Vüsal Quliyev: “Vətən müharibəsində qələbə xalqımıza mənəvi üstünlük gətirdi”

 

“Vətən müharibəsində qələbə xalqımıza mənəvi üstünlük gətirdi”.

“Report”un məlumatına görə, bunu Biləsuvarda keçirilən ilk Zəfər forumunda Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib.

V.Quliyev qeyd edib ki, bu qələbə tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoydu:

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbə xalqımıza mənəvi üstünlük gətirdi. Burada Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümünü xüsusi ilə qeyd etmək lazımdır. Haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə - Ali Baş Komandana nəsib olmur”.

Məlumat üçün bildirək ki, bu gün Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz Ibrahimovun adını daşıyan Təhsil Kompleksində baş tutub ilk Zəfər Forumu keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Astara, Yardımlı və Cəbrayıl rayonlarını təmsil edən müharibə iştirakçıları, şəhid ailələri, rayon fəalları iştirak edib.

Forum Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı F. Qürbətov açaraq, ilk Zəfər forumunun Biləsuvarda keçirilməsinin əhəmiyyətini qeyd edib. Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi döyüş yolundan söhbət açıb.

Daha sonra Forumda iştirak edən rayonlardan gələn şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib, həmçinin hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Qeyd edək ki, növbəti Zəfər forumları Gəncə, Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

0.19576907157898