Deputatdan ilginc AÇIQLAMA: “Onlar Qarabağdan getmək üçün bunu etməyə hazırdırlar”

 

“Araik Arutyunyanın “Azərbaycan-Qarabağ qarşıdurması” ifadəsi eynilə Azərbaycan-Şəmkir, Azərbaycan-Gəncə, Azərbaycan-Lənkəran və sair “qarşıdurmaları” kimi absurd ifadədir”. 
 
Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a Qarabağdakı terrorçuların başçısının son sərsəmləmələrinə münasibət bildirərkən söyləyib.
 
Deputatın sözlərinə görə, ola bilər Arutyunyan daha çox Ermənistanın içərisindəki praktikaya dayanaraq belə absurd fikirlər səsləndirir:
 
“Bilirsiniz ki, bir ara Zəngəzurdakılar mərkəzi hakimiyyəti qəbul etmirdilər və İrəvan-Zəngəzur qarşıdurması var. Amma Qarabağ böyük bir regiondur və Rusiya hərbi kontingentinin olduğu bölgə Qarabağın çox kiçik bir hissəsidir, bu, unudulmamalıdır. Belə bir qarşıdurma haqqında danışmağın özü belə absurddur. İkincisi, Araiki danışdıranlar var. Mən düşünmürəm ki, Araik kimilərini İrəvanda oturanlar danışdırırlar. Çünki İrəvanda oturanların özləri belə müstəqil adamlar deyillər. Onları danışdıranlar bir daha cənab Prezidentin Laçında səsləndirdiyi bəyanata diqqət yetirməlidirlər. Sentyabrın 13-də Ermənistanın növbəti hərbi təxribatının qarşısı alınarkən çox böyük dövlətlərin yüksək səviyyədə bəyanatları, telefon zəngləri və digər diplomatik kanallarla Ermənistana havadarlıq xarakterli addımları oldu.
 
Azərbaycan ordusu cənab Ali Baş Komandanın tapşırığına əsasən, beynəlxalq normalar nəyi təsbit edirsə, həmin beynəlxalq normalara dayanaraq o cür də hərəkət etdi. İndi isə əgər doğrudan da bunlar yenidən silahlanmaya, qarşıdurmaya cəhd edirlərsə, onların arxalarında duranlar anlamalıdırlar ki, onlar hansı əməliyyatı həyata keçirmək istəsə, Azərbaycan həmin əməliyyatı qarşı tərəfdən daha incəliyi ilə həyata keçirəcək. Onlar eyni əməliyyatı həyata keçirəndə nə qədər günahsız insanlar həlak ola bilər, onu diqqətə almırlar. Amma 44 günlük müharibə zamanı, sonrakı proseslər də göstərdi ki, bu, Azərbaycan üçün olduqca önəmli məsələdir və bu məsələdə başqa yanaşma ola bilməz”.
 
Sahib Alıyevin fikrincə, Araik Arutyunyan sadəcə uydurma bir rejimin qondarma lideri kimi yox, sırf terrorçubaşı kimi çıxış edir və təbii ki, bu çıxış ona çox baha başa gələcək:
 
“Rusiya hərbi kontingentinin orada olub-olmaması bizimçün önəmli əhəmiyyət kəsb etmir. Çünki Arutyunyanın son bəyanatı onu təsdiqləyir ki, oradakı separatçı ünsürlər, eyni zamanda Ermənistan rəhbərliyi Qarabağ məsələsinə insan haqları məsələsi kimi deyil, torpaq məsələsi kimi yanaşırlar. Fikir verirsinizmi, “Qarabağ-Azərbaycan qarşıdurması...” İnsan haqlarından, insanların təhlükəsizliyindən danışılmır, məhz konkret olaraq Qarabağın bir hissəsi Azərbaycana qarşı qoyulur. Təbii ki, beynəlxalq normalara əsaslanan, eyni zamanda onları buna həvəsləndirən dövlətlərin atdıqları addımlara dayanan təcrübə var. Azərbaycan da o təcrübədən onlardan daha peşəkarlıqla faydalanacaq, yerinə yetirəcək, bunu heç kəs unutmalı deyil”.
 
