkdaşının xidmətinə xitam verilib.
“Demokratikmusavat.com ” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov bildirib.
O həmçinin deyib ki, 33 əməkdaş barədə toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
"Korrupsiya ilə əlaqədar aşkar olunmuş hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir", - deyə o, qeyd edib.