Erməni analitik: “Ermənistan uduzan tərəf kimi Bakının bu şərtləri ilə razılaşmalıdır”

 

“Qərb Bakı və İrəvanla aparılan danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin təcili həllində maraqlıdır. Bu halda Qarabağdakı sülhməramlılar, eləcə də Rusiyanın Ermənistandakı bazası regionu tərk edəcək. Bundan sonra enerji daşıyıcıları, o cümlədən Mərkəzi Asiyadan olanlar Avropaya sərbəst daxil olacaqlar ki, bu da onun Rusiyadan asılılığını azaldacaq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu erməni analitik Arqişti Kiviryan “News.am”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb yuxarıdakı problemləri nəyin bahasına olursa olsun, o cümlədən erməni maraqları hesabına həll etməyə hazırdır.

“Ermənistan uduzan tərəf kimi Bakının Qarabağa status verilməməsi şərtləri ilə razılaşmalıdır. Qərb İrəvanı Qarabağın Azərbaycanın tərkibində olmasına razı salmağa çalışacaq. Bu mənada Paşinyanın Qarabağ ermənilərinin təhlükəsizliyi istəyi təmin olunarsa, Ermənistanın Qarabağın istənilən statusu ilə razılaşdığı barədə bəyanatı diqqət çəkir. Bakının da buna getmək istəməməsi başqa məsələdir”, - Kiviryan əlavə edib. 

Moskvanın mövqeyinə gəldikdə isə ekspert bildirib ki, Kreml həm İrəvan, həm də Bakı ilə münasibətlərini qoruyub saxlamaq istəyir. 

“Münaqişənin tam həlli Moskvanın xeyrinə deyil. Məsələ həll olunarsa, o zaman Rusiya regionu tərk etməli olacaq. İndiki vəziyyətin onun xeyrinədir”, - o  qeyd edib.

Ekspert əlavə edib ki, bu baxımdan Moskva və İrəvanın maraqları üst-üstə düşür və sülh müqaviləsi Rusiyanın prioritet məsələlər siyahısına daxil edilməyib: “Bu prosesin sürətlənməsi həm Ermənistan, həm də onu sürətləndirməyə çalışanlar üçün təhlükəli ola bilər”.

O vurğulayıb ki, kommunikasiyalar məsələsi Ukrayna və dünyanın digər bölgələrindəki vəziyyətdən asılıdır.

“Azərbaycana hansısa yollar və keçid məntəqələri yox, Ermənistanın nəzarətində olmayan dəhliz lazımdır. Bakı bu barədə açıq danışır. Ermənistan dəhlizdən imtina etməklə hətta Türkiyə vilayətinə deyil, Azərbaycan bölgəsinə çevriləcək. Bu məsələdə subyektivliyini itirmiş İrəvanın əvəzinə Rusiya və İran hərəkət edir, çünki onlara dəhliz lazım deyil. Moskva dəhlizin onun nəzarətində olmasının əleyhinə deyil. İran da dəhliz üzərində nəzarət rıçaqlarına malik olmasında maraqlıdır”, - Kiviryan vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.27611899375916