“İranda baş verən son iğtişaşlar kütləvi olsa da, nə İran hakimiyyəti, nə də İran dövləti üçün təhlükə yaradır”.
"Demokratikmusavat.com" xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, baş verənlərdən çox da uzaqgedən nəticələr çıxarmağa dəyməz:
“Hakimiyyət hesab edir ki, baş verməli olmayan bir hadisə baş verib və əgər ortada bir cinayət varsa, o, araşdırılacaq. İranın az qala bütün ərazisinə yayılan aksiyaların iştirakçıları isə sadəcə qadınların geyim formasına olan tələblərin həddindən artıq sərt olmasına etiraz edirlər. Yəni hazırda məsələ bundan ibarətdir”.
Hikmət Babaoğlu bildirib ki, son günlər hakimiyyətə çağırış edən sabiq baş nazir Mir Hüseyn Musəvinin açıqlaması da ümumi əhval-ruhiyyədən heç nə ilə fərqlənmir:
“Sadəcə, polisi zorakılıqdan çəkinməyə, siyasiləri isə millətlə “əhdi-peymana” sadiq qalmağa çağırır. Belə məzmunda olan çağırışlar isə hadisələrin bundan sonrakı inkişafına heç bir keyfiyyət dəyişikliyi gətirə bilməz”.