Pis vərdişlə mübarizə, yoxsa şüuraltı təbliğa? - "Nəzarətə götürülməlidir"

 

Videobloger Nail Kəmərlinin hazırladığı videolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  Onun yutub kanalında hər biri az qala yarım milyon və daha çox baxış toplayan videoların əsas mövzusu narkomaniya və oğru dünyasına aid insanların həyat hekayəsidir.

Əslində, bloger materialları ilə pis vərdişləri və neqativ halları tənqid edirmiş kimi görünsə də, bəziləri, xüsusilə yeniyetmələr arasında bu mövzulara maraq oyadıb.

Bir çox sosial şəbəkə istifadəçisi övladlarının bu videolardan sonra narkomaniya və oğru dünyasına marağının artdığını yazır.

Maraqlıdır ki, videonun müəyyən hissələri kəsilərək bir çoxları tərəfindən fəxrlə paylaşılır, qısa zamanda yüksək baxış sayına çatır.

Blogerin hazırladığı materialları iştaha ilə izləyib paylaşan insanlar olduğu kimi, onun işinin cəmiyyətə zərər vurduğunu düşünənlər də var. Çünki bəzi mütəxəssislər videoların təqdimat formasının tənqiddən daha çox baxışa və şüuraltı təbliğata işlədiyi qənaətindədir.

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan millət vəkili Elman Nəsirov bildirib ki, narkomaniya artıq ümumbəşəri bəlaya çevrilib.

“Rəqəmlər və faktların dili ilə danışsaq, hətta buna təəccüblənməməliyik. Məsələ ondadır ki, bugünkü dünyamızda çoxsaylı böyük qazanc gətirən sahələr var. Bunların içərisində 1-ci yerdə silah satışı, 2-ci yerdə narkotiklərin qeyri-qanuni dövriyyəsi və 3-cü yerdə isə insan alveridir.

Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə insan alveri özü də bir-biri ilə çulağalaşır və bu cinayətlər bir çox hallarda “əl-ələ tutub” irəliləyir. Deməli, o qədər narotik satılır ki, bunun da qazancı yüksək məbləğlərlə ölçülür. Və bu zəhərli maddə daha çox gənclərə satılır. Bu baxımdan narkotiklərin qeyri-qanuni yayılması, gənclərin narkomaniyaya cəlb edilməsi, qlobal bir problemə çevilib. Təəssüf ki, Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Bizdə də narkotiklə insanları zəhələyən şəxslər var.

Artıq narkotik vasitəsilərin əhatə dairəsi təkcə oğlanları yox, həm də qızları əhatə edir. Artım tendensiyası artıq həyəcan təbili çalmağa əsas verir”.

Deputatın sözlərinə görə, bu gün sosial şəbəkələrdə narkotiklərin ciddi təbliğatı aparılır: “Bu məsələdə məktəbə və valideynlərin üzərinə ciddi iş düşür. Valideyn bilməlidir ki, onun övladı kimlərlə oturub-durur, kimlərlə yoldaşlıq edir. Bunların hamısı nəzarətdə olmalıdır. Çünki indiki dünyamız çox təhlükəli olub. Eyni zamanda internet istifadəçilərini bu prosesə cəlb edə bilirlər. Sosial şəbəkələrdə elə kampaniyalar aparırlar ki, nəticə etibarı ilə şirnikləndirici rol oyanaya bilir. Bəzən narkotiklərə qaşı mübarizə adı altında həm də üstüörtülü və sətiraltı onun təbliği ilə bağlı proseslər də gedə bilir. Ona görə də hesab edirəm ki, bu istiqamət də ciddi nəzarətə götürülməlidir. Elə edilməlidir ki, bu bəladan canımızı qurata bilərik. Çünki əsas hədəf gənclərdir. Gənclər isə bizim gələcəyimizdir”.

E.Nəsirovun söyləyib ki, bu bəla ilə mübarizə prosesində 2 xətt paralel getməlidir:
“Bunlardan birincisi hüquq-mühafizə orqanlarının işidir. Onlar bunun üçün çox ciddi işlər görməlidirlər və görürlər.

Düşünürəm ki, təkcə zor dili ilə bu bəşəri bəlaya qalib gəlmək mümkün deyil. Həm də maarifləndirmə tədbirlərinə, məktəblərdə maarifləndirmənin təşkilinə böyük ehtiyac var.
Bu istiqamətdə ən mühüm işlərdən biri gənclərin idmana cəlb edilməsi ola bilər”.

Billurə Yunus

0.13326597213745