Moskva Qərbin Azərbaycan-Ermənistan sülh təşəbbüsündən narazıdır

 

“Rusiya vəziyyətin pozulmasına gətirib çıxaran təhlükəli geosiyasi intriqaların əleyhinədir”.

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.

O, çıxışı zamanı bildirib: "Biz nəzərəçarpacaq müsbət nəticələrə gətirib çıxaran səyləri dəstəkləməyə hazırıq və hamımız bilirik ki, müsbət nəticə, vəziyyətin sabitləşməsi nədir. Bu məqsədlə biz vasitəçi rolunu oynayırıq, tərəflər üçün hər şeyi etdik” .

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı Qərbin yanaşmasına gəlincə, o, bildirib ki, onlar kifayət qədər balanslı görünmür.

“Mən bəzi Qərb vasitəçilərinin rolu barədə danışmaq belə istəmirəm, çünki onları sülhün vasitəçiləri adlandırmaq mümkün deyil”, - deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibə verən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Cenevrədə sülh müqaviləsini müzakirə ediblər.

Bundan əlavə, Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin təşəbbüsü ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin birinci iclası çərçivəsində oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

0.15701508522034