Almaniyalılar Rusiyaya qarşı sanksiyalar əleyhinə aksiya keçirdi

 

Almaniyanın paytaxtı Berlində baş tutan “Öncə ölkəmiz“ adlı etiraz aksiyasında Avropa Birliyinin, eyni zamanda Birliyə daxil olan Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi saksiyaların dayandırılması tələb olunub.

Demokratikmusavat.com xəbər verir ki, Almaniya Parlamentinin (Bundestaq) önündə sosial tələblərlə bağlı təşkil olunan aksiyada minlərlə insan iştirak edib. Aksiyanın təşkilatçısı hazırda Almaniya parlamentində təmsil olunan, sağ yönlü “Almaniya üçün Alternativ” (AfD) partiyası olub.

Nümayişçilər “Öncə ölkəmiz”, “Soyuq otaqlar əvəzinə isti payız”, “Üşümək istəməyən silah verməsin”, “Şolz getməlidir”, “Müqavimət”, “Vətəni sevməyənlər getsin” və s. şüarlar səsləndiriblər.

AfD həmsədri Tino Çrupalla çıxışında Rusiyaya qarşı sanksiyaların ləğv olunmasını tələb edərək, Rusiyadan ucuz qaz alacaqları təqdirdə, qazın qiymətinin normallaşacağını bildirib.

İqtisadiyyat naziri Robert Habekin istefasını tələb edən Çrupalla, Habekin Rusiyaya qarşı iqtisadi müharibə elan etdiyini, zərərin isə sadə vətəndaşlara dəydiyini vurğulayıb.

“Yaşıllar Partiyası ölkənin kasıb və zəif olmasını istəyir. İqtisadiyyat naziri Habek bu xalqa qarşı müharibə elan edib. Almaniyada yoxsulluğun səviyyəsi hər gün durmadan artır. İnsanlar əvvəllər bir ay sonra nə edəcəklərini planlaşdırırdılarsa, indi sabah nə yeyəcəklərini düşünürlər. Bu hökumət dərhal istefa verməli, Rusiya ilə münasibətlər əvvəlki səviyyəyə qaytarılmalı, Ukraynaya silah verilməsi dayandırılmalıdır”- T.Çrupalla qeyd edib.

Polis aksiya iştirakçılarından bəzilərinin Rusiya bayrağı ilə meydana daxil olmasına icazə verməyib. Bəzi AfD üzvləri ilə aksiyanı işıqlandıran jurnalistlər arasında mübahisə yaranıb.

0.37204790115356