Qarabağdakı bəzi separatçı ünsürlərin ikili vətəndaşlıqla bağlı sərsəmləmələrinə gəldikdə, deputat bildirib ki, bunun baş tutması üçün Rusiya onların müstəqilliyini tanımalıdır:
 
“Tanıyacaqmı? Düşünmürəm. İkincisi, hətta tanıdığı halda belə onlara arzuladıqları ikili vətəndaşlığın verilməsi sual altındadır. Baxın, Rusiya separatçı Abxaziyanın “müstəqilliyini” tanıyıb, amma orada yaşayanlara ikili vətəndaşlıq vermir. Ümumiyyətlə, ikili vətəndaşlıqla bağlı səhv etmirəmsə, Rusiyanın ancaq Tacikistanla anlaşması var. Digər hallarda Rusiya ilə başqa bir ölkənin pasportunu daşıyanlar ikili vətəndaş yox, iki vətəndaşlığı olan şəxs sayılırlar və son zamanlar bu təcrübənin də aradan qaldırılmasıyla bağlı çağırışlar səslənir.
 
Qarabağdakı ünsürlərin arzuladıqları isə separatçı Cənubi Osetiyada yaşayanlar üçün tanınan “ikili vətəndaşlığı” əldə etməkdir. Bəli, Abxaziyadan fərqli olaraq bu il Cənubi Osetiyadakılar üçün ikili vətəndaşlığın yolu açıldı. Bunun da səbəbi odur ki, gələcəkdə Cənubi Osetiyanın Şimali Osetiyaya birləşdirilməsi düşünülür. Ancaq hələ Rusiyada “Şimali arsax” deyilən respublika olmadığından bizim “arsax”dakıların bu sarsaqlamaları Xudavəng monastırının əlində avtomat gəzdirən bir keşişi vardı, onunkuna bənzəyir. Həmin keşiş də 2 il bundan əvvəl deyirdi ki, əlində silah vuruşacaq və oradan heç hara rədd olub gedən deyil. Axtarıb görsünlər o, indi haradadır? 
 
Bir də maraqlıdır, bunlar şikayətlənirlər ki, Rusiyada qismən səfərbərlik elan ediləndən orduya çağırış zamanı əhalinin say nisbəti nəzərə alınmır, ruslara elə də toxunulmur, vətəndaşlığı olan hayların hamısı isə ucdantutma cəbhəyə göndərilir. Hətta misal da gətirirlər ki, Tuapsedə əhalinin cəmi 8,5 faizi haylar olduğu halda oradan səfərbərliyə cəlb edilənlərin 95 faizi onlardan təşkil olunub. Yəni hayları qəsdən ölümə göndərirlər. Halbuki, burada da qədim millət qədim ənənəsinə sadiq qalaraq saxtakarlığa yol verir. Çünki səfərbərliyə cəlb edilənlərin neçə faizi onlardır, dəqiq deyə bilmərəm, amma Tuapse əhalisinin 8,5 faizi yox, 2020-ci ilin rəsmi statistikasına görə, 20,99% haylardır. Sadəcə anlaşılmır ki, əgər bunlar Rusiyada belə ayrıseçkiliklə üzləşirlərsə, görəsən nədən oranın vətəndaşlığına can atırlar?
 
Buradan da görünür ki, separatçı ünsürlərin ikili vətəndaşlıqla bağlı sərsəmləmələri əlacsızlıqdan irəli gələn boşboğazlıqdır. Amma bununla yanaşı, onların bir hissəsi törətdikləri cinayətə görə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklərini yaxşı bildiklərindən Qarabağdan rədd olub getmək üçün hansı ölkənin istəsən vətəndaşlığını qəbul etməyə hazırdırlar, bir Ermənistandan başqa. Çünki Ermənistanın da gələcəyini qaranlıq görürlər və üstəlik, orada Qarabağ haylarına yaxşı yanaşılmadığını gözəl bilirlər”.

0.21652007102966