K.Bayramov: Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir

 

Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının iki ili tamam oldu. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad  və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. 

Bu fikirləri “Demokratikmusavat.com ”a açıqlamasında Milli  Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, işğal zamanı 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixiğ abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.” Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir”- o qeyd edib.

Bayramov diqqətə çatdırıb ki, Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu, bir sözlə, unudulmaz günlərini yaşayır: “Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, müzəffər xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır.Bu mənada Cəbrayılın azad edilməsi xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.  Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Deputat əlavə edib ki, bütün bunlarla yanaşı  xüsusilə vurğulamaq istərdim ki,  “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması isə bütün regionun, o cümlədən, Cəbrayıl rayonunun inkişafı üçün olduqca önəmli hadisə kimi dəyərləndirilməlidir. Hazırda 200 hektarı əhatə edən böyük bir layihə, artıq, icra olunmaqdadır və  bunun üçün dövlətimiz tərəfindən ilkin maliyyə vəsaiti də ayrılıb. Sevindiricidir ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir və rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib”.

 Demokratikmusavat.com

0.40544819831848