Bakının şərtlərini qəbul etməmək Ermənistanın şanslarını tükədir

 

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, yeni bir mərəhələyə qədəm qoyub. Bu, sülh sazişinin hazırlanması mərhələsidir. Sülh sazişi ilə bağlı artıq Bakının şərtləri ortadadır və təkcə İrəvan deyil, sülh danışıqlarında iştirak edən bütün tərəflər bundan xəbərdardır. Sülh danışıqlarında iştirak edən beynəlxalq güclər də Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşıb, qəbul edir. Hər iki ölkənin xarici işlər nazirlərinin Cenevrə görüşündə də sülhün ancaq və ancaq Bakının irəli sürdüyü şərtlər daxilində mümkün olacağı qeyd olunub.

Bunu artıq İrəvan da anlamaqdadır. Artıq İrəvanın başqa yolu qalmır. İrəvan onu da anlamağa başlayır ki, proses uzandıqca, ətrafındakı çəmbər daralmaqla daha pis şərtlərlə sülh sazişi imzalaya bilər. Odur ki, İrəvan açıq formada əvvəl irəli sürdüyü şərtlərdən tədricən geri çəkilməkdə və bunu açıqca dilə gətirməkdədir. Əgər İrəvan əvvəllər Qarabağ ermənilərinin status məsələsini qaldırırdısa, artıq bu məsələni təkid etmir. Paşinyan son müsahibəsində açıq etiraf etdi ki, heç bir beynəlxalq qurum və ya ölkə Qarabağı Azərbaycanın tərkibindən kənar subyekt kimi qəbul etmir. Digər tərəfdən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanda bəyan edib ki, İrəvan mövcud durumla hesablaşıb, sülh sazişini imzalmalıdır. Əks təqdirdə, itirən tərəf Ermənistan olacaq. Çünki qlobal müstəvidə dünyanın yenidən şəkilləndirilməsi prosesi elə sürətlə gedir ki, İrəvan “ofsayd” vəziyyətdə qala bilər. Proseslər heç də Ermənistanın xeyrinə olan istiqamətdə inkişaf etmir. Ona görə də İrəvan bu şəkilləndirmədən faydalanmaq istəyirsə, o zaman Bakının şərtləri daxilində sülh sazişini imzalama prosesini sürətləndirməlidir. Bu məsələ 31 avqust 2022-ci ildə Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən üçtərəfli görüşdə də müzakirə edilib. Tərəflər sülh sazişi üzərində işi sürətləndirmə və noyabr ayınadək ortaya bir sənəd qoyulması barədə razılığa gəliblər. Təəssüflər olsun ki, hər zaman olduğu kimi, İrəvanın destruktivliyi nəticəsində bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb. Lakin Cənubi Qafqazda marağı olan oyunçuların alternativ logistika və enerji təminatı istiqamətindəki mübarizəsi gücləndikcə Ermənistan əhəmiyyətsiz bir coğrafi məkana çevrilə və dövlətçilikləri sual altında qala bilər. Ermənistan bölgənin gələcək inkişaf perspektivlərindən fayadlanmaq istəyirsə, o zaman nə qədər gec deyil, İrəvan ərafındakı çəmbər daralmadan destruktiv fəaliyyətindən əl çəkib sülh sazişinin imzalanması istiqamətində əməli addımlar atmalıdır. Onsuz da Ermənistanın başqa çıxış yolu yoxdur. Əksi məhvə sürüklənməsi deməkdir.

Mürtəza Bünyadlı
Demokratikmusavat.com

0.1509211063385