“İranda etirazları, sadəcə, hicabla əlaqələndirmək olmaz” -MÜSAHİBƏ

 

İranda əxlaq polisinin 22 yaşlı Məhsa Əminini öldürməsindən sonra başlayan ümumxalq etirazları 19 gündür ki, davam edir. Qadınlar küçələrə çıxaraq hökumətin təzyiqlərinə qarşı baş örtüklərini yandırır, saçlarını kəsirlər. Artıq dördüncü gündür ki, ali təhsil ocaqları da tətil edirlər. Hazırda İran qadınları azadlıqları üçün çıxdıqları bu yolda dünyanın dörd bir yanından, beynəlxalq güclərdən dəstək görürlər. Mövcud hadisə fonunda onlarla insan qətlə yetirilib, yüzlərlə fəal həbs edilsə də, müqavimət qırılacaq kimi görünmür. Xalq bir əldən “Xameneiyə ölüm!” şüarı səsləndirərək din pərdəsi altında insanlara zülm verən bu rejimdən xilas olmağa çalışır. Görünən odur ki, nicat tapana kimi də dayanmayacaq. 

"Demokratikmusavat.com" xəbər verir ki, "Oxu.Az" İrandakı etirazlarla bağlı Azərbaycanlıların İnsan Haqlarının Müdafiəsi Təşkilatının idarə heyəti üzvü Şahin Xiyavi ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Şahin bəy, İranda əvvəllər də qətl hadisələri baş verib, rejimə qarşı etiraz aksiyaları keçirilib. Lakin bu gün baş verənlərin həcmi daha böyükdür. Sanki xalq artıq təngə gəlib. Sizcə, etirazlar sırf qadınlara qarşı tətbiq olunan məhdudiyyətlərlə bağlıdır, yoxsa başqa səbəblər də var?

- İranda etirazlar, əslində, Məhsa Əmininin öldürülməsi ilə başlasa da, məcburi baş örtüyünə qarşı əvvəldən bir hərəkat vardı. Lakin Məhsanın öldürülməsindən sonra İranın bütün şəhərlərində etirazlar başladı. Bu etirazları isə sadəcə hicabla əlaqələndirmək olmaz, çünki bunun təməlində iqtisadi, siyasi, ictimai problemlər dayanır.

İranda dini idarəetmə üsulu tətbiq edildikdən sonra günümüzə qədər xalqa qarşı çeşidli təzyiqlər göstərilib. İran insan hüquqlarının pozulmasına görə dünyada birinci yerdə dayanır. Ölənlərin, həbs edilənlərin sayı günü-gündən çoxalır. İnterneti kəsərək məlumatların yayılmasının qarşısını almağa çalışırlar, amma mümkün olmur. Bu gün etirazçılar daha çox gənclərdir. Artıq 15-16 yaşlılar da etiraza qatılıblar. Dalğa universitetlərə sıçrayıb. 

- Hökumətin etirazların qarşısını ala biləcəyini düşünürsünüzmü?

- Xeyr, əksinə, etirazların daha da genişlənəcəyi gözlənilir. Bütün İranı əhatə etdiyinə görə asanlıqla dayandırıla bilməz, son on ildə belə bir şey görməmişdik. İranın rəsmi mənbələrindən verilən məlumata görə, qüvvələr yorğun düşüb. Çünki xalqla ciddi şəkildə üz-üzə dayanıblar, insanlar fərdi azadlıqlarının məhdudlaşdırılmamasını istəyirlər. 

İran isə şiə bir hakimiyyət olaraq qadınların baş örtüyünü atmasını qəti şəkildə istəmir. Çünki belə olarsa, mollalar hakimiyyətdə qala bilməzlər. Buna görə də İran insanları öldürmək, ailələrə təzyiq göstərməklə hadisələrin qarşısını almağa çalışır, amma 18-19 gündür ki, istəyinə nail ola bilmir.

- Beynəlxalq təşkilatların, aparıcı dövlətlərin hazırkı gərginliyə münasibəti sizi qane edirmi?

- İran dini dəyərlərlə idarə olunan bir ölkədir, orada insan dəyəri deyə bir şey qalmayıb, fərqli metodlarla insanlara işgəncə göstərirlər. Təbrizdə bizim çox yaxın dostlarımızdan birini etiraz başladığı gündən tutublar. Həmçinin Zəncanda qadın hüquqları aktivisti Səfiyyə Qarabağlını həbs ediblər, Ərdəbildə min nəfərdən çox insan saxlanılıb. Onların 400 nəfəri gənc qız və oğlanlardır. Təbriz Universitetinin tələbələrinə atəş açıb öldürürlər. Azərbaycanlılara qarşı ikiqat təzyiq göstərirlər. Çünki Azərbaycandan qorxurlar. Hədis Nəcəfi adlı bir qadın vardı, onu da altı güllə ilə öldürdülər. Qəzvində, Zəncanda azyaşlı uşaqları qətlə yetirirlər. Bu gün insan hüquqlarının pozulmasıyla bağlı İrana beynəlxalq qurumlardan, dövlətlərdən təzyiqlər göstərilir, dəfələrlə İrandakı vəziyyət müzakirəyə çıxarılıb. Amma hazırkı hakimiyyət bunlara məhəl qoymur. Fikrimcə, bu etirazlardan sonra beynəlxalq qurumlar və dövlətlər ciddi şəkildə İrana təzyiqlər göstərəcəklər.

- Hadisələrin inkişafı hara gedir?

- Gənc nəsil liberaldır, azadlığına düşkündür, bu nəsil ömrünün sonuna qədər hakimiyyətin totalitar zehniyyətində, təzyiq altında yaşamaq istəmir. Gələcəklərini sığortalamaq istəyirlər. İranda əvvəlki inqilabda da gənclərin böyük rolu olmuşdu. İran bütün etirazçıları asıb öldürsə də, əvvəlki İran olmayacaq. Çünki etirazlar sistemə ciddi zərbə vurdu. Hakimiyyət bundan sonra ömrünü davam etdirmək istəyirsə, islahata getməlidir. İslahatla qadınların baş örtüyü məcburiyyətinin ləğv olunmasıyla bərabər, İranda “şübiyyə” dediyimiz zehniyyət çökəcək, onsuz da, dini dəyərlər çöküb. Ona görə də İranda bir çoxları öldürüsə belə, etirazlar bitməyəcək.

0.23642587661743